26 Aprel 2024 08:50
216
SİYASƏT
A- A+

Qərbin yeni "Vardanyan şousu"

 

Ucuz piar kampaniyası çürük çıxdı

 

Ötən ilin sentyabrında erməni separatçılarının və dünya erməniliyinin Qarabağla bağlı status iddialarına birdəfəlik son qoyuldu. 23 saat çəkən antiterror tədbirlərindən sonra separatçılar və onların havadarları birdəfəlik taleyin ədalətli hökmünə boyun əyməli oldular. 
Antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, habelə "sabiq xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, "generallar" Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri" Ruben Vardanyan qandallanaraq Bakıya gətirildilər. Hazırda onların ayrı-ayrılıqda törətdikləri cinayət əməllərinə görə istintaq prosesi davam edir. 
Son günlər Ruben Vardanyanla bağlı növbəti təbliğat kampaniyası başlayıb. Bu prosesə dünyanın məşhur PR şirkətləri də cəlb olunub. Elə R.Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil edilmişdi, indi isə onun azadlığa buraxılması və "qəhrəmanlaşdırılması" istiqamətində kampaniya aparılır.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bütün bu reallıqların fonunda ABŞ-nin təcavüzkar Hayastanı dəstəkləməsi, özünü buraxdığını elan edən qondarma "Dağlıq Qarabağ Respublikası"nı, onun rəhbərlərini hələ də müdafiə etməsi birbaşa Cənubi Qafqazda savaş aparılmasına xidmət edir. Bunu Ruben Vardanyanla bağlı növbəti təbiğat kampaniyasından da görmək mümkündür. Bu prosesə dünyanın məşhur PR şirkətləri də cəlb olunub.
Heç kimə sirr deyil ki, rusiyalı milyarder Ruben Vardanyanın  "xilaskar" obrazında qəfildən Qarabağda "zühur" etməsi təsadüfi deyildi. Onun "zühur"una kimi istər Ermənistanın bəzi dairələri, istərsə də qondarma separatçı rejimin təmsilçiləri Azərbaycanla danışıqlarda maraqlı görünürdülər. Başa düşürdülər ki, ermənilərin Qarabağda yaşamalarının yeganə yolu Azərbaycan Respublikasının qanunlarına əməl etməkdən keçir. 
Ruben Vardanyanın Qarabağa gəlişi səbəbsiz deyildi. O, Qarabağa Nikol Paşinyanın hakimiyyətinə təhdid, danışıqlar prosesini pozmaq üçün ezam edilmişdi. Ruben Vardanyan Xankəndidə "məskunlaşandan" sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan "Qızılbulaq" və "Dəmirli" yataqlarının yenidən qanunsuz istismara başlanması, sərvətlərimizin talan edilməsi, təbiətin vandalcasına məhvi də danışıqlar prosesini pozmağa yönəlmiş bir addım idi. 
Faktdır ki, ABŞ-nin hakimiyyət orqanlarında, o cümlədən Konqresində kök salmış islamofob qüvvələrin güclənməsi nəticəsində müxtəlif təşkilatlar, xüsusən USAID humanitar yardım çətiri altında casus şəbəkəsi yaradaraq, müstəqil siyasət yeridən ölkələrdə "rəngli inqilablar" və dövlət çevrilişləri etməyə cəhd göstərməklə ölkələrin daxili işlərinə kobud müdaxilə edirlər. İndi isə Vardanyanın cibinə göz dikən CNN kimi kanallar ondan əldəqayırma qəhrəman obrazı yaratmağa cəhd göstərirlər. "Vardanyan şousu"nu düzəldərək insanları bu cür ucuz piarla aldatmağa çalışırlar.  CNN kimi nəhəng televiziya kanalı separatçının oğlunu efirə çıxarıb danışdırır. Maraqlıdır, separatçı və qondarma "Artsax"ın əsas lideri Araik Arutyunyan var ikən birdən-birə Vardanyan amili niyə diqqət mərkəzinə gətirilir?
Bir neçə il bundan öncə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer "Avrora" mükafatı çətiri altında bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri "Troyka Dialoq"un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.
Hələ bu azmış kimi Vardanyanı "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə Nobel Sülh Mükafatı namizədliyini də  irəli sürüblər. Aydın məsələdir ki, Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt sülh təşəbbüsü ilə çıxış etməyib, əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Digər tərəfdən isə Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb. 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gələrək, burada qondarma "dövlət naziri" vəzifəsini tutmaq nə vaxtdan bəri sülh təşəbbüsü olub? 
Yeri gəlmişkən, qeyd edək ki, Vardanyanın sülh mükafatına namizəd kimi obrazının formalaşmasına Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb. Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel Sülh Mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. 
Göründüyü kimi, 5 milyard dollar həcmində sərvəti olduğu söyənilən Vardanyanın ailəsi onu mühakimədən qurtarmaq üçün milyonlar xərcləyir. Sözsüz ki, bu riyakar plan sonda iflasa məhkumdur. Çünki heç bir reklam və PR kampaniyası Ruben Vardanyanın separatçı, qanunsuz əməllərin icraçısı kimliyini şübhə altına ala bilməz. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video