09 May 2024 08:20
201
SİYASƏT
A- A+

"Ulu Öndərin yolu ilə irəliləyərək daha uca zirvələri hədəfləmişik"

 

Keçən il xalqımız, eləcə də bizimlə birlikdə dost xalqlar Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etdi. 2003-cü il ölkəmizdə həm də "Heydər Əliyev İli" elan olunmuşdu. İndi isə Ümummilli Liderimizin anadan olmasının 101-ci illiyini qeyd edirik. Eyni ehtiramla dəyişməyən sevgi və minnətdarlıq duyğuları ilə. Əbədiliyinin ikinci əsrinə qədəm qoyan Ulu Öndərimiz daim bizimlədir, onun göstərdiyi yolla irəliləyərək daha böyük zirvələri hədəfləmişik.
Müstəqillik həmişə xalqımızın ən böyük arzusu olmuşdur. Son 200 ildən çox dövrdə bu yolda başımıza olmazın bəlalar gəlmişdir. Zaman-zaman torpaqlarımız işğala məruz qalmış, yaşayış yerlərimiz xarabazarlığa çevrilmiş, tarixi abidələrimiz yerlə bir edilmişdir. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması bəs etmirmiş kimi, üstəlik, orada yaşayan soydaşlarımız da dəfələrlə deportasiya olunmuşlar.
SSRİ-nin dağılmasından məmnun olsaq da, qazandığımız müstəqillik yenidən təhlükə ilə üzləşdi. Ermənilər həmin vaxtadək əldə etdikləri ərazilərlə kifayətlənməyib bizə qarşı yenidən ərazi iddiaları irəli sürdülər. Məqsədlərini gizlətmirdilər. Bu barədə Ermənistanın təkcə siyasətçiləri deyil, dövlətdə rəsmi vəzifə tutan şəxslər də bəyanatlar verirdilər.
Beləliklə, məlum qüvvələr tərəfindən dəstəklənən erməni separatçıları açıq hərbi təcavüzə keçdilər. Onlar əliyalın mülki əhalimizə qarşı hər cür silah işlətdilər. Misli görünməmiş Xocalı soyqırımını törətdilər. Bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Daxildə hakimiyyət uğrunda gedən savaş nəticəsində ölkədə vəziyyət daha da mürəkkəbləşdi və dövlətçiliyimizin birdəfəlik yox olması təhlükəsi qarşısında qaldıq.
Xalq bu daxili çəkişmələrdən qurtulmaq və dövlətçiliyimizi xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqın səsinə səs verən görkəmli dövlət xadimi hakimiyyətə qayıtdı. Bununla da milli dövlətçiliyimiz xilas olundu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi.
Ulu Öndər, ilk növbədə ölkədə siyasi sabitliyi təmin etmək istiqamətində tədbirlər gördü. Ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün hamını birliyə dəvət etdi. Bu çağırış cavabsız qalmadı. Siyasətçilər, ictimai xadimlər və nüfuzlu şəxslər Heydər Əliyevin ətrafında birləşdilər. Bu da ölkədə siyasi sabitliyin formalaşmasında böyük rol oynadı.
Lakin düşmən getdikcə azğınlaşırdı. Odur ki, ilk növbədə, buna son qoymaq lazım idi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Horadiz əməliyyatı həmin dövrün ilk böyük qələbəsi oldu. Ciddi məğlubiyyətdən sarsılan ermənilər artıq hiss etdilər ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, dövlətin başında təcrübəli rəhbər və qüdrətli sərkərdə dayanıb. Horadiz əməliyyatından sonra ermənilər atəşkəs haqqında sənəd imzalamağa məcbur oldular. Həmin dövrdə müxalifət bu addımı bizim məğlubiyyətimiz kimi təqdim etmək istəyirdi. Lakin zaman göstərdi ki, Ulu Öndər tərəfindən edilən bu siyasi gediş xalqımızın xeyrinədir. Ölkəmizin iqtisadi və hərbi cəhətdən bu qədər güclənməsi atəşkəs sazişinin bağlanmasının nəticəsi idi. Çünki Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək, ordusunu gücləndirmək, beynəlxalq arenada nüfuzunu möhkəmlətmək üçün vaxt qazanmışdı. 
İndi isə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin təmin edilməsi və ordunun gücləndirilməsi lazım idi. Bunun yeganə yolu dağılmış iqtisadiyyatın yenidən qurulmasını təmin etməkdən keçirdi. Lakin Azərbaycanın bunun üçün əlində vəsaiti yox idi. Vəziyyətdən çıxmaq üçün xarici investisiya cəlb etmək lazım gəlirdi. Əcnəbi sərmayədarlar isə müharibə gedən ölkəyə kapital qoymağa risk etmirdilər. Ümummilli Liderin atəşkəs müqaviləsini bağlamasının bir səbəbi də bu idi. Ulu Öndər xarici tərəfdaşları inandıra bildi ki, ölkədə siyasi sabitlik mövcuddur, müharibə getmir və onların qoyacaqları kapital üçün heç bir risk yoxdur. Beləliklə, 1994-cü il sentyabrın 20-də Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" imzalandı. Həmin müqavilə ölkəmizin beynəlxalq nüfuzunun artmasında, iqtisadi inkişafında və suverenliyinin qorunmasında müstəsna əhəmiyyət kəsb etdi.
Neftdən əldə edilən gəlirlər ölkədə sosial-iqtisadi islahatların aparılmasına imkan yaratdı. Həmin vəsaitlərlə qeyri-neft sektorunun inkişafı, sosial infrastrukturun yaradılması sahəsində nəhəng layihələrin icrası mümkün oldu.
Tarixi İpək yolunun bərpası da Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına görə dünyanın öndə gedən ölkəsinə çevrilib.
Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və şəxsi nüfuzu sayəsində Azərbaycana dünyada hörmətlə yanaşmağa başladılar. Səriştəsiz siyasətçilərin dövründə informasiya blokadasına alınan və sözünə əhəmiyyət verilməyən Azərbaycanla indi hesablaşırdılar. Bir sıra beynəlxalq məsələlər barədə qərar qəbul edilərkən ölkəmizin mövqeyini nəzərə alırdılar. Sözsüz ki, bütün bunlar Azərbaycanın nüfuzu idi.
Keçmiş SSRİ məkanında ilk aqrar islahatlar da ölkəmizdə keçirilib. Bunun özü də böyük risk tələb edən bir iş idi. Ulu Öndər bu barədə demişdir ki, həmin dövrdə onunla birgə işləyən məmurlar aqrar islahatların aparılmasının ciddi sosial-iqtisadi fəsadları olacağını bildirirdilər. Buna baxmayaraq, ölkədə aqrar islahatlara start verildi. Kəndli torpağının sahibi oldu. Üstəlik, dövlət bu sahədə çalışan fermer və fərdi sahibkarlara böyük güzəştlər etdi, onlara maliyyə dəstəyi göstərdi. Odur ki, hazırda qeyri-neft sektorunda ən çox ixrac payının aqrar sahəyə məxsus olması Ulu Öndərin vaxtında başladığı və sonradan davam etdirilən kənd təsərrüfatı islahatlarının nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə Ulu Öndər Heydər Əliyevin payı var. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video