26 Aprel 2024 08:40
124
SİYASƏT
A- A+

Sülhməramlıların Qarabağdan getməsi Azərbaycanla Rusiya arasındakı qarşılıqlı anlaşmanı göstərir

 

Son günlər qəzet və jurnallarda, televiziya və radio verilişlərində, habelə sosial şəbəkələrdə və mötəbər məclislərdə Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi əsas mövzuya çevrilib. Etiraf edək ki, bu xəbərdən əvvəl rus sülhməramlılarının uzun müddət Azərbaycandan çıxmayacağı ilə bağlı iddialar da səsləndirilirdi. Amma birdən-birə vəziyyət tam dəyişdi. 
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə bu kimi məsələlərə aydınlıq gətirərək demişdir: "Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".
Xatırladaq ki, Rusiya sülhməramlılarının bölgəyə gəlişi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 4-cü müddəasında nəzərdə tutulurdu. Həmin müddəada deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır".  Onu da xüsusi vurğulamaq lazımdır ki, 10 noyabr bəyanatındı sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsini məhz Prezident İlham Əliyev israr etmişdi. Üçtərəfli sənəddə "müvəqqəti" şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması təbii ki, Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Xalqımızda belə bir əminlik yaranıb ki, Prezident İlham Əliyev indiyə kimi nə deyibsə, hansı vədi veribsə, hamısını yerinə yetirib. 
Yaxın tariximiz həm də Prezident İlham Əliyevin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrini dəfələrlə təsdiqləyib. Torpaqlarımızın işğalına son qoyan 44 günlük Vətən müharibəsi, Azərbaycanın suverenliyini tam təmin edən antiterror tədbirləri, bütün ölkə ərazisində bayrağımızın dalğalanması, Rusiya sülhməramlılarının artıq Azərbaycan ərazisini tərk etməyə başlaması və digər addımların hər biri ölçülüb-biçilmiş, düşünülmüş və vahid plan kimi həyata keçirilir. 
Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilmiş beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandırarkən demişdir: "5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu. Əgər həmin cədvəlimiz olmasaydı, vəziyyət necə olardı, biz bunu ancaq təxmin edə bilərik. Amma yenə də qeyd edirəm ki, qoşunların vaxtından əvvəl çıxarılması Azərbaycanla Rusiya arasında məsləhətləşmələrə əsasən qəbul olunmuş qərar idi. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir. Bizim mövqeyimiz ondan ibarət idi ki, əgər orada 2025-ci ilin noyabrı yazılıbsa, bu, elə 2025-ci ilin noyabrı da olmalıdır. Lakin eyni zamanda hər iki tərəf - Rusiya və Azərbaycan açıq-aydın başa düşürdü ki, əslində, onlar daha tez tərk edə bilərlər. Lakin yenə də bu, birgə verilmiş qərar idi və düşünürəm ki, bu qərar Rusiya-Azərbaycan əlaqələrini yalnız gücləndirdi".
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan getməsi ilə bağlı qərarın qəbulu həm də iki qonşu dövlətin - Azərbaycan və Rusiyanın  münasibətlərindəki qarşılıqlı anlaşmanı, qonşuluq və strateji tərəfdaşlıq səviyyəsini göstərir. Bu, eyni zamanda Azərbaycan və Rusiyanın bir-birinin suverenliyinə hörmət etmələrinin nümunəsidir. Ekspertlərin fikrincə, qeyd edilən qərar Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor hesab olunmalıdır. İki ölkə arasında münasibətlər onsuz da yaxşı səviyyədədir, qonşuluq prinsiplərinə əsaslanır. Şübhəsiz ki, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Çünki Qarabağ mövzusu artıq bitib, münaqişə həll olunub, indi bölgədə yeni reallıqlar yaranıb, belə olan halda Rusiya ilə ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponent mövcud deyil.
Münaqişənin həllindən sonra Rusiya nəzərə aldı ki, burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açacaq. Görünən odur ki, sülhməramlıların Azərbaycandan çıxarılması məmnunluq doğurur. Rusiya hərbçilərinin bölgəmizdən çıxmasından sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyacaq. İki qonşu dövlətin bir-birinin ərazisində silahlı qüvvələri olmadan münasibətləri daha da şəffaflaşmış olacaq. Ən başlıcası, iki ölkə liderinin şəxsi münasibətləri fonunda Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video