23 Iyun 2024 09:20
474
Elm və texnika
A- A+

Yadplanetlilər bizimlə niyə əlaqə saxlamırlar?

 

Təbii ki, mövcuddurlarsa

 

Kainatda Yerdən başqa sivilizasiya varmı? Yadplanetlilər mövcuddurmu? Onlar planetimizə səyahət edirlərmi? Bu suallar yüz illərdir insanların müzakirə mövzusudur. Elm adamları təxminən 2 trilyon qalaktikanın daxil olduğu kainatda Yerdən başqa planetlərdə də həyatın olduğunu ehtimal etsələr də, bəşəriyyət hələ yadplanetlilərin varlığına dair dəqiq sübuta malik deyil. Bu, maraqlı bir sual doğurur: Əgər kainatda həqiqətən bizdən başqa insanlar varsa, niyə onları görmürük, eşitmirik?

 

Yerdən kənar həyatın olması mümkündürmü?

 

Alimlər yadplanetlilərin bizimlə əlaqə saxlamamasının səbəbini bir sıra nəzəriyyələrlə izah edirlər. Kainatın yaşının 13,8 milyard il olduğunu nəzərə alsaq deyə bilərik ki, əgər bir neçə sivilizasiya yaransaydı, onların yüksək dərəcədə inkişafı üçün kifayət qədər vaxtları olardı. Kainatın yaşının çoxluğunu və saysız-hesabsız ulduzların varlığı fonunda Yerdən kənar həyatın olması mümkündür. Bu mülahizəni 1950-ci ildə irəli sürən fizik Enriko Fermi belə bir sual vermişdi: "Əgər Süd yolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Daha sonralar bu suala  Maykl H.Hart 1975-ci il tarixli bir məqaləsi ilə cavab vermişdi. Bu səbəbdən nəzəriyyə "Fermi-Hart" paradoksu olaraq adlandırılıb. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosa səyahət çətin olsa belə əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radiosiqnalları eşitmək mümkün deyilmi?!"
Paradoksun əsas izahı belədir: Kainatın böyüklüyü və yaşı texnoloji baxımdan inkişaf etmiş vəziyyətdə olan bir çox sivilizasiyanın mövcud olmasını tələb edir. Ancaq bu, təsdiqedici hər hansı bir dəlilin olmamasına görə hələlik fərziyyədir. Fermi paradoksu iki şəkildə soruşula bilər: "Niyə yadplanetlilərə, ya da onlar tərəfindən yaradılmış obyektlərə fiziki olaraq rast gəlmirik?" və ya "Niyə üstün həyatın işarələrini görmürük?"
Bu sualları cavablandırmağa çalışan bəzi elm adamları düşünürlər ki, kifayət qədər inkişaf etmiş bir sivilizasiya müşahidə edilə bilən kainatın olduqca böyük bir hissəsindən görünə bilər. Bu cür sivilizasiyalar çox nadir olsalar belə indiyə qədər kəşf edilməli idilər. Ancaq indiyə qədər onların izinə rast gəlinməyib.

 

"Qaranlıq meşə" və "Böyük süzgəc" nəzəriyyələri

 

Digər bir nəzəriyyə "Qaranlıq meşə"dir ("Dark Forest Theory"). O, Çin yazıçısı Liu Cixin "Üç bədən problemi" adlı elmi-fantastik trilogiyasında təklif edilən bir konsepsiyadır. Bu nəzəriyyəyə görə, kosmosa səyahət edən yadplanetlilərin kainatdakı digər sivilizasiyalardan gizlin qalmaları onların  strateji maraqlarından irəli gəlir.
Fantastik konsepsiya olub, heç bir elmi təsdiqi olmayan "Qaranlıq meşə" nəzəriyyəsinə əsasən, sivilizasiyalar görünməz qalmaq üçün səy göstərirlər.  Yadplanetlilər siqnallarını maskalayır, təmasdan qaçır və mövcudluqları haqqında məlumatın yayılmasını məhdudlaşdırırlar. Ancaq onu da nəzərə almaq lazımdır ki, sivilizasiyalar keçmişdə yarana bilər. Lakin bu, onların hələ də mövcud olduğu demək deyil. 
"Böyük süzgəc" nəzəriyyəsinə görə isə yadplanetlilərin bu və ya digər səbəbdən səssiz olduğunu güman etməkdənsə, onları artıq gözdən qaçırtdığımızı qəbul etməliyik. Tədqiqatçılar iddia edirlər ki, bu nəhəng sivilizasiyalar səbirlə gözdən uzaqda gözləyə də bilirlər. Bəs niyə yadplanetlilər vaxtlarını bu şəkildə sərf edirlər? Mütəxəssislər bildirirlər ki, kompüterlər soyuduqca daha çox enerjiyə qənaət edir. Kvant zərrəciklərinin qəribə davranışından istifadə edən kvant kompüterləri daha da soyuq olmalıdır. Bunun üçün mütləq sıfıra yaxın temperatur tələb edilir. Yadplanetlilər kütləvi soyutma sistemləri yaratmaq üçün çoxlu resurs xərcləməkdənsə, bəlkə də kainatın soyumasını gözləməyi seçiblər.

 

Peruda tapılan mumiyalar

 

Bir neçə il öncə Peruda tapılan iki insanabənzər mumiya ilə bağlı aparılan ilk araşdırmalarda onların mənşəyi ilə bağlı dəqiq nəticə əldə edilməmişdi. Mumiyaların yadplanetlilərə aid olduğu iddialarını rədd edən elm adamları hər iki mumiyanın insan və heyvan hissələrinin birləşdirilərək yaradıldığını açıqlamışdılar. Peru Ədli Tibb İnstitutunun mütəxəssisi Flavio Estrada "Bu iki mumiya yad canlılar deyil. Hər ikisi oyuncaq heyvan sümükləri ilə sintetik yapışdırıcılar birləşdirilərək yaradılıb" deyərək onların yadplanetli olması iddiasını "tamamilə uydurma" adlandırmışdı.
İndi isə mumiyalarla bağlı yeni tədqiqat nəticələri ortaya çıxıb. Yeni analiz nəticələri mumiyaların DNT-sinin 30 faizinin naməlum növə aid olduğunu göstərir. Tədqiqatçılar mumiyaların insan olmadığını təsdiqləsələr də, onları yadplanetli elan etməkdən çəkiniblər. 1000 ildən çox yaşı olduğunu iddia edilən mumiyalar üçbarmaqlı əllərə sahib tək bir skeletdən ibarətdirlər. Onların yüngül, lakin möhkəm sümükləri var. Dişləri olmasa da, mumiyalar Yer üzündə ən nadir elementlərdən olan kadmium və osmiumdan hazırlanmış implantlara sahibdirlər. Ən əsası isə tədqiqatçılar tapıntının insan təbiətinə aid olmayan real varlıq olduğunu bildirirlər.
Planetimizin ən böyük sirlərindən biri olaraq xarakterizə edilən yadplanetlilərlə bağlı hər kəs müxtəlif fikirlərə sahib olsa da, reallıq odur ki, bu kainat yalnız bir sivilizasiyanın varlığı üçün olduqca böyükdür. 

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video