Şəhərlərin dayanıqlı inkişafı və nəqliyyat yükünün azaldılması baxımından metro artıq alternativ deyil, zərurətdir. Böyük şəhərlərdə artan avtomobil sıxlığı fonunda ictimai nəqliyyat sistemlərinin, xüsusilə də metro şəbəkəsinin inkişafı mühüm əhəmiyyət daşıyır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türk Dünyası Mühəndis və Memarlar Birliyinin baş katibi Yılmaz Batıbay deyib.
“Əgər avtomobillə hərəkət edərkən tıxacda qalırsınızsa, bunun həlli daha çox insanın metrodan istifadə etməsindədir. Yerüstü nəqliyyatda çətinliklər yaşandığı halda, metro ilə rahat və vaxtında təyinat yerinə çatmaq mümkündür. Bu, şəhər sakinlərinə həm vaxt, həm də rahatlıq qazandırır”, - deyə Y.Batıbay vurğulayıb.
Yılmaz Batıbay qeyd edib ki, şəhərlərin gələcək inkişafında metro infrastrukturu əsas prioritetlərdən biri olmalıdır: “Metro artıq qaçırılmamalı olan bir ehtiyacdır. Əks halda, ya yolları daha da genişləndirmək, ya da alternativ həllər axtarmaq lazım gələcək. Lakin müasir şəhərsalma baxımından ən səmərəli həll ictimai nəqliyyatın, xüsusilə metronun inkişafıdır”.
WUF13 çərçivəsində Bakıda keçirdiyi günləri də dəyərləndirən Yılmaz Batıbay forumun təşkilat səviyyəsini yüksək qiymətləndirib.
“Bakını çox bəyəndim. Səmimi şəkildə deyə bilərəm ki, 20 il əvvəl gördüyüm Azərbaycanla bugünkü Azərbaycan arasında böyük fərq var. Tam Avropa standartlarına uyğun inkişaf edən şəhər gördüm. Tıxac məsələsi istisna olmaqla, hər şey çox nizamlı təşkil olunub”, - deyə o bildirib.
Y.Batıbay WUF13-ün təşkilini də peşəkar adlandıraraq tədbirdə çoxsaylı gəncin, xüsusilə könüllülərin iştirakını yüksək qiymətləndirib.
“Burada minlərlə gəncin könüllü şəkildə fəaliyyət göstərməsi məni çox təsirləndirdi. Xüsusilə gənc qızların belə səylə insanlara yardım etməsi təqdirəlayiqdir. Bu, gələcəyə ümidlə baxmağa əsas verir”, - deyə Türk Dünyası Mühəndis və Memarlar Birliyinin baş katibi əlavə edib.