İflasa uğramışların zorən səmimi etirafları
"Hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yanaşmışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Torpaqlar əldən gedirdi, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir".
İlham ƏLİYEV
İnsanın yaddaşı korşala bilir, zaman keçdikcə nəyisə yaddan çıxarır.
Tarix isə heç nəyi unutmur!
Əksinə, unutqanlığı cəzalandırır.
Baş verən faciələrin bir daha təkrarlanmamasından ötrü yaddaşımızı daim "iti" saxlamalıyıq.
Yaxın tarixi, bir nəslin ömür müddətində baş verənləri isə kimsənin unutmağa haqqı yoxdur!
***
Hər dəfə may gələndə bayramlarla zəngin olan bu ayda AXC-Müsavat cütlüyünün məşhur "1993-cü ilin 25 may konfransı" da yada düşür.
Hakimiyyət dövrü "quş yuxusu" qədər çəkən bu cütlüyün özünüifşa konfransı.
Özündən müştəbeh "bəy"lərin üzqaralığının göstəricisi sayılan konfransı.
AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək eşqinə düşdükləri gündən 1993-cü ildə vəzifələrini "donduraraq" aradan çıxdıqları anadək təkcə bu "hesab konfransı"nda səmimi oldular.
Hər şeyi düz danışdılar, olanları söylədilər.
Öz naşılıqlarını, səriştəsizliklərini, bacarıqsızlıqlarını faktlarla açıqladılar.
Dövləti idarə edə bilmədiklərini, tamahlarının quluna çevrildiklərini misallarla söylədilər.
Komanda daxilində bir-birilərini aldatdıqlarını, hər şeyi şəxsi maraqlarına qurban verdiklərini etiraf etdilər.
Ən əsası onlara inanan insanlara xəyanət etdiklərini utanmadan dillərinə gətirdilər.
Ona görə yox ki, peşman olmuşdular, daha düzgün və təmiz, milli maraqlara uyğun işləyəcəklərini bildirmək istəyirdilər...
Yox, günahı bir-birilərinin üstünə yıxaraq hərə özünü suya çəkməyə, "təmiz" göstərməyə çalışırdı.
Səmimiyyətləri də peşmanlıqdan yox, etdikləri qəbahət, günah, nöqsan və xəyanətləri etiraf etmək məcburiyyətində qaldıqlarından irəli gəlirdi.
***
1993-cü ilin may konfransında "baş rolda" Əli Kərimli oynayırdı.
Ona görə yox ki, o, "məsum və günahsız", süddən çıxmış qaşıq kimi tərtəmiz idi...
Sadəcə, əlinə yaxşı girəvə düşmüşdü.
Ömrü boyu ona etibar edənləri, həyan duranları, vəzifəyə irəli çəkənləri, "düzlüyünə" və "təmizliyinə" inananları aldadaraq atan, öz məqsədləri üçün istifadə edərək niyyətinə çatanda satan, pul və vəzifə üçün vətəninə daim xəyanət edən bu ünsür rəqiblərini sıradan çıxarmaq üçün əlinə düşən imkandan məharətlə bəhrələnirdi.
Sevincdən özünü o qədər itirmişdi ki, irəli sürdüyü ittihamların, cinayət tərkibli faktların üzvü olduğu iqtidara ünvanlanmasının fərqinə belə varmırdı.
Heç kəsə sərbəst danışmağa imkan vermirdi ki, birdən müəyyən olunmuş mövzudan kənara çıxar, dövlət katibinin də "xidmət"ləri xatırlanardı.
May konfransı əsl tamaşa, baş rolun ifaçısı isə məkrli Əli Kərimli və bir də hamı tərəfindən aldadılan çarəsiz və zavallı Ə.Elçibəy idi.
May konfransındakı ittihamların bir neçəsinə nəzər salaq:
"Əli Kərimov:
- Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur".
Əvvəla, ittihamdakı faktlar kimə ünvanlanıb, qaçaqmalçılıqla kimlər məşğul olur, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbələri endirənlər kimlərdir?
Elə özün qarışıq sizin komanda deyilmi?
Mal-qaranı, maddi sərvətləri kim qorumalıdır, onlar sərhəddən keçiriləndə qarşısını kim almalıdır?
Sadə xalq, yoxsa ölkəyə rəhbərlik edənlər?!
Əli Kərimlinin ritorik suallarına zavallı prezident Elçibəy salondakı vəzifəyə qoyduğu, etibar etdiyi hüquq-mühafizə orqanları rəhbərliyinə ünvanladığı cavaba bəlli müraciəti ilə aydınlıq gətirdi.
Əslində isə özünə verməli olduğu sualı əlinin altında işləyənlərə ünvanlamaqla yerində olmayan dövlət başçısı olduğunu bir daha sübut etdi:
"Ə.Elçibəy:
- Bir sualım var. Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər oğurlanan maldan gözətçinin xəbəri yoxdursa, demək, gözətçinin orada əli var. Burada milis orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə orqanıdır. Burada oturan orqanların əli həmin cinayətdə var. Bunu nə ilə izah edərdiniz? Bax hamımız burdayıq. Demirik hüquqi dövlət qururuq... Onda bu ölkəni niyə dağıdırsan? Başa düşmürəm... Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz belə axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin. Bu xalq əgər azadlıq və demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?.."
Əgər prezident bilmirsə ki, respublika niyə dağılır, onda o, nə ilə məşğuldur, işinin adı nədir?
Yox, bilib qarşısını almırsa, yaxud ala bilmirsə, onda özü nədir? Müqəvva?
Son konfransın məzhəkəsi təkcə bununla bitmir:
* Bu qədər müzakirədən;
* Bu qədər çək-çevirdən;
* Bu qədər "araşdırma"dan;
* Ən nəhayət, bu qədər sorğu-sualdan sonra bir nəfərə belə "qaşın üstə gözün var" - deyilmir.
Bir nəfər vəzifədən kənarlaşdırılmır.
Bir nəfər barədə araşdırmaya başlanılmır.
Bir nəfər barədə belə cinayət işinin açılması haqda göstəriş verilmir.
Necə deyərlər, yedik, dağıtdıq, xəyanət etdik, yığışıb danışdıq və dağılışdıq!
Sabahdan yenə əvvəlki qaydada "işləyəcəyik"!
Baş prokuror İxtiyar Şirinov isə aparılan yoxlamaların "uğurlu" nəticələrindən, aşkara çıxarılan qanunsuzluqlardan danışır:
"İxtiyar Şirinov:
- Ümumi nəzarət yoxlamaları zamanı "Azərneftyağ" (müəssisəyə Rəsul Quliyev rəhbərlik edirdi - red.) zavoduna məxsus olan 2,5 milyon ABŞ dollarının qanunsuz olaraq israf edilməsi, 18 milyon dollara yaxın vəsaitin Türkiyənin "Dənizçilik" bankında saxlanması, Yasamal Rayon Ticarət İdarəsinin 1,5 milyard rublu qanunsuz olaraq Moskvadakı "Bank-Servis" kommersiya birliyinin hesabına keçirməsi, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda külli miqdarda dövlət əmlakının israf edilməsi, "Xəzər" firmasının Bakı Gömrük İdarəsinin əməkdaşları ilə cinayət əlaqəsinə girərək 27,5 ton bürünc və 100 tondan artıq mis çıxdaşını xaricə göndərməsi, "Mərzili" kiçik müəssisəsinin 30 ton əlvan metalı qanunsuz yolla Türkiyəyə keçirməsi, "Elgün" assosiasiyasının 157 tondan artıq alüminiumu İrana ucuz qiymətə satması nəticəsində dövlətə 100 min Amerika dollarından artıq ziyan vurması, Şamaxıda 3 nömrəli üzüm emalı zavodunda 29 milyon rublun mənimsənilməsi, Bakı şəhərində dövlət məmurlarının saxta sənədlərlə banklardan 245 milyon rublu çıxarması və digər cinayətlər açılmışdır. Yoxlamalar zamanı kənd təsərrüfatı və ərzaq, ticarət, su və meliorasiya, rabitə nazirlikləri sistemində, Dövlət Neft Şirkətində, Dəmiryol İdarəsinin idarə və təşkilatlarında böyük qanunsuzluqlar aşkar edilmişdir".
Bütün dağıntılar barədə konkret faktlar əsasında danışan baş prokuror nədənsə dövlətə başçılıq edən Ə.Elçibəyin sualına susmaqla "cavab verir":
"Ə.Elçibəy:
- Sən söz verirsən ki, Azərbaycanın nefti gedib Ermənistanın əlinə çatmayacaq? Azərbaycanda rayonlarda benzin yoxdur ki, avtobuslar işləsin. Camaat ata-anamızın qəbrinə söyür. Bu cinayətkarlar axı kimdir?.."
- ...
Yəqin ki, əsl həqiqəti söyləməkdə, cinayətkarların həmin zalda oturanların sırasında olduğunu deməkdə çətinlik çəkir.
Əgər komandanın kapitanı rüşvət almağı cinayət hesab etmirsə, vəzifə verdiklərinə rüşvət və korrupsiya ilə məşğul olmağı yasaqlamırsa, başqa necə olmalıdır?
Və Azərbaycanın "atalar sözü" sırasına düşən, AXC-Müsavat iqtidarının ən "məşhur", "həmişəyaşar" lətifələrindən biri məhz bu məqamda Elçibəy tərəfindən söylənilir:
"Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al".
Əqidəniz budurmu?
Müstəqil dövlətin qurulmasını buna görəmi istəyirdiniz?
Hakimiyyətə buna görə yiyələnmişdiniz?
Xalq isə bütün bunlara görə sizə nifrət etdi və arxa çevirdi!
***
AXC-Müsavat cütlüyü xəyanət və səriştəsizliyi ilə Azərbaycanı kövrək müstəqilliyini itirmə, bir dövlət kimi məhvolma həddinə çatdırdı.
Böyük xəyanət - Şuşanın düşmənə təslim edilməsi öz məntiqi davamı ilə "kiçik xəyanət"lə - ölkənin baş prokurorunun prezident Elçibəyin həbsinə sanksiya verməsi ilə yekunlaşdı.
Düşmən tanklarını, hərbi maşınlarını hərəkətə gətirən yanacaq Bakıdan göndərilirdi - "bəy"lərin cibinə girəcək pul əvəzində.
"Kələklə gələn, küləklə gedər - demişlər".
Xalqı aldatma yolu ilə iqtidara gələnlərin qısa müddətdə yığdıqları burunlarından gəldi!
Təkcə törətdikləri cinayət əməllərinə görə həbsxanalara düşmədilər...
Həm də xalqın gözündən düşdülər, urvatsız oldular!
İqtidarda olduqları dövr xalqın ağzında müxtəlif lətifələrlə "tarix"ə yazıldı!
Əgər Ulu Öndər Heydər Əliyev onların yalvarışı və ən əsası xalqın çağırışı ilə geri dönməsəydi, bəlkə də S.Hüseynovun "Azadlıq" meydanında qurmağa vəd etdiyi dar ağaclarında yellənəcəkdilər.
Özləri nə olsalar da, bəxtləri var imiş...
Ulu Öndər Heydər Əliyev anarxiya, xaos və fəlakətə çatdırdıqları Azərbaycanı xilas etdi, Prezident İlham Əliyev isə xəyanətkarlıqla düşmənə verdikləri Şuşanı geri qaytardı!
O dövrdə yaşayan insanlar da, qocaman tarix də bütün bunları bilir və yaddaşında saxlayır!
Bəxtiyar SADIQOV