Qarabağ və Şərqi Zəngəzur isə bu gün dünyanın azsaylı "yaşıl enerji" regionlarındandır
Azərbaycanda ilk su-elektrik stansiyası (SES) 1883-cü ildə Gədəbəyin Qalakənd kəndində tikilib. Həmin SES 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən tikilmiş misəritmə zavodunun və mədənin ərazilərini, həmçinin emalatxana və binaları elektriklə təmin edirdi.
Bu o zaman idi ki, Avropanın mərkəzi şəhərlərindən olan London, Paris, Sankt-Peterburqda hələ kerosin lampalarından istifadə olunurdu. Gədəbəydə isə elektrik enerjisi istehsal olunurdu. Bu gün Azərbaycanda Qalakənd SES-in "varis"ləri çoxdur - "Arpaçay-1", "Arpaçay-2", "Biləv", Füzuli, Mingəçevir, "Taxtakörpü", "Varvara", "Yenikənd", "Şəmkirçay" su-elektrik stansiyaları, "Vayxır", Göyçay, "İsmayıllı-1", "İsmayıllı-2", "Balakən-1" - hansını deyəsən, hansını yazasan...
SES-in üstünlüklərini bilməyən yoxdur. Amma yəqin az adam bilir ki, ekoloji təmiz olan su-elektrik stansiyaları həm də yeraltı suları daşqın və seldən qoruyur. Azərbaycan iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulub. 141 illik bir yol qət edən energetikamız sovetlər dönəmində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin diqqəti və fəaliyyəti sayəsində öz inkişafının sürətli mərhələsinə qədəm qoyub. Bunun sayəsində respublikamız elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəyib.
Böyük Zəfərdən sonra Şərqi Zəngəzurun, Qarabağın qaranlıq günlərinə son qoyuldu. Ötən 4 ildə regionda tikilən su-elektrik stansiyaları Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi vacib infrastruktur layihələrindəndir. Bu illər regionda çoxlu sayda böyük və kiçik su-elektrik stansiyaları tikilmişdir. Həmin hesaba ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionunun elektrik enerjisinə olan tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.
Hələ may ayında dövlət başçısı "Zəngilan" və "Sayıflı" su-elektrik stansiyalarının açılışını etmişdir. Onda burada hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan adıçəkilən SES-lər üçün maşın zalları tikilmişdir. Çətin iqlim və sərt relyefli olmasına baxmayaraq, ərazidə böyük həcmli torpaq, beton və digər işlər həyata keçirilərək sıfırdan yeni SES-lər tikilmişdir. İstər derivasiya boruları çəkilərkən, istər maşın zalı tikilərkən, istərsə də digər quraşdırma işləri aparılarkən layihəyə uyğun olaraq ekoloji normalara əməl olunmuşdur. Maşın zallarının hər birində 4 yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generatorlar quraşdırılmışdır. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün özünü avtomatik dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.
Bir neçə gün əvvəl isə dövlət başçısının bu istiqamətdə atdığı növbəti addım yenə də Zəngilanda oldu. "Azərenerji"ASC-nin "Sarıqışlaq" su elektrik stansiyasının açılışında iştirak edən Prezident onu işə saldı. Qeyd edək ki, "Sarıqışlaq" SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə tam yeni tikilmiş 42 MVt gücündə olan kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunan enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerji sisteminə yönləndirilir. Bu da regionun enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
Ümumiyyətlə, indiyədək "Azər-enerji" tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 su-elektrik stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq 24 saat fasiləsiz "yaşıl enerji" istehsal edilir. Prezident İlham Əliyevin regionun "yaşıl enerji" zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su-elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"