07 May 2024 12:23
1117
PARLAMENT
A- A+

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi  

 

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin mayın 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə görə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. Dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Eyni zamanda, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır.

Qanun layihəsinə görə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilmir.

Qanunla, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək. Süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.

Sənədə görə, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 ildən çox olmayaraq, süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası üçün isə 3 ildən az, lakin 6 ildən çox olmayan müddət müəyyən edilir. Sənədə əsasən, qanunla müəyyən edilmiş müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən 2 ildən çox olmamaqla uzadıla bilər.

Nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, sifarişçinin icazə hüququna xitam verilir.

Sənəd layihəsi müzakirə edilərək, səsvermədən sonra üçüncü oxunuşda təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video