Müasir tibbin ən böyük nailiyyətlərindən biri hesab olunan antibiotiklər milyonlarla insanın həyatını xilas edib, vaxtilə ölümcül sayılan bir çox bakterial infeksiyanın müalicəsini mümkün edib. Lakin bu gün bəşəriyyət həmin mühüm tibbi nailiyyətin təsir gücünü itirmək təhlükəsi ilə üz-üzədir. Antibiotiklərdən nəzarətsiz, əsassız və yanlış istifadə nəticəsində bakteriyaların bu dərmanlara qarşı davamlılığı artır.
Artıq bəzi infeksiyaların müalicəsi əvvəlkindən daha çətin, uzunmüddətli və baha başa gəlir. Dünya Səhiyyə Təşkilatı antimikrob rezistentliyi qlobal ictimai sağlamlıq üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, lazımi tədbirlər görülməzsə, gələcəkdə adi bakterial infeksiyalar belə insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər.
Hər il noyabrın 18-24-də dünyada Dünya Antimikrob Rezistentlik barədə Maarifləndirmə Həftəsi qeyd olunur. Əvvəllər Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi kimi tanınan bu təşəbbüsün əsas məqsədi antibiotiklərdən və digər antimikrob preparatlardan məsuliyyətli istifadəni təşviq etmək, dərmanlara davamlı infeksiyaların yayılmasının qarşısını almaq və əhalinin məlumatlılığını artırmaqdır. Həftə çərçivəsində səhiyyə işçilərinə, əczaçılara, dövlət qurumlarına və vətəndaşlara müraciət edilərək antimikrob rezistentliklə mübarizənin hər kəsin məsuliyyəti olduğu xatırladılır.
Antibiotiklərin əsas xüsusiyyəti onların bakteriyaların yaratdığı infeksiyalara qarşı təsir göstərməsidir. Bu preparatlar bakteriyaları məhv edir və ya onların çoxalmasını dayandırır. Lakin cəmiyyətdə antibiotiklərin istənilən infeksion xəstəliyin müalicəsində faydalı olması barədə yanlış təsəvvür mövcuddur. Xüsusilə payız-qış mövsümündə soyuqdəymə, qrip, burun axması, öskürək və boğaz ağrısı zamanı həkim məsləhəti olmadan antibiotik qəbul edən insanların sayı az deyil. Halbuki bu xəstəliklərin böyük hissəsi viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara qarşı təsirsizdir. Onların virus infeksiyalarında əsassız istifadəsi sağalma prosesini sürətləndirmir, əksinə, əlavə sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
Antibiotiklərin kəşfi tibbdə əsl dönüş nöqtəsi olub. 1928-ci ildə Aleksandr Fleminqin penisilini kəşf etməsi sonradan bakterial infeksiyaların müalicəsində yeni dövrün başlanmasına şərait yaradıb. Antibiotiklərin geniş istifadəyə verilməsi pnevmoniya, meningit, sepsis və digər ağır bakterial xəstəliklərdən ölüm hallarının azalmasında mühüm rol oynayıb. Cərrahi əməliyyatların, orqan transplantasiyasının, onkoloji müalicələrin və vaxtından əvvəl doğulmuş körpələrə göstərilən tibbi yardımın təhlükəsizliyi də müəyyən dərəcədə effektiv antibiotiklərin mövcudluğundan asılıdır. Bu səbəbdən antibiotiklərə qarşı davamlılığın artması yalnız infeksion xəstəliklərin müalicəsini deyil, bütövlükdə müasir səhiyyə sisteminin imkanlarını təhlükə altına alır.
Antibiotiklərə qarşı davamlılıq bakteriyaların zamanla dəyişərək əvvəllər onları məhv edən dərmanların təsirindən qorunmaq qabiliyyəti qazanmasıdır. Bu proses təbiətdə də baş verə bilər, lakin antibiotiklərin həddindən artıq və düzgün olmayan istifadəsi onun sürətlənməsinə şərait yaradır. Məsələn, insan antibiotiki ehtiyac olmadığı halda qəbul etdikdə həmin dərmana həssas bakteriyalar məhv ola, davamlı bakteriyalar isə sağ qalaraq çoxala bilər. Nəticədə gələcəkdə yaranan bakterial infeksiyanın müalicəsində əvvəllər effektiv olan preparat kifayət qədər təsir göstərməyə bilər. Burada vacib məqam odur ki, antibiotikə qarşı davamlılıq insan orqanizmində deyil, bakteriyalarda formalaşır. Həmin davamlı bakteriyalar insanlar arasında yayıla və başqalarının müalicəsini də çətinləşdirə bilər.
Problemin miqyasını beynəlxalq elmi araşdırmalar da təsdiqləyir. 2024-cü ildə "The Lancet" jurnalında dərc olunmuş genişmiqyaslı tədqiqata əsasən, 2021-ci ildə dünyada təxminən 1,14 milyon ölüm birbaşa bakterial antimikrob rezistentliklə əlaqələndirilib. Həmin il 4,71 milyon ölüm hadisəsində isə bu problemin müəyyən rolu olduğu hesablanıb. Tədqiqatçıların proqnozlarına görə, mövcud tendensiyalar davam edərsə, 2050-ci ildə bakterial antimikrob rezistentliklə birbaşa əlaqəli illik ölüm hallarının sayı 1,91 milyona çata bilər. Bu rəqəmlər antibiotiklərdən düzgün istifadənin yalnız fərdi sağlamlıq məsələsi olmadığını, həm də qlobal miqyasda həyati əhəmiyyət daşıdığını göstərir.
Antibiotiklərdən düzgün istifadənin ən mühüm şərti onların yalnız tibbi göstəriş əsasında qəbul edilməsidir. Xəstəliyin bakterial və ya virus mənşəli olduğunu müəyyənləşdirmək üçün bəzən həkim müayinəsi ilə yanaşı, laborator analizlərə də ehtiyac yaranır. Bəzi hallarda bakterial infeksiyanın törədicisini və onun hansı antibiotikə həssas olduğunu müəyyən etmək məqsədilə mikrobioloji müayinələr aparılır. Bu yanaşma daha məqsədyönlü müalicə seçməyə, lazımsız dərman istifadəsini azaltmağa və rezistentliyin inkişaf riskini məhdudlaşdırmağa kömək edir. Hərarətin yüksəlməsi və ya boğazda ağrının olması isə özlüyündə antibiotik qəbuluna əsas vermir.
Dərmanın dozası, qəbul müddəti və istifadə qaydası da müalicənin effektivliyində mühüm rol oynayır. Antibiotiki həkimin təyin etdiyi dozadan az və ya çox qəbul etmək, qəbul vaxtlarını özbaşına dəyişmək, yaxud müalicəni həkimlə məsləhətləşmədən dayandırmaq düzgün deyil. Eyni zamanda antibiotik müalicəsinin hər zaman uzunmüddətli olması barədə təsəvvür də yanlışdır. Müxtəlif infeksiyalar üçün elmi sübutlara əsaslanan fərqli müalicə müddətləri mövcuddur. Bəzi xəstəliklərdə qısa kurslar kifayət edir. Buna görə əsas prinsip dərmanı nə qədər çox qəbul etmək deyil, konkret infeksiya üçün müəyyənləşdirilmiş düzgün müalicə sxeminə əməl etməkdir.
Əhali arasında geniş yayılmış təhlükəli vərdişlərdən biri də əvvəlki xəstəlikdən qalan antibiotikləri sonradan yenidən istifadə etməkdir. Bəzən insanlar oxşar əlamətləri olan xəstəliklərin eyni dərmanla müalicə ediləcəyini düşünürlər. Halbuki eyni simptomlar müxtəlif səbəblərdən yarana bilər. Bir insana təyin olunmuş antibiotik digər şəxs üçün uyğun olmaya bilər. Xüsusilə uşaqlarda, hamilələrdə, yaşlılarda, böyrək və qaraciyər xəstəlikləri olan insanlarda dərman seçimi xüsusi diqqət tələb edir. Antibiotiklərin allergik reaksiyalar, ürəkbulanma, ishal və digər əlavə təsirlər yaratması da mümkündür. Bəzi preparatlar bağırsaq mikrobiotasının tarazlığını pozaraq müəyyən infeksiyaların inkişaf riskini artıra bilər.
Antibiotiklərdən düzgün istifadə məsələsi heyvandarlıq, kənd təsərrüfatı və ətraf mühitlə də sıx bağlıdır. Heyvanlarda antimikrob preparatların əsassız tətbiqi davamlı bakteriyaların yaranmasına və yayılmasına şərait yarada bilər. Belə mikroorqanizmlər qida məhsulları, su və ətraf mühit vasitəsilə insanlara keçə bilər. Buna görə də Dünya Səhiyyə Təşkilatı insan, heyvan və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsini nəzərdə tutan "Vahid sağlamlıq" yanaşmasını dəstəkləyir. 2026-cı ilin 18-24 noyabr tarixlərində keçirilən maarifləndirmə həftəsinin əsas mövzusu da "Vahid sağlamlıq, vahid fəaliyyət: Antimikrob rezistentliyin qarşısını indi alaq!" çağırışıdır. Bu təşəbbüs müxtəlif sahələrin birgə fəaliyyətinin vacibliyini ön plana çıxarır.
Mütəxəssislər hesab edirlər ki, antibiotiklərə qarşı davamlılığın qarşısını almağın ən səmərəli yollarından biri infeksiyaların yayılmasını azaltmaqdır. Bunun üçün şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi yumaq, təhlükəsiz içməli sudan istifadə etmək, qidaları düzgün hazırlamaq və tövsiyə olunan peyvəndləri vaxtında etdirmək mühüm əhəmiyyət daşıyır. Peyvəndlər müəyyən bakterial və virus infeksiyalarının qarşısını almaqla antibiotiklərə ehtiyacı da azalda bilər. Eyni zamanda insanların antibiotikləri ehtiyat üçün qəbul etməsi və ya hər xəstəlik zamanı daha güclü dərman tələb etməsi kimi yanlış yanaşmaların dəyişdirilməsi vacibdir. Antibiotiklərin gələcək nəsillər üçün effektivliyini qorumaq bu gün verilən qərarlardan asılıdır. Hər bir insan bilməlidir ki, antibiotik adi ağrıkəsici və ya hərarətsalıcı vasitə deyil. Onun istifadəsi konkret tibbi göstərişə əsaslanmalıdır. Bu gün məsuliyyətlə istifadə etdiyimiz hər bir antibiotik sabah başqa bir insanın həyatını xilas etmək imkanını qoruyub saxlaya bilər.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"