Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgidə general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb.
Görüşdə Azərbaycan və Çin Hərbi Hava Qüvvələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. General-leytenant N.İslamzadə sərgiyə dəvətə görə çinli həmkarına minnətdarlığını bildirib.
Çinə işgüzar səfər çərçivəsində Belarus və İran Hərbi Hava Qüvvələri komandanları, Rusiya Federasiyasının Hərbi Hava Qüvvələri komandanının müavini, həmçinin Çinin Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, beynəlxalq sərgidə Çin Müdafiə Sənayesi Korporasiyalarının, ümumilikdə, 260 növ döyüş təyyarəsi, helikopter, pilotsuz uçuş aparatı, HQ-9BE zenit-raket kompleksi, YJ-12E markalı gəmi əleyhinə qanadlı hipersonik raketlər, dron əleyhinə sistemlər, texnikalar və digər avadanlıqlar nümayiş etdirilib.