10 May 2024 08:45
133
SİYASƏT
A- A+

Xalqın güvənc yeri və qürur mənbəyi

 

Ötən əsrin 1969-cu ilindən 1982-ci ilə qədər olan dövr və 1993-cü ildən 2003-cü ilə qədər davam edən zaman kəsiyi müasir Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi səciyyələndirilir. İstər sovetlər dönəmində Azərbaycan Respublikasının rəhbəri, istərsə də 1982-1987-ci illərdə SSRİ-nin rəhbər şəxslərindən biri kimi Heydər Əliyev nəinki postsovet məkanında, eləcə də dünya miqyasında qəbul edilən, mövqeyi ilə hesablaşılan və xüsusi nüfuz sahibi olan siyasətçi kimi tanınırdı.  
Öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənən Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə bir zirvəyə yüksəlmiş, xalqına göstərdiyi xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi.
Müstəqilliyin ilk illərində Azərbaycanın məruz qaldığı hərbi təcavüz və işğal, habelə yarıtmaz idarəçilik nəticəsində ölkə daxilində vətəndaş müharibəsi gözlənilən idi. Heydər Əliyev 1993-cü ilin yayında məhz belə mürəkkəb vəziyyətdə respublika rəhbərliyinə qayıtdı.
Bu, elə bir dönəm idi ki, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı davam edirdi, iqtisadi-siyasi və sosial vəziyyət getdikcə gərginləşirdi və təbii ki, ölkə rəhbərliyinə gələn şəxsin üzərinə çox ciddi məsuliyyət düşürdü. Ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, düşmənə sinə gərmək və bütövlükdə Azərbaycan cəmiyyətini toparlamaq, xalqın inamını özünə qaytarmaq lazım idi. Bu isə, əlbəttə ki, hər siyasətçinin və dövlət adamının öhdəsindən gələ biləcəyi görəv deyildi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev çətin olduğu qədər də məsuliyyətli və şərəfli olan bu görəvin öhdəsindən qətiyyətlə gəlməyi bacardı və Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara bildi.
Heydər Əliyev yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olmaqla nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə müstəqil müasir Azərbaycan dövlətini yaratdı. Müstəqilliyin qorunmasının onun əldə edilməsi qədər çətin olduğunu bildirən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
Heydər Əliyevin apardığı ardıcıl siyasət sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirildi. Azərbaycan Ordusunun yenidən qurulması üçün zaman qazanmağın vacibliyini bilən təcrübəli dövlət başçısı düşmən tərəfinin və onun havadarlarının ciddi təzyiqlərinə baxmayaraq, atəşkəsə nail oldu, cəbhədə əldə edilmiş sabitlikdən istifadə edərək ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirmək istiqamətində mühüm addımlar atılması üçün əhəmiyyətli vaxt qazandı.
Heydər Əliyev həmçinin aparıcı ölkələrlə beynəlxalq əlaqələri möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə də uğurlu neft strategiyasının təməlini qoydu. Məqsədyönlü xarici siyasət kursunun aparılması ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və böyük investisiya imkanları yaratdı. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artmağa başladı, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırıldı.
Növbəti illərdə ölkədə neft kontraktlarının imzalanması, ciddi beynəlxalq dəstəyin əldə edilməsi ölkəmizin ağır durumdan xilası üçün böyük əhəmiyyət kəsb etdi. Bu mənada torpaqlarımızın 20 faizinin işğal altında olduğu, bir milyon qaçqın və köçkünün öz dogma yurd-yuvasından didərgin düşdüyü acınacaqlı dövrdə yenicə müstəqillik əldə etmiş ölkəmizin iqtisadi-siyasi böhrandan çıxarılmasında və bununla yanaşı, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında Heydər Əliyevin rolu əvəzsizdir.
Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyini təsdiqləyən bir məqam da odur ki, o, təcrübəli bir dövlət adamı olaraq Azərbaycana rəhbərlik etdiyi ən ağır dönəmlərdə ciddi beynəlxalq təzyiqlərə dəyanətlə sinə gərərək Qarabağ məsələsində Azərbaycanın maraqlarına zidd sənədlər toplusunun formalaşmasına imkan vermədi. Siyasi iradə nümayiş etdirərək müxtəlif beynəlxalq platformalarda Qarabağ məsələsində Azərbaycanın milli və hüquqi haqqını qətiyyətlə qorudu və bu da gələcəkdə Qarabağın hərbi yolla işğaldan azad olunması üçün çox ciddi zəmin yaratdı. Bu mənada 44 günlük İkinci Qarabağ savaşının zəfərlə başa çatmasının təməlində Heydər Əliyevin tarixi xidmətlərinin əhəmiyyətli rol oynadığını qeyd etmək lazımdır.
Heydər Əliyev ideyalarının və irsinin əsas davamçısı kimi Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət və nümayiş etdirdiyi siyasi iradə sayəsində torpaqlarımız işğaldan azad olundu və ərazi bütövlüyümüz tam bərpa edildi. Bu siyasətin nəticəsidir ki, regionda yeni reallıqlar yarandı, Azərbaycan regionun əsas söz və güc sahibi kimi yeni hədəflərə doğru inamla addımlamaqdadır.
Təbii ki, Heydər Əliyevin böyüklüyünü təkcə yaxınları, tərəfdarları və dostları deyil, elə Azərbaycanın düşmənləri də zaman-zaman etiraf ediblər. Hər birimiz Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında tarixi rolu olan Heydər Əliyevin xatirəsini hörmətlə anır, ona Allahdan rəhmət diləyirik. Heydər Əliyev Azərbaycanın ən görkəmli tarixi şəxsiyyətlərindən biri kimi hər zaman tarixdə, xatirələrdə və xalqımızın qəlbində yaşayacaq.

Arzuxan Əlizadə,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video