Bəzən bir neçə saniyəlik video insanın uzun illər boyu yaratdığı obrazın üzərinə kölgə salır. Bəzən bir baxış, bir sərt söz, bir anlıq qəzəb minlərlə sual doğurur... Bu dəfə diqqət mərkəzində illərin səsini, mahnılarının kədərini və səhnələrin gur işıqlarını arxada qoymayan Alla Puqaçovadır.
Məşhur müğənni Kiprdə jurnalistlə yaşadığı qalmaqalla bağlı səssizliyini pozub. Şəxsi bloqunda paylaşım edən sənətçi yayılan görüntülərə münasibət bildirib. Bu barədə “İzvestiya” qəzeti yazıb. Yeddi ay əvvəl - martın 7-də NTV telekanalı Puqaçovanın Kiprin Limasol şəhərindəki küçələrdən birində jurnalistlə mübahisəsini əks etdirən videonu yayımlayıb. Kadrlarda qəzəbli görünən müğənninin media nümayəndəsinə doğru irəlilədiyi, jurnalistin isə ucadan “mənə hücum etməyin” deyə səsləndiyi görünür.
Görüntülərin sonunda Alla Borisovna özünü “vətənpərvər”, jurnalisti isə “həyasız” və “axmaq” adlandırır. Bir vaxtlar milyonların qəlbinə mahnıları ilə yol tapan sənətkarın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lakin Puqaçovanın sonrakı paylaşımında başqa bir ovqat duyulub. O, jurnalistə ironik çalarlarla “gözəl fotosessiyaya görə” təşəkkür edib və yaşına meydan oxuyan sözlər yazıb: “75 yaşımda belə makiyajsız da şirin, təravətli və gənc görünə bildiyimi dərk etmək xoşdur”. Müğənni paylaşımına eynəkdə çəkdirdiyi selfini və mübahisəli videodan götürülmüş iki ekran görüntüsünü də əlavə edib. Beləcə, qalmaqallı anın ardınca özünəməxsus yumor və istehza ilə dolu bir cavab gəlib...
Hər kəsin öz həqiqəti, hər susqunluğun öz hekayəsi var...
Puqaçovanın da həyatı illərdir dəyişən ölkələrin, yarımçıq qalan xatirələrin və geridə buraxılan bir dövrün kölgəsində davam edir. Bir zamanlar səhnədən səslənən mahnılarında sevgi, ayrılıq və həsrət vardı. İndi isə onun adı tez-tez qalmaqallar, mübahisələr və keçmişlə bağlı müzakirələrlə gündəmə gəlir.
Daha əvvəl ABN24 Puqaçovanın İsrailə köçdüyünü və Rusiyada böyük sərvətini geridə qoyduğunu yazmışdı. Sonradan isə müğənninin bəzi əmlakını Rusiyadan çıxarmağa cəhd etdiyi barədə məlumatlar yayılmışdı.
Bəlkə də həyatın ən qəribə tərəfi budur: illər keçir, səhnələrin işıqları sönür, alqışların səsi uzaqlaşır, amma insanın adı, sözləri və keçmişi onunla birgə addımlamağa davam edir... Və bəzən bütün bu səs-küyün içində adama yalnız həzin bir mahnı qalır - keçmişi xatırladan, ayrılığı pıçıldayan, zamanın heç kimi gözləmədiyini xatırladan bir mahnı.
Çünki bəzi hekayələr bitmir. Sadəcə, onların musiqisi dəyişir.
Züleyxa ƏLİYEVA.
“Azərbaycan