Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Festivalın növbəti ünvanı mayın 5-də Şəki şəhəri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Ramiz İdrisoğlu çıxışında şəhərsalmanın məşğulluğa, mobilliyə və imkanlara çıxışa təsiri barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir şəhərsalma, çoxmərkəzli inkişaf modeli insanların iş yerlərinə daha yaxın yaşamasına və məşğulluq imkanlarının artmasına şərait yaradır. Yeni şəhərsalma proqramları, infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri tikinti və xidmət sahələrində yeni iş yerlərinin açılmasına birbaşa töhfə verir.
Sadiq Yusifov çıxışında növbəti WUF13 Festivalının Şəki şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayaraq deyib: “2700 ildən artıq tarixi olan Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbii landşaft Şəki şəhərinə xüsusi memarlıq görünüşü vermək üçün geniş imkanlara malikdir, elə bu da şəhəri təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə əhatə olunan Şəkinin qədim hissəsinində yerləşən küçələrin və tikililərin bir çoxu tarixi, bədii memarlıq cəhətdən böyük əhəmiyyət kəsb edir və maraq doğurur”.
Emin Hüseynzadə vurğulayıb ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştirak etməyə səsləyib.
Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı axşam saat 18:00-da Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda keçiriləcək ictimai proqramlarla davam edəcək.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.