25 Aprel 2024 08:45
212
SİYASƏT
A- A+

COP29 Azərbaycan üçün böyük fürsətdir

 

Prezident İlham Əliyev ölkəmizin güc və imkanlarını bir daha bəyan etdi

 

"Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum cənab İlham Əliyevin Azərbaycanın qlobal oyunçu mövqeyini gücləndirdiyini və ölkəmizi ümumbəşəri əhəmiyyətə malik hesablaşılan platformaya çevirdiyini göstərir. Bu, xüsusən əldə olunmuş hərbi-siyasi zəfərlərimizin, o cümlədən sosial-iqtisadi nailiyyətlərin nəticələrinin dayanıqlılığını təmin etmək üçün həyati əhəmiyyətə malikdir". 
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında deyib. Deputat bildirib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra uzun bir dövr ərzində iri platformalara çıxışının olmaması, yaxud bu tribunalara çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açıb, ölkəmiz əleyhinə koalisiyalara rahat hərəkət etmək imkanı verib. Lakin Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlar yaradıb ki, indi Azərbaycanın nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır. O cümlədən də COP29-a məhz ölkəmizin evsahibliyi etməsi Azərbaycana beynəlxalq ictimaiyyətin böyük etimadı olmaqla yanaşı, həm də Bakıya haqq səsini çatdırmaq üçün qlobal tribuna olacaq. Dövlət başçısının da ifadə etdiyi kimi, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var.
B.Məhərrəmov qeyd edib ki, COP29-un miqyasını nəzərə alsaq, bu, Azərbaycan üçün böyük fürsətdir. "Xüsusən nəzərə alsaq ki, bu, azarkeş kütləsinin, yaxud musiqi həvəskarlarının axın etdiyi tədbir deyil. Bakıya gələcək on minlərlə insan ilk dəfə Azərbaycanda olacaq və bu insanlar ölkəmiz barədə reallıqları kollektiv Qərb mediasının muzdlu obyektivindən və ya riyakar təşkilatlarının sifarişli hesabatlarının rakursundan yox, birbaşa öyrənəcək. Bu isə Qərb təşviqat maşınının iflası deməkdir. Təsadüfi deyil ki, COP29-a evsahibliyinin Azərbaycana verilməsi barədə qərarın ardınca proses əleyhinə Fransanın və bəzi beynəlxalq subyektlərin cəhdlərinə şahidlik etməkdəyik. Möhtərəm Prezidentin də beynəlxalq forumda ifadə etdiyi kimi, "Həmin ölkələr, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başlayıb". Siyasi və iqtisadi cəhətdən tam müstəqil Azərbaycan isə, təbii ki, maraq və mənafelərini ən yüksək səviyyədə qoruyur və tədbirdə ifadə olunduğu kimi, qırmızı xətləri keçmədən "biz tam eyni tədbirləri görürük"", - deyə o əlavə edib.
Deputatın sözlərinə görə, forumun önəm daşıyan digər aspekti artan təhdidlər fonunda Azərbaycanın baxışının bəyan edilməsi və haqlı suallarının beynəlxalq ictimaiyyətə yönəldilməsidir. Məsələn, Prezident İlham Əliyev açıq formada xarici təhdidlərin mütləq miqyasının qarşısının alındığını bəyan etməklə Azərbaycanın güc və imkanlarını bir daha bəyan etdi. Həmçinin təhdidlərin önlənməsi üçün atılan addımların, xüsusən quru sərhədlərinin bağlı qalması barədə qərarın artıq effekt verdiyini, Azərbaycanda təhlükəsizliyin gücləndiyini bildirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan kənardan ciddi təhdidlər və problemlər idxal etmək istəyən qlobal güclər qarşısında nəinki aciz deyil, əksinə, istənilən təhdidi qabaqlaya və aradan qaldıra bilən söz sahibidir.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan ətrafında bu tip beynəlxalq hüquqazidd çənbər yaratmağa cəhdlər qəbuledilməzdir: "İlk növbədə ona görə ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi hədəf kimi müəyyən etmiş dövlətdir. Digər tərəfdən, tədbirdə də möhtərəm Prezidentin dediyi kimi, "Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq". Nəticədə isə Azərbaycan beynəlxalq hüququn ümumtanınmış prinsiplərini rəhbər tutaraq bir çox dövlətlərlə əla münasibətlər qurub. Bu mənada Azərbaycanın direktivləri kifayət qədər aydındır. Dövlət başçısının təbiri ilə desək, biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq".
B.Məhərrəmov qeyd edib ki, forumun digər uğuru regionun əsas problemi olmuş, Azərbaycan-Ermənistan münasibətləri barədə qlobal auditoriyanı reallıqla səhih formada tanış etmək imkanına çevrilməsi olub. Məlumdur ki, Azərbaycanın mövqeyi kifayət qədər şəffafdır və beynəlxalq hüquqla uzlaşır. Bakı tələb edirdi ki, İrəvanla münasibətlər beynəlxalq gündəliyin mövzusu yox, iki ölkə arasında müzakirə olunacaq məsələdir. Beynəlxalq forumda möhtərəm Prezidentin mövzuya dair ritorikası göstərdi ki, Bakı artıq bu konfiqurasiyaya nail olub. Məsələn, artıq əminliklə deyə bilirik ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Əsas odur ki, Azərbaycan lideri yaratdığı hərbi-siyasi reallıqla "Dağlıq Qarabağ" amilini gündəlikdən birdəfəlik çıxarıb və İrəvan da bu saxta məfhumun sülh sazişində olmamasına razılaşıb. Nəticədə, Bakı, xüsusən 19 aprel görüşündən sonra hadisələrin müsbət məcrada getməsindən məmnundur.
Burada da təəssüf və hiddət doğuran məqamların meydana çıxdığını deyən deputat bildirib ki,  kollektiv Qərb Cənubi Qafqazda sülh və dayanıqlı sabitlik qarşısında ciddi əngəl kimi çıxış edir. Məsələn, ərazi bütövlüyü tezisində Ukrayna, Gürcüstan və Moldovaya tam fərqli prizmadan yanaşıldığı halda, Brüssel sövdələşməsi göstərir ki, kollektiv Qərb Cənubi Qafqazda ayırıcı xətləri çəkməkdə israrlıdır. Digər tərəfdən, Fransa, Hindistan və Yunanıstan Ermənistanı açıq formada Azərbaycana qarşı silahlandırır ki, bu da tərəfimizdən sükutla qarşılana bilməz. "Bu mənada, cənab İlham Əliyev beynəlxalq forumun ali tribunasından istifadə edərək "Ermənistanın qayğısına qalan" həmin güclərə xəbərdarlıq etdi ki, "Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq". Ötən dövrün təcrübəsi göstərir ki, bu kimi kənar müdaxilələr Ermənistanda yanlış eyforiyalara və təhlükəli gözləntilərə səbəb olur ki, bunun da acısını elə haylar özü çəkir. Bu mənada Prezidentin növbəti xəbərdarlığı da məhz Qərbin təşviqatı ilə mümkün sülh və delimitasiya proseslərinin pozulması riski ilə bağlı oldu. "Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik". Ermənistan başa düşməlidir ki, Azərbaycan ilə sülh sazişini imzalasa, ilk növbədə özü faydalanacaq və regional inkişaf konseptinin bir həlqəsinə çevrilə bilər", - deyə B.Məhərrəmov əlavə edib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev beynəlxalq forumdan Azərbaycanın yeni dövr üçün prioritet və hədəflərinin bəyanı üçün mühüm platforma kimi istifadə etməklə informasiya savaşında üstünlüyü ələ aldı. Həmçinin Azərbaycanın hədəflərinin açıq formada bəyan olunması ilə Bakının niyyətləri barədə yanlış və məqsədli təsəvvürlərin qarşısının alınması istiqamətində ciddi məsafə qət edildi. Prezident özünün qətiyyətli və aydın ritorikası ilə göstərə bildi ki, Azərbaycan yeni reallıq yaratmış güc sahibi, sülh və sabitlik arzulayan beynəlxalq subyekt olaraq iqlim dəyişiklikləri məsələlərinin həlli baxımından ciddi töhfələr vermək əzmindədir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video