23 Aprel 2024 14:47
137
SİYASƏT
A- A+

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Çex Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 23-də bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, Ceyhun Bayramov və Yan Lipavski arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Çexiya strateji tərəfdaşlıq əlaqələrinin beynəlxalq hüququn norma və prinsiplərinə, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və dəstək kimi təməllər üzərində qurulduğu bildirilib.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Bununla yanaşı, ikitərəfli iqtisadi komissiyanın işinin daha da intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-Çexiya tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Bu xüsusda, enerji sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığa yaşıl və bərpaolunan enerji istiqamətlərinin əlavə edilməsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq layihələrində çex sərmayəçilərin iştirakı, Azərbaycan ərazisindən keçən Orta Dəhliz və ölkə ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi fürsətlərdən Çexiyanın tranzit-logistika şirkətlərinin istifadəsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Humanitar, təhsil, mədəniyyət, gənclər və idman, turizm sahələri üzrə uğurlu əməkdaşlığın davam etdirilməsi və daha da dərinləşdirilməsi xüsusunda həmfikirlik ifadə olunub.

Regionumuzda münaqişədən sonrakı vəziyyət, eləcə də mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video