20 Aprel 2024 08:10
220
SİYASƏT
A- A+

İran davranışlarında səmimi deyil

 

Dünyada baş verən siyasi kataklizmlər, Rusiya ilə Ukrayna, İranla İsrail arasında artan gərginlik dünya düzənində arzuolunmaz hadisələrin anonsunu verməkdədir. Hadisələrin təhlili göstərir ki, dünyanı idarə etmək iddiasında olan supergücləri  köhnə qaydalar qane etmir. 
Yeni dünyanın konturlarını cızanlar, yeni güc mərkəzləri formalaşdırmaq istəyənlər dövlətlərarası münasibətləri gərginləşdirərək müharibələr üçün meydanlar açırlar. Bəzi analitiklər artıq üçüncü dünya müharibəsinin başlandığını, hadisələrin sonluğunun dünyanın siyasi çoğrafiyasında ciddi dəyişikliklərlə başa çatacağını iddia edirlər.
Dünyanın belə gərgin çağında ən düzgün variant balanslaşdırılmış siyasət yürütmək, heç bir qlobal siyasi oyunların alətinə çevrilməməkdir. Təəssüf doğuran faktdır ki, artıq cənub qonşumuz İranla İsrail arasında münasibətlər gərginləşərək son həddə çatmışdır. Avropanın geosiyasi oyunlarının alətinə çevrilmiş Ermənistan isə müttəfiqi Rusiyaya diş qıcıtmaqla regionda gərginliyi artırmaqla məşğuldur. Görünən odur ki, hadisələrin gedişi region üçün yaxşı heç nə vəd etmir.
Dünya siyasətində ardıcıl  prinsipial mövqeyi ilə seçilən, qonşuluq münasibətlərində sülhə, sabitliyə, qarşılıqlı anlaşmaya daim sadiq qalan Azərbaycan isə yaxın qonşuları ilə münasibətdə həmişə səmimi mövqe sərgiləyərək nümunəvi davranış göstərib. O cümlədən cənub qonşumuz İranla da həmişə normal qonşuluq münasibəti qurmağa çalışıb. Amma təəssüf ki, həmişə islam dövləti İrandan qeyri-səmimi davranış görmüşük.
Hər şeyi bir kənara qoysaq belə, islam dövləti İranın Qarabağda dini abidələrin dağıdılması və təhqir olunmasına susqunluğunu başa düşmək mümkün deyil...
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Xarici işlər nazirləri görüşdə bəhs etdiyimiz problemlər ətrafında müzakirələr aparıb, situasiyadan çıxış yolları aranıb. Görüş zamanı rəsmilər vurğulayıblar ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında bir-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir. Təəccüblü budur ki, rəsmi görüşlər zamanı Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən İran əməldə səmimiyyətini göstərmir. Nazirlərin görüşündən cəmi bir neçə gün sonra İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani yenidən sakitliyi pozub. Aprelin 16-da mətbuat konfransında deyib ki, "İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". İran səfiri işğalçı dövlətin əsgərlərinin məhvini faktiki olaraq faciə kimi təqdim edir. Bəlkə İran səfiri Ermənistan ordusunun törətdikləri vəhşiliklərdən, insanlığa yaraşmayan əməllərindən, torpaqlarımızı 30 ilə yaxın bir zaman ərzində  işğal altında saxlamalarından xəbərsizdir. Bir düşünübmü ki, o əsgərlər Azərbaycan ərazisində nələr edirdilər?
Və yaxud, sabah İsrail əsgərləri işğalçılıq məqsədilə İran ərazisinə girsələr, onun ölkəsi işğalçını gül-çiçəkləmi qarşılayacaq? Görünən budur ki, İran münasibətlərində səmimi deyil. Yoxsa hər məqamda, imkan düşən kimi Azərbaycanı ittiham edən səfirinin ipini çəkər, cəzasını verərdi.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video