20 Aprel 2024 08:25
253
SİYASƏT
A- A+

ABŞ niyə narahatdır

 

Bu ölkənin Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ilə bağlı mövqeyi göstərir ki, Vaşinqton regionda sabitliyin təmin edilməsindən məmnun deyil

 

"ABŞ-nin sülhməramlıların Azərbaycan torpaqlarından çıxarılmasını şərh edərkən Rusiyanı "etibarsız müttəfiq" adlandırması tamamilə qərəzli yanaşmadan başqa bir şey deyil. Bir daha aydın olur ki, bu ölkə Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasında maraqlıdır. Əks halda, indiyədək Rusiyanı hər fürsətdə sıxışdıran ABŞ Qarabağdakı sülhməramlılarla bağlı fərqli mövqe ortaya qoyar, missiyanın çıxarılmasını alqışlayardı".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat söyləyib ki, Azərbaycan suveren dövlət olaraq bu günlərdə öz tarixi üçün əhəmiyyətli bir hadisəyə imza atıb: "Ölkəmizin ərazisində 2025-ci ilə qədər müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycan torpaqlarını tərk etdilər. Sülhməramlıların vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevin möhkəm iradəsini və dövlətçilik təcrübəsinin böyük olmasını göstərir. Bir daha təsdiqlənir ki, dövlət başçımızın qətiyyəti milli maraqlarımızla bağlı bütün məsələləri yoluna qoyur".
Anar İsgəndərov söyləyib ki, sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması mütərəqqi və tarixi hadisədir, dövlət maraqlarımıza cavab verir: "ABŞ Dövlət Departamentinin bu hadisəni müsbət qarşılamaması isə onun riyakarlığının bariz nümunəsidir. Ümumiyyətlə, ABŞ və Fransa kimi bəzi dövlətlər Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpasının əleyhinədirlər. ABŞ Azərbaycandan çox uzaqda olmasına baxmayaraq, Cənubi Qafqazda gedən prosesləri öz xeyrinə həll etmək niyyətindədir. Hələ işğal dövründə də Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatdırılmasına yox, alovlanmasına xidmət edən bu dövlət Azərbaycanın tarixində xeyrimizə olan elə bir hadisə olmayıb ki, onu təqdir etsin. Elə Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra Fransa və ABŞ-nin intensivləşən riyakar davranışları da bunu sübuta yetirir".
Deputatın sözlərinə görə, sülhməramlıların torpaqlarımızdan çıxarılması Azərbaycanla Rusiya arasında aparılan danışıqların nəticəsidir. Rusiya dövləti özü də başa düşürdü ki, Qarabağdan erməni separatçı qüvvələri təmizlənibsə və orada heç bir erməni yaşamırsa, Rusiya ordusunun burada qalmasına ehtiyac yoxdur. Ona görə də Rusiya öz məhdud kontingentini ərazilərimizdən çıxardı. Bu, gələcəkdə iki dövlət arasında münasibətləri gücləndirən faktordur. Münasibətlərdən hərbi komponentin çıxarılması Azərbaycanla Rusiyanın daha yaxşı əməkdaşlığı üçün yeni imkanlar açacaq.
"Baş verən tarixi hadisələr fonunda bir sıra dövlətlərin, eləcə də ABŞ və Fransanın qərəzli münasibətləri onların sülhün tərəfdarı olmadığını təsdiqləyir. Bu isə elə ən birinci  növbədə himayələrinə aldıqları Ermənistana zərbədir. Beləliklə, İrəvan öz geosiyasi məqsədlərini güdən havadarlarının əsl niyyətini anlamalı və Azərbaycanla sülh sazişi imzalamağı gecikdirməməlidir", - deyə müsahibimiz əlavə edib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video