20 Aprel 2024 09:00
229
Mədəniyyət
A- A+

Mədəniyyət paytaxtımız, qəhrəmanlıq zirvəmiz

 

Şuşanın adı çəkiləndə istər-istəməz ilk ağıla gələn söz zirvə olur. Dağlar qoynunda məskən salan bu tarixi qala şəhəri təkcə inzibati ərazi baxımından zirvədə yerləşmir, həm də mənən bir ucalıqdır, məqamdır... Arzularımızın ünvanı, sevgimizin qibləsidir. Mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq zirvəmizdir. 
Qürurumuzun fateh yeri, Vətən yolunda canlarını qurban verən ölümsüz igidlərin müqəddəs qurbangahı, birliyimizin rəmzi, Tanrının yaratdığı ən gözəl əsərdir Şuşa. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Dağların sinəsi ilə uzanıb gedən gözəl yolları, zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayraqları, hər gün bir boy da böyüyən yeni binaları, bərpaolunan tarixi abidələri, yenidən həyata qaytarılan dini ocaqları Şuşanın gözəlliyinə bir rəng qatır.
Şuşa tariximizin bizə gəlib çatan ən qiymətli yadigarlarındandır. "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılıb. "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı binalar, birmərtəbəli dükanlar, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət olub. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınıb. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərib. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın çalışdığı qeyd edilir. 
Şəhərdə  olan 17 məhəllənin  hər birinin məscidi, bulağı və hamamı olub.  XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 min olduğu yazılır. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və sairə olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.
Erməni vandalları 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. 
Ruhumuzun paytaxtı Şuşa bu gün həm də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti, quruculuq və bərpa işlərinin mərkəzinə çevrilib. Şəhərin elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturun bərpası işləri demək olar ki, başa çatıb. Şuşalıların doğma yurdlarına geri qayıtmaları üçün Şuşa şəhərinin baş planına uyğun olaraq 8 hektar ərazidə yerləşən  yaşayış kompleksində  sürətlə inşaat işləri görülməkdədir. Qeyd edək ki, tikinti işləri Şuşanın tarixi və memarlıq üslubuna uyğun aparılır. Tikintisi davam etdirilən binalar 3, 4 və 5 mərtəbəlidir. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil  olacaq. Məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksində sakinlərin  rahatlığı üçün hər cür şərait yaradılır. 
Mədəniyyətimizin paytaxtı Şuşada tariximizin qiymətli yadigarları olan tarixi, mədəni, dini abidələrin bərpasına xüsusi diqqət verilir. Şəhərdə onlarca qədim mədəniyyət abidəsi yenidən bərpa olunaraq ikinci ömrünü yaşamaqdadır.
Qəhrəman oğullarımız, fədakar gənclərimiz ulu əcdadlarımızın qurduğu şəhəri canları, qanları hesabına düşmən işğalından azad etdilər. Qürurvericidir ki, bu gün Şuşada tikinti meydançasında çalışanların da əksəriyyəti gənclərdir. Dünyanın müxtəlif yerlərində yaşayan gənc soydaşlarımız vətənə dönərkən ilk ziyarət etdikləri yer Şuşa olur. Bir zamanlar erməni quldurlarının dağıdıb viran etdikləri şəhərdən indi musiqi səsləri eşidilməkdədir.
Fərəhlə qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən  İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilib. Qürurumuzun, mədəniyyətimizin paytaxtı gözəl Şuşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına  evsahibliyi etməyə hazırlaşır.
Hər gün bir boy böyüyüb düşmənə dərd olan Şuşanın büsatına min alqış!

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video