İyunun 23-də Avropanı bürüyən ölümcül istilərin davam etməsi fonunda BMT-nin Baş katibi Antonio Quterreş dönməz zərərin qarşısını almaq üçün qazıntı yanacaqlarının yaratdığı iqlim dəyişikliyi ilə bağlı daha iddialı qlobal tədbirlər görülməsi üçün çağırış edib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin rəhbəri London İqlim Fəaliyyəti Həftəsindəki çıxışında dünyanın neftdən asılılığının həm iqlim fəlakətinə, həm də enerji suverenliyi böhranına səbəb olduğunu vurğulayıb. Sonuncu problem Hörmüz boğazında gəmiçilikdə böyük fasilələrlə və İran, İsrail və ABŞ-nin iştirak etdiyi müharibə ilə əlaqələndirilir.
“Bu böhranlar ayrı məsələlər kimi görünə bilər, lakin onların eyni dağıdıcı mənşəyi var: qazıntı yanacaqları. Bu kontekstdə eyni tədbirlər tələb olunur: təmiz enerjiyə sürətli və ədalətli keçid, iqlim zərəri ilə üzləşənlər üçün adaptasiya, dayanıqlıq və iqlim ədalətində artım”, - deyə A. Quterreş siyasi liderliyi qurğuşunlu benzinin tədricən istifadəsindən imtina etmək və ozon təbəqəsində dəlik yaradan kimyəvi maddələri qadağan etmək tələbinə bənzər qlobal dəyişikliklərə təşviq etməyə çağırarkən bildirib.
O BMT-nin enerji müstəqilliyi planının təqdim edib. Buraya tullantıları sürətlə azaltmaq, emissiyaların və metan çirklənməsinin qarşısını almaq üçün qlobal səylər də daxil olmaqla 2050-ci ilə qədər xalis sıfır tullantı təklifləri daxildir.
Baş katibin sözlərinə görə, təmiz enerjiyə keçidi sürətləndirmək, bərpaolunan enerji mənbələrinin artımını davam etdirmək, qazıntı yanacağı layihələri üçün subsidiyaları dayandırmaq və həssas icmaları dəstəkləmək üçün mədən yanacağı mənfəətindən əlavə vergi tutulmalıdır.
Planda, həmçinin qeyd olunub ki, əsas süni intellekt şirkətləri data mərkəzlərinin ətraf mühitə təsirini açıqlamalı və 2030-cu ilə qədər onları bərpaolunan enerji ilə təmin etməlidir.
Daha bir müddəa iqlim müqavimətini artırmaq, iqlim təsirlərinə ən çox həssas olan insanları qorumaq üçün uyğunlaşma, erkən xəbərdarlıq sistemləri və digər tədbirlərə investisiyalar qoymaqdır.
Baş katib deyib: “İqlim böhranı həddindən artıq isti sularda yaşaya bilməyən mərcan riflərinə ciddi ziyan vurur, sahil xətlərini yenidən formalaşdırmaq və milyonlarla insanın yerini dəyişmək təhlükəsi yaradan əriyən buz təbəqələri planetimizə təhlükə yaradır, bəzi kiçik ada ölkələrinin dalğalar altında yox ola biləcəyi ehtimalı reallığa çevrilir”.
A. Quterreş bildirib ki, bu ekzistensial ssenari ilə qarşılaşdıqda, qarşıda duran vəzifə həddindən artıq istiliyi ciddi şəkildə məhdudlaşdırmaq, onun müddətini qısaltmaq və temperaturu mümkün qədər tez 1,5 dərəcə Selsidən aşağı salmaqdır.
BMT-nin Baş katibi Yaxın Şərq böhranının 1970-ci illərdəki neft böhranı və Rusiyanın Ukraynaya tammiqyaslı işğalı ilə müqayisə edilə bilən “bütün enerji şoklarının anasını” ortaya çıxardığını qeyd edib.
Yaxın Şərq müharibəsi yüksək sənayeləşmiş ölkələr üçün nə qədər zərərli olsa da, BMT-nin Baş katibi inkişaf etməkdə olan ölkələrin daha da ağır zərbə aldığını bildirib. O, London auditoriyasına səslənib: “Bu, borc şoku, qida şoku, inkişaf şokudur”.
Nikbinlik üçün əsasın olduğunu da qeyd edən Baş katib vurğulayıb: “Xoş xəbər budur ki, keçmişdəki hər bir enerji böhranından fərqli olaraq, indi bizim aydın bir çıxış yolumuz, təmiz bir çıxış yolumuz var. Bu, bərpaolunan enerji mənbələridir”. O, qeyd edib ki, 2010-cu ildən bəri Günəş enerjisinin dəyəri təxminən 90 faiz, külək enerjisinin qiyməti 70 faizdən çox azalıb.
A. Quterreş bildirib ki, bərpaolunan enerji mənbələri ABŞ, Aİ və Yaponiyanın illik karbon qazı tullantılarının ümumi miqdarından daha çoxunu aradan qaldırıb. Onun sözlərinə görə, təmiz enerji investisiyaları hazırda qazıntı yanacaqlarından təxminən iki dəfə çoxdur. “Günəş işığına və küləyə heç bir embarqo yoxdur”, - deyə o vurğulayıb.