İsveçli alimlər atların bədən dilini insan üçün anlaşılan formata çevirə bilən “Dessie” adlı süni zəka modelini hazırlayıblar. Bu həllin əsasında “machine learning” texnologiyaları və sintetik görüntülər dayanır.
Veterinarlar klinik müayinələr zamanı heyvanların verdikləri vizual siqnalları müşahidə etsələr də, bu üsul həmişə etibarlı olmur. “Dessie”nin məqsədi atın bədən dilini oxuyaraq problemi əvvəlcədən müəyyən etməkdir. Model işlədiyi zaman düz (ikiölçülü) görüntüləri real vaxtda üçölçülü formata çevirir və bu zaman atın forması, duruşu və hərəkəti əks olunur. Bu sadəcə vizuallaşdırma deyil, bədən dilinin ifadəli dilindən tərcümə cəhdidir. “Dessie” modeli hazırlanarkən faktorların ayrılması ilə öyrənmə üsulundan istifadə olunub. Ənənəvi modellərdə bütün məlumat - duruş, forma, fon, işıqlandırma - eyni axınla təqdim olunur, bu isə süni zəkanın çaşmasına və əsas obyekt olan ata diqqətini cəmləməsində çətinlik yaratmasına səbəb ola bilər.
“Dessie” tərəfindən yaradılan üçölçülü obyektlər yalnız yüksək detallılıqları ilə deyil, həm də etibarlılıqları ilə seçilirlər. Süni zəka tədqiqatçılara ətraf mühitdəki obyektlərə və işıqlandırmadakı fərqlərə diqqət yetirmədən hərəkət nümunələrini ayırd etməyə kömək edir.
Süni zəka modelinin işləməsi üçün yüksək keyfiyyətli kameralara və atın bədəninə markerlərin yerləşdirilməsinə ehtiyac yoxdur - sadə bir kamera və əsas video materiallar kifayətdir. Bu texnologiyadan bahalı vizuallaşdırma avadanlıqlarına çıxışı olmayan kənd klinikalarının əməkdaşları da istifadə edə bilərlər. Süni zəkanı “öyrətmək” üçün tədqiqatçılara böyük həcmdə vizual məlumat lazım olub. Müxtəlif cinslərə aid atların fərqli pozalarda və işıqlandırma şəraitində real görüntülərini toplamaq çətin olduğundan onlar “DessiePIPE” adlı sintetik məlumat generatorunu hazırlayıblar. Bu sistem müxtəlif cinslərin xüsusiyyətlərinə əsaslanaraq süni zəka tərəfindən yaradılmış üçölçülü modellər və teksturlar vasitəsilə sonsuz sayda at görüntüsü yarada bilir.
Atlar ağrı hissini yalnız təcrübəli baytarların görə biləcəkləri cüzi yeriş və poza dəyişiklikləri ilə ifadə edirlər. “Dessie” bu siqnalları obyektiv üçölçülü göstəricilərə çevirərək problemlərin erkən mərhələdə aşkar edilməsinə kömək edir. O, heyvanın duruş və hərəkətlərinə dair rəqəmsal qeyd yaradır ki, bu qeyd təkrar baxıla, zamanla izlənilə və digər klinikalara ötürülə bilər. “Dessie” atların analizi üçün yaradılıb, lakin sistemin arxitekturası o qədər çevikdir ki, oxşar digər heyvanlarla işləyərkən də yüksək keyfiyyətli nəticələr əldə etməyə imkan verir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”