20 Aprel 2024 09:05
232
Mədəniyyət
A- A+

Əbədiləşən sənətkar ömrü

 

Sehrkar təbiəti, sərin bulaqları və sıx meşələri ilə əhatə olunmuş Şuşa istedadlar diyarı, xanəndələr şəhəri kimi tanınır. Şuşa Vaqifin vətəni, Xurşidbanu Natəvanın, N.Vəzirovun, Ə.Haqverdiyevin, S.S.Axundovun və bir çoxlarının yetişdirdiyi torpaqdır. Bu məkanın yetişdirdiyi sənətkarlardan biri də dahi Üzeyir bəyin böyük qardaşı  Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovdur. Bu il görkəmli bəstəkarın anadan olmasının 140 yaşı tamam olur. 
O, 1884-cü ildə Şuşa şəhərində doğulmuşdur. Uşaqlıqdan xalq musiqisinin zənginliyini duymuş, ona istedadlı sənətkarların ifasında qulaq asmışdır. Xurşidbanu Natəvanın yaxın qohumlarından olan anası Şirin xanım Əliverdibəyovanın da uşaqlarına böyük təsiri olmuşdur. Təbiətən çalışqan, poeziyaya meyilli olan bu qadın övladlarında incəsənətə böyük məhəbbət oyatmışdır.
Atası Əbdülhüseyn bəyin maddi vəziyyəti yaxşı olmasa da, uşaqlarının yaxşı təhsil almalarının daim qayğısına qalmışdır. Lakin onun 1901-ci ildə qəfil ölümü ailəni böyük sarsıntıya uğratmışdır. Bütün qayğılar evin ilk övladı Zülfüqarın üzərinə düşmüşdür. Bir faktı qeyd edək ki, Z.Hacıbəyovun kiçik qardaşları Üzeyir bəyin və Ceyhun bəyin incəsənətdə  formalaşmasında böyük rolu olmuşdur. O, 1900-1902-ci  illərdə Şuşa şəhəri əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləmişdir.
Gələcək bəstəkar musiqi biliklərini Azərbaycanın xalq musiqisindən öyrənirdi. Tar çalmaq onun sevimli məşğuliyyəti idi. Zülfüqar bəyin Üzeyir bəy kimi musiqi savadı yox idi, amma istedadının köməyi ilə yazır və bu da onun özünü musiqi sənətinə həsr etmək istəyini daha da qüvvətləndirirdi. Bu illərdə Zülfüqar bəy həm də Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesində Sona xanım, "Pəri cadu"da Qurbanın arvadı, M.F.Axundzadənin "Lənkəran xanın vəziri" komediyasında qadın rollarını ifa edir. Ümumiyyətlə, Zülfüqar bəy yalnız tamaşalar göstərməklə deyil, ən çox musiqili əsərlərin tamaşaya qoyulması ilə məşğul olmuşdur.
Bəstəkar milli folklor zəminində ilk peşəkar musiqi formalarının yaranmasında  mühüm rol oynamışdır. "Aşıq Qərib" operası, "Evliykən subay" və "Əlli yaşında cavan" musiqili komediyaları Z.Hacıbəyovun qələminin məhsuludur.
O, özünün  ilk əsəri olan "Əlli yaşında cavan" operettası üzərində işini 1910-cu ildə başa çatdırır. İki ildən sonra - 1912-ci ildə "Evliykən subay" komediyasını bitirir. Bu əsərlərdə folklor formaları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü edilmişdir. Sadalanan bu opera və  musiqili komediyalar onun bəstəkarlıq nailiyyətləridir. Əsərlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir.
Ü.Hacıbəylinin musiqili komediyalarında olduğu kimi, "Əlli yaşında cavan" operettasında da dövrün müasir məişətinin bəzi cəhətləri aşkara çıxarılır, imtiyazlı siniflərin - zadəganların, burjuaziyanın və ruhanilərin qüsurları kəskin tənqid olunur. Sovet hakimiyyəti illərində bu musiqili komediya Bakıda və ölkəmizin digər şəhərlərində dəfələrlə səhnələşdirilir.
1916-cı ildə "Aşıq Qərib" operasını yazır. Yerli mətbuat səhifələrində qeyd olunurdu ki, mayın 13-də H.Z.Tağıyevin teatrında Z.Hacıbəyovun yeni "Aşıq Qərib" operası tamaşaya qoyularkən zal adamla dolu idi. 1916-cı ildə opera Azərbaycan səhnəsində beş dəfə tamaşaya qoyulmuşdur. Hər dəfə o, geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazanmışdır. Operanın musiqisi xalq motivlərindən, həmçinin Şərqin klassik melodiyalarından bəhrələnmişdir. Əsərin əsas musiqi materialı muğamlardan ibarətdir. 
1917-ci ildə Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış "Üç aşiq və Məlikməmməd" adlı fantastik opera üzərində işləyir, lakin nə inqilaba qədər, nə də sovet dövründə bu opera tamaşaya qoyulmur.
Bəstəkar musiqi sənətinin bir çox janrlarında əsərlər yaradır, musiqi-təbliğatçılıq fəaliyyətilə məşğul olur. O, özünü simfonik musiqi sahəsində də sınamışdır. 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı kiçik bir pyes bəstələmişdir.
Z.Hacıbəyovun oğlu - bəstəkar və dirijor Niyazi ilə birlikdə Azərbaycan dramaturqu C.Cabbarlının pyesi əsasında 1936-ci ildə çəkilmiş "Almaz" kinofilminə musiqi yazmışdır.
1937-ci ildə Zülfüqar Hacıbəyov Azərbaycan estradasına bədii rəhbər vəzifəsinə dəvət olunur və burada onun təşkilatçılıq bacarığı üzə çıxır. Sovet hökuməti bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirir. 1943-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.
 Zülfüqar Hacıbəyov 1950-ci ildə sentyabrın 30-da vəfat etmişdir. Musiqili Komediya Teatrının əsasını qoyan sənət xadimlərindən biri kimi Z.Hacıbəyov Azərbaycanın musiqi mədəniyyəti tarixində xidmətləri olan şəxsiyyətdir.
 
Nərgiz QƏDİROVA,
Ü.Hacıbəylinin ev-muzeyinin elmi katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video