11 Iyun 2024 08:05
220
SİYASƏT
A- A+

Xəstə çox şey dilər...

 

"Xəstə çox şey dilər, amma ona qismət olmaz!"
Məşhur qəzəlin, məşhur  misrasıdır.
Eşqdən yazılmış olsa da, siyasi məna çıxarmaq da mümkündür.
Xüsusən xəstə təxəyyüllü insanları və millətləri görəndə...

Təxəyyül xəstəliyi çox ağır dərddir.
Xüsusən yoluxma kütləvi olanda...

Məsələn, bu xəstəlik zamanı insanın ağlına qəribə fikirlər gəlir, özünə qeyri-adi keyfiyyətləri şamil edir, həyatda heç zaman olmayanları və ola bilməyəcəkləri olmuş, reallıq və gerçəklik kimi qəbul edir.
Hələ bu harasıdır, özü olmayanlara inanandan sonra başqalarını da buna inandırmağa çalışır,  dayanmadan, gecə-gündüz bu barədə danışır...
Hətta müəyyən "faktlar",  "sübutlar" da "taparaq" hamıya göstərir, baş verməyənləri gerçəklik təki "sübut" etməyə çalışır.
Bəli, söhbət məşhur "erməni xəstəliyi"ndən gedir...
Əsrlərdir davam edən erməni mərəzi və "Böyük Ermənistan" xülyasından.

Xəstəliyin simptomları  hansılardır?
Məsələn, ermənilər yüz illərdir ki,  dünyanı inandırmağa çalışırlar ki:
* Dünyada yaranan ilk millət;
* Xristianlığı  birinci qəbul edən xalq;
* Ən qədim mədəniyyətə malik olanlar;
* "Dəhşətli  soyqırımı"na məruz qalanlar;
* Qafqazın ən qədim milləti;
* Qafqazdakı bütün  kilsələrin sahibi məhz ermənilərdir.
***
Ermənilərin Cənubi Qafqaza gətirilmələri və yerləşdirilmələri vaxtı bəllidir və  tarixi sənədlərlə sübuta yetirilir!
Belə ki, türklərə xəyanət etdikdən sonra  XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza gətirilən ermənilər Azərbaycan torpaqlarında və ərazilərində məskunlaşdırıldılar.
Ağalarının köməyi ilə forpost dövləti yaradan ermənilər sistemli şəkildə toponimlərimizi dəyişərək buraları erməniləşdirməyə, "qədim erməni dövlətinin"  "əlamət"  və "abidələrini" yaratmağa girişdilər.
"Adqoyma"  işlərini bu gün də davam etdirirlər.
Özü də utanıb qızarmadan!
Məsələn, ermənilərin dünyaya sırıdıqları fikrə  görə:
* İrəvan ən qədim erməni şəhəridir;
* Bütün kəndlərin adı qədim erməni mənşəlidir;
* Bütün tarixi abidələr məhz ermənilərə məxsusdur;
* Burada ifa olunan bütün musiqi nümunələrini, hətta yerli mətbəxi belə ermənilər yaradıblar;
*Bütövlükdə Qarabağ qədim erməni  torpağıdır!
***
Haylar bəzən özlərinə "böhtan" atmağı da sevirlər!
Hansısa məqsədlərini pərdələyəndə, yaxud hansısa mənfur planlarını həyata keçirmək üçün "təməl" yaradanda...

Belə ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində  yaranmış məqamdan istifadə edərək Qarabağı işğal etmək üçün irəlicədən "ideoloji baza" yaratmaq üçün sovet mətbuatında, daha sonra dünya informasiya vasitələrində özlərinə "qədimlik"dən fərqlənən  yeni  "keyfiyyətlər"  sırımağa başladılar.
GUYA:
* Erməni fağır və məzlum millətdir;
* Azlıqda qaldıqlarına görə onları sıxışdırırlar;
* Azərbaycanlılar "vəhşi və qəddar" olduqlarından ermənilərlə birgə yaşaya bilməzlər;
* DQMV  Ermənistana  birləşdirilməlidir!
Bundan sonra İrəvandan gələn yaraqlılar və  "saqqallılar"  Azərbaycan kəndlərinə  hücum çəkərək yerli əhaliyə divan tutmağa, mal-mülkünü qarət edərək özlərini  doğma yurdlarından qovmağa başladılar.
Qarabağı azərbaycanlılardan təmizləyəndən sonra isə xəstə təxəyyülün məhsulu olan yeni "vəzifələr"  və yeni "terminlər" də kəşf etdilər:
* "Dağlıq Qarabağın prezidenti"
* "Dağlıq Qarabağın  parlamenti"
* "Artsax  respublikası"
* "Qarabağ xalqı"  və s.
Sonra Xankəndiyə "sığışmayaraq" qondarma parlamentləri üçün Şuşada yeni bina da tikdilər.
İndi haradadır o  bina?!
Nooldu...

***
Ermənistan  həmişə "hazırının naziri" olub.
Türkiyəyə xəyanətin  əvəzi olaraq  çar Rusiyası onu Cənubi Qafqaza gətirərək Azərbaycan torpaqlarında  yerləşdirdi.
Məqsəd Orta Asiyadakı müsəlman dövlətləri ilə birbaşa əlaqələri qırmaq, türkdilli dövlətlərin birliyini pozmaq, Türkiyə qarşısında forpost dövlət quraraq onun ərazisində  hərbi bazalar yerləşdirmək və türkləri bölgədən sıxışdıraraq çıxarmaq idi!
XX əsrin əvvəllərində dünyada baş verən proseslər, SSRİ adlı qırmızı imperiyanın yaradılması, Türkiyənin müharibədə uduzdurularaq zəiflədilməsi bu mənfur niyyətin gerçəkləşməsinə şərait yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin məlum rəhbərlərinin Ermənistana xeyli ərazi "bağışlaması", 7 iyul 1923-cü ildə SSRİ rəhbərliyi tərəfindən əsassız olaraq sovet Azərbaycanı  ərazisində qondarma bir qurumun - DQMV-nin  yaradılması sovet Rusiyasının  ermənilərə yeni hədiyyəsi idi.
Bununla da Azərbaycan ərazisində sonralar əsl qara yaraya çevrilən separatizmin toxumu basdırılmış oldu.
SSRİ-nin mövcudluğunun yetmiş ili ərzində dəfələrlə və müxtəlif adlarla Azərbaycan əraziləri mərkəzi hakimiyyət tərəfindən Ermənistana güzəşt edildi.
Qırmızı imperiyanın laxlaması və dağılması dövründə də ermənilərə "rus hədiyyələri" ard-arda davam etdi.
Sonralar bu "hədiyyə"lər "milli zəmində münaqişə"lər formasında əsl işğala çevrildi.
366-cı alayın birbaşa iştirakı və yardımı ilə Azərbaycanın DQMV də daxil yeddi rayonu erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu.
Dünya, beynəlxalq hüquq bu işğala haqq və dəstək verməsə də, Ermənistan faktiki olaraq Azərbaycan ərazilərini  özünə birləşdirdi, otuz il işğalda saxlayaraq çapıb-taladı, xarabazara çevirdi.
***
Dövr keçdi, zaman dəyişdi...
Azərbaycan gücləndi, özünə qüdrətli ordu qurdu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 gündə Ermənistan ordusunu məhv edərək işğala son qoydu!
Özünü "məğlubedilməz millət",  qeyri-qanuni  silahlı birləşmələrini və terrorçu dəstələrini "məğlubedilməz ordu" adlandıran Ermənistan biabırçı məğlubiyyətə uğradıldı!
Darmadağın edilmiş Ermənistan ordusu qorxaqlar və fərarilər yığnağına çevrildi.
Çünki bu müharibədə  əvvəlkitək  onlarla birlikdə döyüşənlər, ermənilər uğrunda ölənlər yox idi!
İkinci Qarabağ müharibəsində KTMT-nin üzvü olan Ermənistan yüz oyundan çıxsa da,  Rusiya onlara yalnız silah-sursatla yardım  göstərdi.
Azərbaycanla dost münasibətində olan və irəlicədən bu müharibəyə qarışmayacaqlarını bəyan edən KTMT-nin digər üzvləri isə sözlərinin üstündə möhkəm durdular!
KTMT-nin hərbi əməliyyatlara qoşulmamasının əsas səbəbi həm də müharibənin Azərbaycan ərazisində getməsi, Azərbaycanın Ermənistana hücum etməməsi ilə bağlı idi!
Bundan  rəncidəyə düşən Ermənistan Rusiyadan küsdü!

KTMT-yə  naz edərək  tərkibindən çıxdığını bəyan etdi!
Üzünü Qərbə doğru çevirərək ABŞ, Fransa və Avropa İttifaqı ilə əlaqələr qurmağa, onları Cənubi Qafqazda yerləşdirmək üçün müxtəlif oyunlar qurmağa və ikibaşlı addımlar atmağa başladı.
Ermənistanın "qərbyönümlü"  rəhbəri, "soros uşağı" Paşinyanın "incikliyi" və oyunbazlığı bu gün də davam edir.
Ancaq bütün bu hoqqalar İlham Əliyevin "dəmir yumruğu" ilə puça çıxarılır!
Uzun illər boyu "Böyük Ermənistan" xülyası ilə yaşayanlar artıq bu gün həqiqətin və reallığın sərt üzü ilə qarşılaşıblar!
Arzulamaq, istəmək, incimək, küsmək, özgə ağa axtarışına çıxmaq bir şeydir,  reallığın sərt üzü isə başqa.
Bu gün Cənubi Qafqazda söz sahibi Azərbaycandır!
Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və razılığı olmadan kimsə bu bölgədə nəyi isə dəyişdirə bilməz!
Bunu anlamaq vaxtıdır!

***
Erməni şovinist separatçıları Qarabağda yerlərini rahatlayıb otuz il arxayın oturdular.
Daha doğrusu, özlərinə və separatçı-terrorçulara yaxşı şərait yaradaraq azərbaycanlılara məxsus yaşayış məntəqələrini  yağmalamaqla, Azərbaycan xalqının təbii sərvətlərini xaricdəki quldur şirkətlərlə əlbir şəkildə  talamaqla yağ içində böyrək kimi üzdülər.
Heç ağıllarına da gəlmirdi ki, bütün bunlar müvəqqətidir və burunlarından gətiriləcəkdir!
Necə ki 44 günlük Zəfər müharibəsində başlarını əzib onları məğlub, qorxaq, fərari, miskin, rəzil və şərəfsiz günə saldıq!
Bir vaxtlar Qarabağ xuntasının təmsilçiləri, Ermənistanın ikinci və üçüncü  prezidentləri olmuş  Robert Koçaryan və Serjik Sərkisyan Qarabağda və İrəvanda  əlləri bellərində gəzəndə forsları yerə-göyə sığmırdı...
Hətta o dərəcədə qudurmuşdular ki,  ermənilərlə azərbaycanlıların  birgə yaşamalarının "genetik cəhətdən mümkünsüzlüyünü", Xocalı soyqırımı  törətdiklərini açıq şəkildə bəyan edirdilər.
Bu gün rəngləri qaralmış, qədləri əyilmiş, sifətləri çönmüş şəkildə, polis nəzarəti altında məhkəməyə ifadə verir, beyinlərini korlayaraq miskin və dilənçi günə  qoyduqları  erməni vətəndaşlarının  nifrət  dolu baxışları altında büzüşmüş vəziyyətdə, məğlubiyyətin acı utancını gücdən düşmüş çiyinlərində əzilə-əzilə  daşımaqla  gəzirlər.
Türkün qəddar düşməni, "miatsum"un  nəzəriyyəçi və ruporlarından biri olan  Zori Balayan  yazdıqlarının  zəhərini daddıqdan sonra  məğlub və zəlil separatçı kimi dərd içində gorbagor oldu.
Əsgərin payını oğurlayan, orduya ayrılan vəsaitləri mənimsəyərək  milyonçuya çevrilən onlarla peysəri qat bağlamış, sinəsi dəmir-dümürlə dolu general  türmədə Tanrı  cəzasını çəkir və axırlarının necə olacağını heç özləri də bilmirlər...
Ermənistanın xarici işlər naziri işlədiyi dövrdə "dünya səyahəti"nə çıxaraq müxtəlif  ölkələrdəki  erməni diaspor təmsilçiləri ilə lovğalıqla görüşən, Qarabağdakı "uğurları"ndan ağzı köpüklənə-köpüklənə dəm vuran Vardan Oskanyan iki millətin arasında düşmənçiliyin  dərinləşməsi üçün əlindən gələnləri etmişdir.
Bu gün də yanına daşnak tör-töküntülərini yığaraq yenidən "dünya turnesi"nə  çıxır.

"Qarabağ xalqının hüquqları"nın müdafiəçisi  rolunu üzərinə götürən bu uğursuz siyasətçi deyəsən "Qarabağ xalqı" deyəndə yalnız millətçi və separatçı erməni toplumunu nəzərdə tutur.
Qarabağda isə daha erməni yaşamır!
Özləri çıxıb getdilər...

Deyəsən bu xəstə təxəyyüllü, çıxdaş edilmiş "diplomat" dərk etmir ki, artıq Azərbaycanla bağlı bütün məsələlər yalnız Azərbaycanda və Azərbaycanın iştirakı, söz sahibliyi ilə  həll olunur!
Heç bir dövlət, beynəlxalq qurum Azərbaycanın daxili işlərinə burun soxa bilmir!
O da ola rüşvətxor və korrupsiyaya bulaşmış erməni diasporları və onların satın aldıqları siyasətçilər...
"Eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıb" - Azərbaycan atalar sözüdür.
Qəbahət  törətmiş, başından  böyük iş görmüş adamlar haqqında deyirlər.
Bu üzdəniraq liderlər nəinki erməni xalqına xoşbəxtlik, yeni torpaqlar gətirdilər, əksinə, normal yaşayışdan, ev-eşiklərindən gen salaraq dilənçiyə və  "Avropa qaraçısı"na çevirdilər.
Azərbaycan xalqının başına gətirdiklərini Tanrı artıqlaması ilə özlərinə qaytardı!

***
"Düşəsən mən düşən dərdə, 
Görəsən necə dərddir".

Azərbaycan bayatısının iki misrasıdır.
Dərd insanı qocaldır, qəddini əyir!
Dərd çarəsiz olanda, insan təkcə ağrımır, həm də çərləyir.
Dərmansız dərd isə insanı yalnız fiziki cəhətdən tükəndirmir, mənəvi əzablar da verir.
Otuz il yaşadığımız məcburi köçkün həyatı belə dərmansız dərdlərdən idi!
Doğrudur, dövlətimiz, Prezidentimiz daim yanımızda oldu, mümkün olan bütün köməkliklər göstərildi!
Amma bunlar dərdimizi azdan-çoxdan  yüngülləşdirirdi, sağaltmırdı!
Elliklə gələn dərd-bəla olduğundan birtəhər dözə bilirdik.

Bizi bu dərdə salanlar isə  torpağımıza və təbii sərvətlərimizə  sahib çıxmaq istəyənlər və  otuz il sahib duranlar oldu!
Vaxtilə qarabağlıların qapısında fəhlə işləyən, yeni tikdirdikləri evlərinin bənnası, suvaqçısı, dülgəri olan ermənilər  sonradan həmin evlərə sahib çıxdılar, söküb satdılar, dağıdıb yandırdılar.
Üzümüzə yaltaqcasına gülərək qulluğumuzda duranlar sonradan cəlladımıza çevrildilər.
Nə yaxşı Müzəffər Ali Baş Komandan İlham  Əliyev  onların dərsini verdi!
Nə yaxşı ordumuz qisasımızı yerdə qoymadı!
Həm də nə yaxşı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmədilər, bizimlə bir bayraq altında yaşamaq istəmədilər, müqəddəs torpaqlarımızdan rədd olub getdilər!

* Həm də bizim keçmişdəki  günümüzə düşdülər!
* Həm də bizim kimi qaçqın həyatı sürməli oldular!
* Həm də evsizliyin, işsizliyin, ehtiyacın nə olduğunu həyatlarında gördülər, ümidsizliyin acısını daddılar!
"Nə tökərsən aşına, o da çıxar qaşığına"  - bu isə digər atalar sözüdür.
* İndi  əməlinizin bəhrəsindən doyunca yeyin!
* İndi  itirdiklərinizin  ağrısını doyunca, illər boyu  çəkin!
* İndi bir vaxtlar yandırıb dağıtdığınız, viran qoyduğunuz Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrildiyinə uzaqdan həsrətlə baxaraq yanın, partlayın!
İndi  gördünüzmü Qarabağ kimindir?!
***
Kütləvi xəstəliyin necə qorxulu olduğunu və hansı fəsadlar törətdiyini COVID-19-da  hər birimiz  gördük, bildik, hətta  bəzilərimiz öz üzərində  sınadı da!
Millətin beyninin millətçilik duyğuları, şovinizm zəhəri, boş xülyalarla zəhərlənməsi heç də COVID-19-dan az ziyan  vermir.
Bir vaxtlar qoyun açaraq yer verdiyimiz, çörək yiyəsi etdiyimiz ermənilər separatizm xəstəliyinə tutularaq "Böyük Ermənistan" xülyasına yoluxduqdan sonra zəhərli ilana çevrildilər.
Xəstə  təxəyyülləri ilə çox şey  istədilər.

Havadarları və müdafiəçiləri onları ağıllandırmaq əvəzinə daha da qudurtdular, istəklərinə çata biləcəklərinə inandırdılar!
Hətta hər cürə kömək də göstərdilər!
Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u  sayəsində ilahi ədalət öz yerini tutdu!
* Çörəyimizi itirənlər çörəksiz qaldılar!
* Evlərimizi dağıdanların indi özləri evsizdirlər!
* "Böyük Ermənistan" qurmaq  istəyənlər artıq  Azərbaycan torpaqlarını hissə-hissə quzu kimi  geri qaytarırlar.
Qazaxın 4 kəndi kimi!
Bundan da betər günə  qalmaq istəmirlərsə, İlham Əliyevin digər şərtlərinə və tələblərinə də əməl etməlidirlər.
"Böyük Ermənistan"ın xülya olduğunu gec də olsa başa düşənlər, bu gün real Ermənistanı qorumalıdırlar!
Yaxın qonşuları Türkiyə və Azərbaycanla sülhə gələrək əməkdaşlığa başlamaqla  dalandan  çıxmalıdırlar!

Başqa yolları yoxdur!
Xəstə çox şey dilər,
Amma ona qismət olmaz.

Xəyallarında bəslədikləri arzular  haylara qismət olmadı!
Əlçatmaz istəklərdən də, millətçilik və separatizm xəstəliyindən də birdəfəlik sağalmaq gərəkdir!
Onsuz da "dəmir yumruq" işə düşəndə hər şeyi "sağaldaraq"  öz yerinə qoyur!

Bunu 44 gündə  təkcə ermənilər yox, bütün dünya gördü!
Separatizmin kökünü torpaqlarımızdan qazıb ataraq ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyimizi, beyni xarabları necə sağaltdığımızı  və hazırda sərhədlərimizi necə qoruduğumuzu da ən yaxşı bilənlər elə ermənilərin özüdür!
Heç kəsə və heç nəyə arxayın olmayın!
Nə keşişin, nə də revanşistlərin dalınca düşməyin!
İt dalınca düşənlərin nə tapdığını Azərbaycan atalar sözündən yaxşı bilirsiniz!

Sağalmaq və ağıllanmaq zamanıdır, cənablar!
Sonra ...
Sonrasını  özünüz hamıdan yaxşı bilirsiniz!
Qarabağ Azərbaycandır!
 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video