Stanford Universitetinin alimləri insanın qocalma prosesinin iki əsas zirvə nöqtəsini müəyyən ediblər: 44 və 60 yaş. Bu tapıntılar “Nature Aging” elmi jurnalında dərc olunub və bədənimizin əvvəlki tədqiqatlardan fərqli olaraq daha ani və dramatik dəyişikliklərə məruz qaldığını ortaya qoyub.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, tədqiqat qrupunun rəhbərlərindən biri, professor Maykl Snayder yaşlanma prosesinin yalnız tədrici dəyişikliklərdən ibarət olmadığını vurğulayıb: “Biz zamanla tədricən dəyişmirik. Həqiqətən də dramatik dəyişikliklər var. Molekulyar səviyyədə dəyişikliklər, xüsusilə, 40 yaşın ortaları və 60 yaşın əvvəllərində daha çox müşahidə olunur. Bu, fərqli molekulyar siniflərdə – RNT, zülallar, metabolitlər və mikrobiom – genişmiqyaslı dəyişiklikləri əhatə edir”.
Tədqiqatda 25-75 yaş arası 108 iştirakçıdan götürülmüş qan və bioloji nümunələr analiz olunub. Bu nümunələrdən 135 mindən çox molekul və mikroorqanizm izlənilib, yaşlanma ilə bağlı dəyişikliklərin xəritəsi çəkilib. Ümumilikdə, 250 milyard məlumat nöqtəsi analiz edilib və nəticələr göstərib ki, molekulların 81 faizi 44 və 60 yaşda əhəmiyyətli dəyişikliklərə məruz qalır. Tədqiqatın nəticələri yaşlanmanın müxtəlif aspektlərinə yeni baxış gətirib.
44 yaşda baş verən dəyişikliklər:
Molekulyar səviyyədə sürpriz olaraq qadın və kişilərdə eyni vaxtda baş verən dəyişikliklər müşahidə olunub. Əvvəlcə qadınlarda menopoz ilə əlaqəli olduğu düşünülən bu dəyişikliklərin kişilərdə də eyni dərəcədə baş verdiyi təsbit olunub. Bu, digər potensial amillərin əhəmiyyətini vurğulayır.
60 yaşda baş verən dəyişikliklər:
İmmunitet funksiyasının zəifləməsi, xroniki xəstəliklərin artması və yaşa bağlı digər proseslərlə üst-üstə düşür.
Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, dəri və əzələ funksiyaları kimi aspektlərdə də molekulyar dəyişikliklər öz əksini tapır. Tapıntılar yaşlanma ilə bağlı xəstəliklərin – məsələn, ürək-damar xəstəlikləri və Alzheimerin niyə birdən ortaya çıxdığını izah etməyə kömək edir. Professor Maykl Snayder bu məlumatların erkən müdaxilə üçün istifadə edilə biləcəyini vurğulayıb:
40 yaşlarında statin istifadəsinə başlanılması xolesterolun yığılmasının qarşısını ala bilər.
60 yaşında immunitet sistemini gücləndirən tədbirlər böyrək və immunitet zəifliyinin təsirlərini azalda bilər.
Bu tədqiqat qocalma prosesinin daha yaxşı anlaşılmasına və fərdi tibbi yanaşmalarda yeniliklərə yol açma potensialına malikdir.