12 Mart 2025 09:35
467
Səhiyyə
A- A+
Zəruri olmayan əməliyyata nə hacət?

Zəruri olmayan əməliyyata nə hacət?


Dünyaya "rəngli baxmaq" istəyənlərin həyat riski bəzən çox ağır başa gəlir


Bu gün dünyada trendə çevrilən estetik əməliyyatlara müraciət edənlərin sayı  artmaqdadır. "Gözəllik qurban tələb edir" prinsipi ilə lüzumsuz yerə bıçaq altına düşənlər heç də az deyil. Uğursuz nəticələr bəzən onların həyatları bahasına başa gəlir. Bununla belə, dünya işığından məhrumolma riski altına düşənlər sanki "şir ürəyi yeyib"lər.

Söhbət son bir neçə ayda Azərbaycanda məşhurlaşan FLAAK (Femto Laser Aesthetic Annular Keratopigmentation) texnikası ilə göz rəngini dəyişdirmə əməliyyatından gedir. Bu texnikanın 2010-cu ildən estetik məqsədlər üçün tətbiqinə başlanılıb. FLAAK metodunda korneanın səthində mikrotunellər yaratmaq üçün "Femtosecond" lazer istifadə edilir və bu, tunellərə biouyğunluqlu piqmentlər yerləşdirməklə həyata keçirilir. 

Azərbaycanda əməliyyatın icra olunacağı ilə bağlı elanın paylaşılmasından sonra bu prosedura müxtəlif yanaşmalar ortaya çıxdı. Bəziləri ölkəyə gətirilən bu yenilikdən sevindi, bəziləri isə birmənalı olaraq bunu qınadı. Bir də topa-tüfəngə tutmadan, həm də küyə getmədən tibbin yeniliyi baxımından sevinib, bununla yanaşı, təhlükələrindən də söz açıldı. Beləliklə, kimi ürəyi istəyəni, kimisi ağlından keçəni, kimisi də elə sözün həqiqi mənasında ağzına gələni yazdı. 

Biz isə əməliyyat barədə danışılanları nəzərə alaraq onun doğurduğu suallara cavab tapmaq üçün  Azərbaycanda bu əməliyyatı ilk icra edən oftalmoloq Cahid Şahbazova müraciət etdik. Lakin bizə heç bir səbəb göstərilmədən həkimin razılıq vermədiyini bildirdilər. Ona görə də ilk olaraq həkimin əməliyyata ilk başladığı vaxtlarda paylaşdığı fikirlərə diqqət çəkməyə qərar verdik. Həkim qeyd edib ki, FLAAK əməliyyatı korneanın boyanmasıdır ki, bu da bir növ estetik tatuaj əməliyyatıdır: "Korneal tatuajın ən az 13 illik tarixi var. FLAAK texnikası gözün içinə hər hansı bir müdaxilə etmədən yalnız korneanın səthində işləyir. Bu, gözdaxili fəsadların - qanama, infeksiya, retina qopması və qlaukomanın qarşısını alır. Əməliyyat təxminən 30-45 dəqiqə çəkir və damcı keyitməsi ilə aparılır, buna görə ağrısız keçir. Təklif olunan rəng çeşidi istəyə uyğun mavi, yaşıl, qəhvəyi, boz rəng və çalarlarından ibarətdir".


Rəngli göz sevdalıları


Cahid Şahbazov həmçinin "gözün kor olacaq", "mirvari və ya qara su yaranacaq" iddiası ilə çıxış edən həkim həmkarlarına da cavab verib. O bildirib ki, FLAAK əməliyyatından sonra mirvari suyu və ya qara su yaranma ehtimalı yoxdur. Gözün içinə daxil olunmadığından gözün qüzehli qişasına və yaxud bülluruna, yəni mirvari suyuna heç bir zədə dəymir, əməliyyat təsirsiz keçir. Bu müasir, son nəsil boyalar göz üçün təhlükəsizdir. Aparılan araşdırmalar göstərib ki, boya içərisində virus bakteriyalarının inkişafı mümkün deyil. "Dolayısı ilə bu əməliyyat zamanı gözə mikrob düşmə ehtimalı  digər əməliyyatlarda olduğundan yüksək deyil. Amma bütün göz əməliyyatlarında müəyyən fəsadların ortaya çıxması təhlükəsi olduğu kimi bu əməliyyatda da ola bilər. Amma FLAAK texnikası ilə icra olunan bu əməliyyatda ehtimal daha azdır, çünki gözə daxil olmuruq".

Həkim əməliyyatdan sonra korlaşma ehtimalının da olmadığını vurğulayır. Onun sözlərinə görə, eynəkdən qurtulma əməliyyat növündə olduğu kimi, ilk 3 gündə işıqdan qorxma, sulanma, göz şişməsi və bulanıq görmə şikayətləri ola bilir. "Bu şikayətlər şiddətli formada 2-3 gün davam etsə də, əməliyyatın üçüncü günündən sonra 90 faiz azalır. Lakin əməliyyat öncəsi görmənin bərpası bəzi pasiyentlərdə 2-3 həftə və ya 1 aya qədər çəkə bilər. Bu da əməliyyatın texniki icrasına bağlıdır. Zaman içində bu, tamamilə bərpa olur". 

Rəngin qalıcılığı ilə bağlı isə C.Şahbazov qeyd edib ki, qəhvəyi rəngli gözləri mavi və ya yaşıl rənglə boyadıqda onların bir də qəhvəyi olma ehtimalı yoxdur. Yəni ümumilikdə pasiyentin seçdiyi göz rəngi qalıcıdır. Amma bəzi rəng seçimləri, məsələn, su mavisi zamanla  boz rəngə doğru yerini dəyişə bilər. Amma bu, rəng deyil, çalar fərqidir.  Bu da Günəş işığından, digər faktorlardan asılı olaraq bədəndəki kollagenin tərkib strukturuna bağlı olaraq dəyişikliyə uğramasıdır. 

FLAAK keratopiqmentasiyada ən son və təhlükəsiz üsul olmaqla hazırda dünyanın 10-a yaxın mərkəzində icra olunur. Elə bu məlumat da həkimin özünə aiddir. 

Amma təhlükəsiz hesab olunan bu əməliyyatın belə az mərkəzdə icrası da istər-istəməz müəyyən şübhələr yaradır. Nəzərə alsaq ki, hətta göz rəngini dəyişdirmə əməliyyatının inkişaf etmiş ölkələrdə qanunla qadağan edilməsi ilə bağlı fikirlər də səsləndirilir. 

Bəzi xarici mənbələrdə keratopiqmentasiya kifayət qədər elmi dəlil olmadan ortaya çıxan qeyri-ənənəvi cərrahiyyə üsulu hesab edilir. İndiyədək bu prosedur gözlərin görünüşünə təsir edən patalogiyalar olduqda xəstələrin kosmetik görünüşünü yaxşılaşdırmaq üçün istifadə olunurdu. Bu baxımdan hər kəsə məsləhət görülən üsul deyil. Geridönməz cərrahi müdaxilə olduğu üçün riskləri də var. Buna görə də oftalmologiya mütəxəssislərinin əksəriyyəti sağlam gözlərdə rəngdəyişdirmə üsullarını tətbiq etməkdən çox çəkinirlər, çünki bu, uzun müddətdə piqmentlərin təsirini bilmək üçün kifayət qədər elmi dəlillərə malik olmayan bir texnika üsuludur. Qlobal səviyyədə oftalmologiya akademiyaları və cəmiyyətləri tərəfindən buna icazə verilmir və ya təsdiq edilmir. Əsas təhlükələrdən biri isə gözdə ağrı, şişkinlik, bulanıq görmə və hətta daimi görmə itkisinə səbəb ola bilən göz infeksiyasıdır. Bundan başqa, bir sıra göz xəstəliklərinin də yaranmasına rəvac verə bilər. Bu xəstəliklərə fotofobi və ya işığa həssaslıq, katarakta, qlaukoma, üveit, kornea şəffaflığının, görmə qabiliyyətinin itirilməsi və allergik reaksiyalar daxildir. 

Sağlam gözlərdə keratopiqmentasiyanın tətbiqi gələcəkdə katarakta və ya torlu qişa əməliyyatlarına mane ola bilər. Çünki tətbiq olunan piqment trabekulanı tıxayaraq nəticədə piqmentar qlaukoma əmələ gəlir. Buna görə inkişaf etmiş ölkələrdə bu prosedur geniş yayılmayıb. 

 

10 min manatlıq xərc tələb edir 


Daxili İşlər Nazirliyinin məlumatına görə, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunu və ya göz rəngini dəyişdirməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır. 

C.Şahbazov da qeyd edib ki, FLAAK estetik əməliyyatdır, yəni zəruri əməliyyat deyil. Amma görünən odur ki, insanlar belə rahatlıqla cərrahiyyə proseduruna üz tuturlarsa, demək ki, bunu özləri üçün zəruri hesab edirlər. Doğrudur, insanların seçimlərinə, "zövq"lərinə hörmətlə yanaşmaq, dəbə uyğunlaşmaq lazımdır. Amma dəb də dəb ola...

Məsələyə dini aspektdən yanaşanların da sayı az deyil. C.Şahbazov bu tip rəy yazanlara belə cavab verib: "İnsanın göz rənginin, saçının və digər dəyişiklikləri tamamilə öz seçimidir. Digər şəxslərin fikrinin burada əhəmiyyəti yoxdur. Xüsusilə estetik proseslərdə ikinci insanın fikrini almağa ehtiyac yoxdur. Allahın işinə qarışmaq doğru deyil kimi fikirlər absurddur və heç kimin bu məsləhətə ehtiyacı yoxdur". 

Araşdırma apardığımız zaman FLAAK əməliyyatı etdirən türkiyəli xanımın paylaşımı qarşımıza çıxdı. Xanım əməliyyat  barədə məlumat verirdi, amma rəylərin, demək olar ki, böyük əksəriyyətində bu prosedurun əleyhinə fikir bildirilirdi. Eyni zamanda türkiyəli oftalmoloqlar da əməliyyatın riskli olduğunu, hətta pul verilsə belə bunu icra etməyəcəklərini, eyni zamanda heç kəsə tövsiyə etmədiklərini yazırlar. 

Hazırda Azərbaycanda keratopiqmentasiya əməliyyatı icra edən yalnız Cahid Şahbazov deyil. Cərrah-oftalmoloq Mədinə Fərziyeva göz rənginin dəyişdirilməsi üzrə ən müasir texnologiyalar sahəsində xaricdə təlim keçərək beynəlxalq sertifikatlarla təltif olunub və artıq bu əməliyyatı ölkəmizdə icra edir. Onun çalışdığı klinikadan əməliyyatın qiyməti barədə bir müddət əvvəl aldığımız məlumatda qeyd olunur ki, əməliyyat tam ağrısız və təhlükəsiz şəkildə, bu prosedur üçün təsdiqlənmiş "VisuMax 500" cihazı ilə həyata keçirilir. Proses təxmini 40-50 dəqiqə davam edir. İlkin konsultasiyalar tam ödənişsizdir. Həkim qəbulu zamanı arzulanan göz rəngi xüsusi simulyasiya proqramı vasitəsilə təqdim olunur. "Düşünmək üçün bir həftə vaxt verilir. Qərar qəbul olunandan sonra əməliyyat üçün uyğun gün təyin edilir. Əməliyyatın qiyməti rəng seçimindən asılı olmayaraq, "VisuMax 500" aparatı ilə hər iki göz üçün 9900 manat təşkil edir", - deyə məlumatda bildirildi.

 Qeyd olundu ki, FLAAK əməliyyatının endirimli qiyməti isə 7 min manatdır. Öyrəndik ki, Cahid Şahbazov da hazırda əməliyyatı endirimlə 8 min manata edir.

Əməliyyat qiymətinin də aşağı olmadığını nəzərə alsaq, göz rəngini dəyişənlərin hər mənada "risk"ə getdiyini deyə bilərik. Bu yerdə "demokratiyada çarə tükənməz" deyimi yada düşür. Tatuajdansa, daha təhlükəsiz üsul, cürbəcür rəngli kontakt linzalardan alıb istifadə etmək olar axı.  Nəticədə həm o boyda prosedura ehtiyac qalmaz, həm də pul cibdə qalar. Özü də söhbət 1-2 min manatdan deyil, on min manatdan gedir. 


Estetik tələbat, yoxsa psixoloji faktorlar?


Son illərdə insanların tez-tez estetik əməliyyatlara üz tutmasının və üzərlərində müxtəlif dəyişikliklər etməsinin səbəblərini öyrənmək üçün Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini də aldıq. 

Psixoloq qeyd edir ki, FLAAK  göz rəngini dəyişdirmək üçün bir texnologiya kimi təqdim edilsə də, bu əməliyyata müraciət edən insanların əsas motivasiyaları təkcə estetik tələbatla məhdudlaşmır. Bu tendensiyanın arxasında müxtəlif psixoloji faktorların olduğunu da söyləmək mümkündür. "Qeyd edim ki, müasir dövrdə insanlar fərqliliklərini ifadə etmək üçün bədənləri üzərində dəyişikliklər etməyə daha çox meyillidirlər. Göz rəngini dəyişmək kimi prosedurlar fərdi xüsusiyyətləri vurğulamaq və özünü daha unikal hiss etmək üçün bir vasitə kimi qəbul edilə bilər. Eləcə də özünəinamı aşağı olan şəxslər bədənlərinin bir hissəsini dəyişdirməklə özlərini daha cəlbedici və diqqətəlayiq hiss edə biləcəklərinə inanırlar. Bu, xüsusilə gözlər kimi vizual olaraq ilk təəssürat yaradan sahələrdə daha çox görülür. Sosial media və məşhurların təsiri belə əməliyyatlara olan marağı artırır. İnsanlar başqalarının bu proseduru etdiyini görüb, onları təqlid etmək istəyirlər", - deyə o əlavə edir.

E.Rüstəmov vurğulayır ki, bəzi hallarda isə fərqli göz rəngləri ideal gözəllik standartları ilə əlaqələndirilir. Qərb mədəniyyətində daha açıq rəngli gözlərin üstünlük təşkil etməsi bəzi fərdləri bu rəngə nail olmaq üçün əməliyyatlara yönləndirir. Bəzi hallarda isə insanlar daxili narahatlıqlarını və kimlikləri ilə bağlı qeyri-müəyyənliklərini fiziki görünüşlərində dəyişiklik etməklə həll etməyə çalışırlar. Bu, daxili psixoloji tarazlığın itirildiyini göstərir. Əməliyyata olan tələbatın yalnız estetik səbəblərdən qaynaqlanmadığını nəzərə alaraq, belə prosedurlara qərar verənlərin peşəkar psixoloji məsləhət almaları tövsiyə olunsa, daha yaxşıdır. Bu, qərarın daha sağlam və düşünülmüş şəkildə verilməsinə kömək edə bilər.

İnstitutun rəhbəri bildirir ki, göz kimi həssas və həyati vacib bir orqana müdaxilə tələb edən əməliyyat risklərini nəzərə alan şəxslərin motivasiyalarını yalnız cəsarət kimi qiymətləndirmək kifayət etməz. Bu şəxslərin belə bir addımı atması arxasında daha dərin psixoloji faktorlar və komplekslər ola bilər, çünki hər hansı tibbi prosedurun, xüsusilə göz rəngini dəyişdirmək kimi estetik əməliyyatların ciddi risklər daşıdığını bilmək mütləqdir. Bu riskləri bilə-bilə belə bir əməliyyata qərar verənlər cəsarətli görünə bilsələr də, bu qərar daha çox risklərin əhəmiyyətini kiçiltmək və ya problemləri həll etmək üçün son çarə kimi qəbul edilə bilər. 


Cəsarət maskası ilə riskli addımlara qərar verənlər


E.Rüstəmov qeyd edir ki, psixoloji baxımdan bu davranış "impulsiv risk qəbul etmə" və ya "nəticələrə fokuslanmama" ilə əlaqədardır: "Eyni zamanda göz rəngini dəyişdirmək arzusu çox vaxt özünüdərkin və özünüqəbulun zəifliyindən qaynaqlana bilər. Öz bədəninin bir hissəsini "yetərsiz" və ya "qüsurlu" hesab edən insanlar bunu dəyişdirərək daxili komplekslərini aşa biləcəklərinə inanırlar. Əgər göz rəngi kimi nisbətən sadə bir məsələ kompleksə çevrilibsə, bu, daha dərindən həll edilməli emosional narahatlıqların mövcudluğuna işarə edir. Bəzi insanlar öz görünüşlərində "mükəmməllik" axtarışında olur və kiçik detalları belə dəyişmək istəyirlər. Bu, bəzən daxili harmoniya axtarışı kimi təzahür etsə də, çox vaxt qeyri-real gözləntilərdən irəli gəlir. Belə insanlar mükəmməl görünüşə nail olmaq üçün riskləri gözardı etməyə meyilli olurlar. Normal həyatda cəsarət adətən çətin qərarları ağılla və nəticələrini anlamaqla qəbul etməkdən irəli gəlir. Lakin bu proseduru seçən şəxslər arasında emosional kompleksləri aşa bilməyənlərin sayı daha çox ola bilər". 

Cəsarət və kompleksin bir-birinə zidd anlayışlar olmadığını deyən E.Rüstəmov qeyd edir ki, çox vaxt komplekslərini aradan qaldırmaq istəyən insanlar cəsarət maskası ilə riskli addımlara qərar verirlər. 


Motivasiya yalnız göz rəngini dəyişməkdirmi?


Elmi Tədqiqat İnstitutunun sədri vurğulayır ki, göz rəngi kimi estetik dəyişikliklər istəyən şəxslərə əməliyyatdan əvvəl psixoloji məsləhət xidmətləri göstərilməsi çox vacibdir. Bu, onların motivasiyalarını daha yaxşı başa düşməyə və həqiqətən dəyişiklik istəyinin daxili harmoniya ilə bağlı olub-olmadığını müəyyən etməyə kömək göstərər. FLAAK əməliyyatına yüksək məbləğdə pul xərcləyən və riskə gedən insanların motivasiyaları yalnız göz rəngini dəyişmək kimi sadə məqsədlə məhdudlaşmır, onların görünməyən məqsədləri sosial, psixoloji və bəzən dərin emosional köklərə malik olur: "Məsələn, prestij göstəricisi: bu cür bahalı əməliyyatlara yalnız müəyyən maliyyə imkanlarına sahib insanlar müraciət edə bilirlər. Bu, bəzən status nümayiş etdirmək və "bunu etməyə gücüm çatır" mesajı vermək istəyi ilə bağlı olur. Məqsəd diqqət mərkəzində olmaqdır. Dəyişdirilmiş göz rəngi qeyri-adi və nadir olduğu üçün insanlar diqqət çəkmək və sosial çevrələrində unikal görünmək məqsədilə bu əməliyyata müraciət edə bilərlər. burada bir neçə amil var. Daxili boşluğun doldurulması: bəzi insanlar maddi imkanlarından psixoloji və emosional narahatlıqlarını aradan qaldırmaq üçün istifadə edirlər. Onlar inanırlar ki, fiziki görünüşdə dəyişiklik etmək daxili narahatlıqları yüngülləşdirə və özünəinamı artıra bilər. Bu yanaşma bəzən müvəqqəti təsir göstərsə də, əsas problem həll olunmadan qalır. Yenilənmə və yeni başlanğıc simvolu kimi: göz rəngini dəyişmək kimi əməliyyatlar bəzən insanların həyatında yeni mərhələ və ya yenilənmə simvolu kimi qəbul edilir. Özlərini yeni bir "mən" olaraq təqdim etmək istəyənlər belə addımlara daha meyilli olurlar. Bu, keçmişdə yaşanmış çətinliklərdən və ya travmalardan qurtulma istəyi ilə də bağlı ola bilər. Təsdiq və qəbulu görmək ehtiyacı kimi: əməliyyat edənlərin bəzisi başqalarının təsdiqini və qəbulunu qazanmaq məqsədilə bu addımı atır. Xüsusilə sosial mediada görünüşə böyük əhəmiyyət verildiyi dövrdə belə dəyişikliklər daha çox bəyənmə, diqqət və sosial təsdiq üçün vasitəyə çevrilə bilir. İdeal görünüş arxasınca qaçmaq cəhdi: müasir dövrdə gözəllik standartlarının təsiri altında insanlar daha "ideal" görünüş əldə etməyə çalışırlar. Göz rənginin dəyişməsi də bu axtarışın bir parçası ola bilər. Bu şəxslər idealizə edilmiş bir görünüşə sahib olmağın onları daha xoşbəxt edəcəyinə inanırlar. Pulun rolunun psixoloji görünüşü: maddi imkanı yüksək olan bəzi insanlar üçün yüksək xərcli əməliyyatlar daha çox dəyər ifadə edir. Onlar bu məbləği ödəməklə özlərinə "nadir bir şeyi əldə etmək" zövqünü yaşadırlar və bu, bəzən psixoloji olaraq özlərini daha üstün hiss etmələrinə kömək edir. Psixoloji özünütəsdiq: göz rəngi dəyişmək istəyən insanlar bu prosesi nəzarəti öz əllərində saxlamağın bir forması kimi görə bilərlər. Bu, bəzən "həyatım üzərində tam nəzarətim var" mesajını özlərinə və başqalarına vermək üçün edilir".    


Arxasında ciddi psixoloji faktorların dayandığı estetik əməliyyatlar


E.Rüstəmov deyir ki, estetik əməliyyatlara müraciət edən şəxslərin prosedurdan əvvəl psixoloji vəziyyətinin diqqətlə öyrənilməsi həm onların qərarlarının sağlam əsaslara söykəndiyinə əmin olmaq, həm də əməliyyat sonrası mənfi emosional nəticələrin qarşısını almaq üçün vacibdir. Xüsusən də bahalı və riskli prosedurlar zamanı psixoloji qiymətləndirmə böyük əhəmiyyət kəsb edir. Əməliyyata müraciət edən şəxsin psixoloji vəziyyəti ilə bağlı diqqət edilməli əsas məqamlara daxildir: "Onların motivasiyaları: şəxs niyə bu əməliyyatı istəyir? Məqsəd təkcə estetik görünüşdür, yoxsa daxili narahatlıq və ya sosial təsir də var? Özünüqəbul səviyyəsi: şəxs öz görünüşünü və kimliyini nə qədər qəbul edir? Görünüşdə dəyişiklik istəyi komplekslərin nəticəsidirmi? Reallıq hissi: şəxsin gözləntiləri realdırmı, yoxsa qeyri-real təsəvvürlərə əsaslanır? Keçmiş travmalar: şəxsin keçmişdə yaşadığı emosional və ya psixoloji travmalar bu qərara təsir edibmi? Emosional sabitlik: depressiya, həyəcan-təşviş və ya bədən dismorfiyası pozuntusu kimi psixoloji problemlər varmı?"  

Psixoloq vurğulayır ki, psixologiyada tez-tez və təkrar-təkrar estetik əməliyyatlara üz tutmaq bir neçə ümumi diaqnoz və ya davranış nümunəsi ilə əlaqələndirilə bilər:   "Bədən dismorfik pozuntusu (BodDysmorphic Disorder - BDD) - bu, şəxsin öz görünüşündə qeyri-real və həddindən artıq qüsurlar görməsi ilə xarakterizə olunan psixoloji bir pozuntudur. Həmin şəxslər cüzi və ya başqaları tərəfindən nəzərə çarpmayan bir detala görə özlərini narahat hiss edir və onu düzəltməyə çalışırlar. Mükəmməllikçi davranış (Perfectionism) - şəxsin görünüşünü tamamilə mükəmməl etmək arzusu onu dəfələrlə əməliyyata yönləndirə bilər. Təsdiq asılılığı (Approval-Seeking Behavior) -  başqalarının təsdiqini qazanmaq və qəbul edilmək ehtiyacı bu şəxsləri davamlı olaraq öz görünüşlərini dəyişdirməyə məcbur edir. Özünə nəzarətetmə çətinliyi - maddi imkanları yüksək olan şəxslər arasında estetik əməliyyatlara asılılıq (behavioral addiction) halına gələnlər də ola bilər. Ona görə də əgər şəxs bədən dismorfiyası, depressiya və ya başqa bir psixoloji problem yaşayırsa, əməliyyata icazə verilmədən öncə psixoterapiya məsləhət görülür. Bu şəxslərlə terapevtik iş nəticəsində onların həqiqi ehtiyacları və məqsədləri müəyyənləşdirilə bilər".

E.Rüstəmov sonda qeyd edir ki, estetik əməliyyatların yalnız kosmetik prosedur olmadığını və arxasında ciddi psixoloji faktorların dayandığını unutmaq olmaz: "Psixoloqların bu prosesdə aktiv iştirakı şəxslərin sağlam qərarlar qəbul etməsinə və əməliyyatdan sonra psixoloji problemlərin yaranmasının qarşısını almağa kömək edir. Tez-tez bu əməliyyatlara müraciət edənlər üçün isə psixoterapevtik müdaxilə daha dərin problemləri həll etmək üçün effektiv ola bilər".  

Bəzən yarızarafat da olsa, rəngli gözə sahib insanlara "siz hər şeyi rəngli görürsüz" sualını ünvanlayırlar. Əgər bu tendensiya dünyaya rəngli baxmaq istəyindən qaynaqlanırsa, təəssüflə qeyd edəcəyik ki, "araşdırma"lar bunun həqiqət olmadığını göstərir. Nəticələrə görə, həyata rəngli baxmaq gözlərimizdən deyil, düşüncə tərzimizdən asılı olaraq, komplekslərimizdən azad olmaqla başlayır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib

18:09
14 Mart

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

18:07
14 Mart

Laçında işəgötürənlərlə görüş keçirilib

18:07
14 Mart

Arayik Harutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib  

18:05
14 Mart

Komitə sədri: Biz artıq ən mükəmməl planlaşdırma aparırıq

18:04
14 Mart

Moldova portalı XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb

18:00
14 Mart

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib

17:51
14 Mart

Bakıda və Abşeron yarımadasında temperatur 27 dərəcəyədək yüksələcək

17:50
14 Mart

İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur  

17:47
14 Mart

Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək

17:45
14 Mart

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb  

17:44
14 Mart

Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam

17:43
14 Mart

Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb  

17:42
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

17:41
14 Mart

Anar Quliyev: Dövlət büdcəsindən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə böyük vəsait ayrılıb  

17:39
14 Mart

Volkan Bozkır: Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləri nümunədir

17:38
14 Mart

Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq

17:37
14 Mart

Milli Məclis Nazirlər Kabinetinin 2024-cü il üçün illik hesabatını qəbul edib

17:36
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər” YENİLƏNİB

17:36
14 Mart

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub

16:32
14 Mart

Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir  

16:29
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!