CENTCOM bu zərbələri atəşkəsin pozulması deyil, özünümüdafiə hesab edir
ABŞ ordusu İranın cənubunda yerləşən Bəndər Abbasda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) iki qayığını və yer-hava raket meydançasını vurub. Bu barədə “Fox News” telekanalı xəbər verir.
Məlumata əsasən, “ İranın iki qayığı Hörmüz boğazında mina yerləşdirərkən yaxalanıb... ABŞ ordusu hər iki gəmisini məhv edib və Bəndər Abbasda Amerika hərbi təyyarələrini hədəf alan zenit-raket kompleksinin meydançasını da vurub”.
Bu, ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlarda irəliləyiş barədə son açıqlamalarından bir neçə saat sonra baş verib.
Bildirildiyinə görə, ordu zərbələrin müdafiə xarakterli olduğunu və ABŞ ilə İran arasında atəşkəsin pozulması olmadığını bildirib.
Məlumatda vurğulanıb ki, “Zərbələr hücum deyil, müdafiə xarakterli idi və atəşkəsi pozmaq cəhdi deyildi”.
CENTCOM (ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı) sözçüsü kapitan Tim Hokins açıqlamasında hadisəni təsdiqləyərək, hərbçilərin zərbələri "qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhlükədən qorumaq üçün" özünümüdafiə məqsədilə həyata keçirdiyini açıqlayıb.
O, zərbələrin raket buraxıcılarını və mina yerləşdirməyə çalışan İran qayıqlarını hədəf aldığını izah edib.
“Mərkəzi Komandanlıq davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərək qüvvələrimizi qorumağa davam edir”, - deyə Hokins əminliklə bildirib.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehranla danışıqlar davam edir və tərəflər konkret detalları müzakirə edirlər.
Bu arada, Fars agentliyinin verdiyi məlumata görə, İran ordusu Amerikanın yeni hücumunun cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
İranın yüksək vəzifəli hərbi rəsmisi Əbülfəzl Şəkərçi bildirib ki, İrana qarşı hər hansı yeni təcavüz regiondan kənara çıxacaq "daha sərt" cavabla qarşılanacaq.
O, müharibənin yenidən qızışacağı təqdirdə İranın hücumlarının regiondan kənara çıxacağını və əvvəlki mərhələlərdən daha geniş və qəddar olacağını bildirib.
“CBS News” telekanalının məlumatına görə, Amerika kəşfiyyatı hesab edir ki, danışıqlar müharibənin ilk günündə İsrailin hücumunda ağır yaralanan İranın Ali Lideri Müctəba Xameneinin harada olduğu bilinməməsi səbəbindən gecikir. Bu, onun elçiləri ilə ünsiyyətə mane olur.
Məlum olduğu kimi, ABŞ və İsrail fevralın 28-də İrana qarşı böyük hücumlara başlayıblar. Nəticədə ölkə lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli hökumət məmuru öldürülüb.
İran buna cavab olaraq İsrailə və Fars körfəzindəki ABŞ-nin müttəfiq dövlətlərinə hücumlar edib və Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu, qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olub, çünki boğaz adətən dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birini idarə edir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”