Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın müasir tarixində yeni bir mərhələnin əsasını qoyur. İşğaldan azad olunmuş ərazilərdə yenidən qurulan şəhər, kənd və qəsəbələr mərhələli şəkildə öz sakinlərinə qovuşur. Dağıntılar üzərində salınan yeni ünvanlar təkcə müasir memarlığın deyil, eyni zamanda qayıdışın, dirçəlişin və milli iradənin rəmzinə çevrilir.
Bu böyük proses çərçivəsində Xankəndi şəhərinə köçürülən ailələr doğma yurda dönüş sevincini yaşayırlar. Dünən ilkin mərhələdə Xankəndi şəhərinə 36 ailə, ümumilikdə 162 nəfər qayıdıb. Onlar ölkənin müxtəlif bölgələrində - Bakı, Ağcabədi, Bərdə, Abşeron, Goranboy, Ağdam, Sumqayıt, Gəncə, Şəmkir və Tərtər rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Bununla Qarabağ və Şərqi Zəngəzurda 8 şəhər, 3 qəsəbə və 26 kəndə ümumilikdə 6590 ailə, 25916 nəfər qayıdıb. Bu rəqəmlər "Böyük qayıdış" proqramının real nəticələrini və dövlət siyasətinin miqyasını açıq şəkildə nümayiş etdirir.
Xankəndiyə qayıdan sakinlər üçün bu dönüş, sadəcə, ünvan dəyişikliyi deyil, 30 ildən artıq davam edən nisgilin, həsrətin sona çatması deməkdir. Keçmiş məcburi köçkün Elməddin Quliyev doğma şəhərinə qayıdış hisslərini bölüşərkən bildirdi ki, uşaqlığının bir hissəsi Xankəndi ilə bağlıdır. "Mən Xankəndidə yaşayırdım, bağçaya gedirdim. Sonra oradan ayrı düşdüm. Otuz ildən sonra doğma yurduma qayıdıram. Hər şey yadımdadır, gözlərimin qabağındadır", - deyə o vurğulayır. Onun sözlərinə görə, bu qayıdış həm böyük sevinc, həm də dərin minnətdarlıq hissi yaradır. Altı nəfərlik ailəsi üçün dördotaqlı evlə təmin olunan Elməddin Quliyev şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə şəfa diləyir və doğma yurda dönüşün sözlə ifadə olunmaz bir hiss olduğunu qeyd edir. Xankəndiyə köçən digər keçmiş məcburi köçkün Rübabə Abbasova da uzun illər bu şəhərdə yaşadıqlarını xatırladır. Onun sözlərinə görə, Xankəndi, sadəcə, bir yaşayış yeri deyil, həyatlarının, xatirələrinin ayrılmaz parçasıdır. "Çox çətin günlərdən sonra sağ-salamat qayıdırıq. Bizə yaradılan şəraitə görə təşəkkür edirəm" deyən Rübabə Abbasova ikiotaqlı mənzillə təmin olunduqlarını bildirir. Məcburi köçkün düşdükləri dövrdə səkkiz nəfərlik ailə olduqlarını, indi isə qızı ilə birlikdə doğma yurda döndüklərini söyləyir. Bu qayıdış onun üçün həm keçmişin xatirəsi, həm də yeni həyatın başlanğıcıdır.
Keçmiş məcburi köçkün Ülviyyə Quliyeva isə Xankəndidən uşaq yaşlarında ayrıldığını, uzun illər Ramana qəsəbəsində yaşadıqlarını qeyd edir. Onun sözlərinə görə, doğma yurda dönüş qəlblərində böyük sevinc və minnətdarlıq hissi yaradıb. "Yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Onun qayğısı və diqqəti sayəsində ailəmiz üçün yeni imkanlar açıldı, uşaqlarımız xoşbəxt və təhlükəsiz bir mühitdə böyüyəcək", - deyə Ülviyyə Quliyeva vurğulayır. Bu fikirlər dövlətin həyata keçirdiyi sosial siyasətin insan talelərində necə real dəyişikliklər yaratdığını göstərir.
Familə Pəniyeva da illər sonra vətənə qayıtmağın böyük bir xoşbəxtlik olduğunu deyir. Onun sözlərinə görə, evlər püşkatma yolu ilə verilir və bu, şəffaflıq prinsiplərinə əsaslanan yanaşmanın göstəricisidir. "Çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik", - deyən Familə Pəniyeva bu gün təhlükəsiz şəraitdə yaşamaq imkanına sahib olduqlarını bildirir.
Xankəndidə və digər azad edilmiş ərazilərdə aparılan bərpa işləri yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Burada müasir infrastruktur qurulur, yollar, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri və kommunal şəbəkələr yenidən inşa edilir. Məqsəd təkcə insanları geri qaytarmaq deyil, eyni zamanda onların layiqli, təhlükəsiz və dayanıqlı həyat şəraiti ilə təmin olunmasıdır.
"Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirilən bu tədbirlər Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu əsas hədəflərin reallaşdığını göstərir. Həsrət, nisgil və ağrı yerini ümidə, sabaha, inama verir. Doğma yurda qayıdan insanlar təkcə evlərinə deyil, öz köklərinə, xatirələrinə və gələcəyə qayıdırlar. Xankəndiyə köçən hər bir ailə bu siyasətin canlı şahidinə çevrilir. Onların sevinc dolu baxışları, minnətdarlıq dolu sözləri dövlətlə vətəndaş arasında möhkəm bağın mövcudluğunu bir daha təsdiqləyir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"