19 Aprel 2024 19:14
296
CƏMİYYƏT
A- A+

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

 

Bakıda “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans keçiriləcək. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icması tərəfindən birgə təşkil olunacaq konfransda dünya albanşünaslığının görkəmli nümayəndələrinin iştirakı ilə səmərəli elmi müzakirələr aparılacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən  bildirilib ki, beynəlxalq tədbirin iştirakçıları aprelin 19-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər ediblər. Səfər çərçivəsində ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri Ağ xaç kilsəsi ziyarət olunub. Məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi bilinməsə də, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.

Konfrans iştirakçıları daha sonra Tuğ kəndindəki Qafqaz Albaniyası dövrü abidələri ilə tanış olublar. Məlumat verilib ki, Tuğ kəndi Azərbaycanın Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb. Diqqətə çatdırılıb ki, tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Burada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidəsi var.

Qafqaz Albaniyasına həsr olunmuş beynəlxalq konfrans öz işinə aprelin 20-də başlayacaq.

Qafqaz Albaniyasının etnoarxeologiyasını, tarixi abidələrini və yazılı mənbələrini əhatə edən konfransda “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək.

Konfrans hibrid formatda Azərbaycan, ingilis və rus dillərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan zəngin Alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video