Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası yüksək səviyyədə təşkil olunub. Bu tədbir İslam dünyasında birliyin, həmrəyliyin və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Yəmən Respublikası Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani deyib.
O qeyd edib ki, bu gün dünya ciddi çağırışlarla üz-üzədir. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, silahlı münaqişələrin genişlənməsi və humanitar böhranların dərinləşməsi beynəlxalq ictimaiyyət qarşısında böyük məsuliyyət yaradır.
“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yalnız iqtisadi məsələ deyil. Bu, eyni zamanda, sülhün, təhlükəsizliyin, sosial ədalətin və beynəlxalq əməkdaşlığın təmin olunmasını tələb edir. Son dövrlərdə regionda baş verən hərbi qarşıdurmalar bir daha göstərir ki, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi dövlətlər arasında sıx əməkdaşlıq və qarşılıqlı etimad tələb edir. Bu gün qarşımızda böyük öhdəliklər dayanır. Gələcək keçmişdən daha mürəkkəb və daha böyük məsuliyyət tələb edir. Buna görə də parlamentlər arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Sultan Səid Əlbarkani vurğulayıb.
O bildirib ki, Yəmən parlamentlərarası əməkdaşlığın inkişafına açıqdır və İƏT çərçivəsində birgə fəaliyyətin gücləndirilməsini dəstəkləyir.