COP29-da qəbul edilən qərarlar yaxın onilliklər ərzində ölkələrin iqtisadiyyatlarının inkişafı qaydalarını müəyyən edəcək. İqlim müzakirələri iqtisadiyyatların gələcəyinin və BMT-nin özünün ABŞ-ın təsirindən nə dərəcədə müstəqil ola biləcəyini göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin (ATİ) Biznes və hökumət arasında qarşılıqlı əlaqənin nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Marat Başirov deyib.
Əvvəlki illərdə Rusiya nümayəndə heyətinə RF Prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyini nəzərə alaraq, Moskvanın Bakıda COP29-da təmsilçiliyinin səviyyəsinin artırılması ilə bağlı sualı cavablandıran alim deyib: “Kazanda keçirilən BRICS sammitində bu konfransın gündəliyindəki bir çox məsələ müzakirə olunub. Artıq Bakıda keçirilən tədbir çərçivəsində müəyyən inkişaf tələb olunur. Aydındır ki, Vladimir Putinin hökumət başçısı Mixail Mişustini Bakıya göndərməsi də bununla bağlıdır. Sammitin məkan kimi Azərbaycanın seçilməsi heç bir sual doğurmur və Bakı da bu məntiqə tam uyğundur”.
Alim əlavə edib ki, Azərbaycan Rusiyaya dost ölkədir. Moskva Bakıda keçirilən tədbirə ardıcıl dəstək verir.
Onun fikrincə, Ermənistanın konfransa ev sahibliyi hüququnu Azərbaycana verməsi Bakının təşkilati baxımdan buna daha hazır olması ilə bağlıdır. Professor deyib: “Çoxlu sayda nümayəndə heyətini qəbul etmək, onları haradasa yerləşdirmək, logistika və təhlükəsizliyi təmin etmək lazımdır”.
M.Başirov vurğulayıb ki, Moskva və Bakı “çox geniş birgə gündəliyi” müzakirə edir. O qeyd edib: “Digər məsələlərlə yanaşı, enerji layihələri, faktiki olaraq, artıq Xəzər dənizinə yaxınlaşan nəqliyyat dəhlizlərinin inkişafı məsələləri də bu gündəliyə daxildir. Hindistan İranın cənubunda limanı icarəyə götürüb, oradan dəmir yolu xətti çəkilir, bizim tərəfdə isə işlər artıq tamamlanıb. Növbəti mərhələ Ermənistan, Azərbaycan və Türkiyə ərazilərindən keçən, həmçinin Qara dənizlə bu ölkələri birləşdirən Zəngəzur dəhlizi olacaq”.