Audit insan hüquqlarından ayrı dayanan texniki peşə deyil, hüquqi dövlətin iqtisadi dayaqlarından biri kimi dəyərləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov "Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Palata sədri qeyd edib ki, bu onunla izah olunur ki, audit rəqəmlərin arxasında dayanan həqiqəti, hesabatların arxasında dayanan məsuliyyəti, iqtisadi qərarların arxasında dayanan etibarlılığı üzə çıxarır.
“Auditin son məhsulu olan auditor rəyi sadəcə maliyyə sənədi deyil, müəssisənin idarəetmə mədəniyyəti, maliyyə intizamı, daxili nəzarət sistemi və bazar iştirakçıları qarşısında etibarlılığı və etimadı barədə ciddi peşəkar mövqedir. Ümumilikdə isə müstəqil audit iqtisadi münasibətlər sistemində mühüm nəzarət mexanizmi kimi əhəmiyyət kəsb etməklə təsərrüfat subyektləri (müəssisələr) və mülkiyyətçilər (səhmdarlar, investorlar) arasında “etimad körpüsü” rolunu oynayır. Bu gün artıq bir həqiqətdir ki, iqtisadi inkişafın əsas meyarlarından biri etimaddır. Etimad olmayan yerdə investisiya zəifləyir. İnvestisiya zəiflədikdə iqtisadi fəallıq azalır. İqtisadi fəallıq azaldıqda sahibkarlıq mühiti, məşğulluq, vergi daxilolmaları və sosial rifah zərər görür. Göründüyü kimi audit bu zəncirin başlanğıcında dayanan etimad mexanizmi olmaqla insan hüquqlarını qoruyan institusional infrastruktur elementi kimi çıxış edir”, - deyə Vahid Novruzov vurğulayıb.
İqtisadi Fəaliyyət subyektləri üçün auditin mahiyyətinin son illər köklü şəkildə dəyişdiyini deyən Palata sədri bildirib ki, əvvəllər audit bir çox hallarda məcburi yoxlama və formal hesabat proseduru kimi qəbul edilirdisə, bu gün müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm və qabaqlayıcı rola malikdir: “Başqa sözlə, müəssisə üçün auditin faydası yalnız səhvlərin göstərilməsi deyil, real dəyər yaradan mühüm bir amildir. Audit formal nəzarət düşüncəsindən etibarlı təminat, risk əsaslı əminlik və qabaqlayıcı idarəetmə düşüncəsinə keçidi təmin edir ki, bu da sahibkarların, mülkiyyətçilərin, səhmdarların və əmanətçilərin hüquqlarının qorunması deməkdir. Beynəlxalq təcrübə göstərir ki, məhz şəffaf maliyyə hesabatlılığı müəssisənin bazardakı nüfuzunu artırır; kredit və investisiya imkanlarını genişləndirir; tərəfdaşların etimadını gücləndirir. Mülkiyyət hüququ yalnız əmlaka sahib olmaqdan ibarət deyildir, həm də həmin əmlakın necə idarə olunduğunu bilmək, aktivlərin real vəziyyəti barədə etibarlı məlumat almaq, müəssisənin maliyyə nəticələrindən ədalətli şəkildə bəhrələnmək və idarəetmə üzərində qanuni nəzarət imkanına malik olmaq deməkdir. Səhmdar, payçı, investor və kreditor düzgün qərar qəbul etmək üçün etibarlı maliyyə məlumatına ehtiyac duyur. Audit bu məlumatın etibarlılığını qiymətləndirir, idarəetmə ilə mülkiyyətçi arasında informasiya boşluğunu azaldır, mümkün manipulyasiya risklərinin qarşısını alır və iqtisadi qərarların daha sağlam əsaslar üzərində qəbul olunmasına şərait yaradır”.