Kukla Teatrının aparıcı aktyorlarından olan Rəhman Rəhmanov kiçik yaşlarından səhnənin vurğunu olub, 14 yaşından səhnəyə qədəm qoyub. Bu sevgi ilə də aktyorluq peşəsinə yiyələnib. 1973-cü ildə Akademik Milli Dram Teatrının yardımçı heyətinin üzvü, 1974-cü ildən isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.
O, musiqi məktəbinin 4-cü sinfində oxuyanda Kukla Teatrının kollektivi səyyar tamaşa gətirir. Tamaşaya baxandan sonra onun üçün yeni dünya açılır. Rəhman Rəhmanov mətbuata açıqlamalarında bildirib ki, bundan bir neçə il sonra təsadüfən bir elanla rastlaşıb: "Yazılmışdı ki, həvəskar aktyorlar axtarılır. Böyük həvəslə Lütfi Məmmədbəyovun 26-lar Mədəniyyət Sarayında fəaliyyət göstərən Xalq Teatrına getdim. Məndə nəsə gördülər, başladılar fərqli rollar verməyə. Onda mənim 13-14 yaşım olardı. İlyarım müxtəlif rollar oynadım. Bir gün Lütfi müəllim söhbət əsnasında bildirdi ki, yaxşı aktyorsan, gəl, səni Akademik Milli Dram Teatrının yardımçı heyətinə düzəldim. Həm professional səhnəni, həm də peşəkar aktyorları gör, onların tamaşalarına bax. Məmnuniyyətlə razılıq verib, orada işə başladım. Bir il sonra rejissor dostum teatrda mənə dedi ki, Rəhman, mən Kukla Teatrının rejissoruyam, bəlkə sən də ora gələsən. Həmin rejissorun köməyi ilə 1974-cü il iyunun 1-də teatra gəldim. Həm yer, həm də ali təhsilim olmadığına görə işə fəhlə kimi başladım. İlyarım fəhlə işlədim. O müddətdə mənə sınaq rolları verirdilər. Gördülər alınır, aktyor ştatına götürdülər. Beləliklə, taleyimi birdəfəlik bu teatrla bağladım. İlk rolum Anarın "Qaravəlli" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Balaqədeş rolu oldu. Mən ən çox məhz o tamaşadan sonra kukla aktyoru kimi tanınmışam".
İstər dramatik, istərsə də komediya rollarının mahir ifaçısı olan sənətkar eyni zamanda televiziyanın yumoristik verilişlərində də iştirak edirdi. Onun üçün rolun böyüyü-kiçiyi yox idi. Oynadığı bütün rollara məsuliyyətlə yanaşan aktyor səhnədə çoxsaylı obrazlar yaradıb. Xüsusən Kukla Teatrında fərqlənib.
Bu teatrın səhnəsində Əli Səmədlinin "Cubbulunun çərpələngi" (Div və qədeş), "Artıq tamah baş yarar" (Təpəgöz), Qeybulla Rəsulov və Ələsgər Səmədovun "Molla Nəsrəddin" (Molla Nəsrəddin), Abdulla Şaiqin "Üç nağıl" (Aparıcı), Anarın "Qaravəlli" (Balaqədeş), Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" (Oğru), "Hamam hamam içində" (Dəvə), "Damdabaca" (Polis), Mirzəağa Atəşin "Cırtdan" (Div), Hikmət Ziyanın "Əkiz qardaşlar" (Səfər), Sabir Məmmədovun "Tülkünün aqibəti" (Baş siçan), Nadir Zamanov və Məmməd Məmmədovun "Səfərin nağılı" (Xəlil), Əli Səmədlinin və Abdulla Qüdrətin "Əzablı günlərin sonu" (Qoca zənci), Rada Moskovanın "Hara qaçırsan dayça" (Balaqan sahib), Vaymil Rabadinin "Zəncirlənmiş Pəri" (Zalım), Əli Vəliyevin "Madarın dastanı" (əkinçi), Eldəniz Quliyev və Azər Əbilovun "Dədə Qorqud" (Təpəgöz), Şahmar Hüseynovun "Sehrli güzgü" (Baba), Firuz Məmmədovun "Ac qulağım, dinc qulağım" (Buğa), Rada Moskovanın "Əlibaba və qırx quldur" (Qasım), Həsənağa Hüseynovun "Saz əhvalatı" (Ayı və timsah), Əyyub Abbasovun "Şəngülüm-şüngülüm" tamaşalarında iştirak edib. R.Rəhmanov 2006-cı ildə monotamaşalar festivalında Əyyub Abbasovun "Şəngülüm, şüngülüm" tamaşasındakı uğurlu çıxışına görə "Qızıl dərviş" mükafatına layiq görülüb. Səhnədəki çıxışları ilə hər zaman alqışlanan və sevilən 70 yaşlı istedadlı Əməkdar artist Rəhman Rəhmanov 50 ildən çox səhnə fəaliyyətinə nəzər salanda həmişə deyir: "Mənim teatr sarıdan bəxtim gətirib. Rəhmətlik Həsən Turabov, Əliabbas Qədirov Milli Dram Teatrının direktoru olanda məni dəvət ediblər, getməmişəm. Hacıbaba Bağırov, Səyavuş Aslan Musiqili Komediya Teatrının direktoru olanda dəvət etdilər, yenə razılaşmadım. Həmişə bu teatra sadiq olmuşam. Uşaqlarla işləmək çox xoşdur. Bəzən 200-ə yaxın uşaq hamısı dinməzcə tamaşaya baxır. Birdən özləri o tamaşanın personajları olurlar, özlərindən asılı olmayaraq səhnəyə qalxırlar. Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər".
Rəhman SALMANLI,
"Azərbaycan"