09 May 2024 08:25
216
SİYASƏT
A- A+

Ulu Öndərin adı ilə tarixdən müasirliyə

 

Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun şanlı keçmişini özünə qaytarır

 

Artıq 4 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən yenidənqurma işləri həyata keçirilir. Böyük qayıdış proqramına uyğun olaraq hər həftə işğaldan azad edilmiş torpaqlarımızda salınan müasir kənd, qəsəbə və şəhərlərə köç karvanları yola düşür. 
Prezident İlham Əliyevin tapşırığına əsasən, erməni vandalizminə məruz qalan tarixi-dini, mədəni abidələrimiz də bərpa edilir. 
Bu gün müstəqil, qüdrətli Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin vaxtilə arzuladığı, hər çıxışında, məcburi köçkünlərlə görüşündə əminliklə qeyd etdiyi kimi azaddır: "Sizi bir daha əmin edirəm ki, işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcəkdir".  
Ulu Öndər Heydər Əliyevin gələcəyə belə ümidlə baxan, işıqlı günlərə inamı ifadə edən tarixi çıxışları çoxdur. Ulu Öndər hər çıxışında Qarabağın işğaldan azad olunacağına əminliyini dönə-dönə ifadə edirdi. 

 

İrsə, mədəniyyətə qayğının təcəssümü

 

Bu yöndə Ulu Öndərin irsini qoruyub yaşadan möhtəşəm layihələrin müəllifi, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunun misilsiz xidmətləri danılmazdır. Heydər Əliyev Fondu düz 20 ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə uğurlu layihələrə imza atır, Azərbaycan irsinin gələcək nəsillərə çatdırılması, dünyada tanıdılması istiqamətində əvəzolunmaz işlər görür.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu Qarabağ mədəni-dini irsini xalqa yenidən qaytarmaq missiyasını öz üzərinə götürüb. Elə o gündən də üzərinə götürdüyü bu işi layiqincə yerinə yetirir. 
Şuşaya səfər zamanı yerli və xarici qonaqların diqqətini çəkən, qısa zamanda bərpa olunan maddi-mədəni nümunələr məhz Heydər Əliyev Fondunun gərgin əməyinin, tarixə, mədəniyyətə diqqət və qayğısının təzahürüdür. Hər kəsə bəllidir ki, Qarabağ və Şərqi Zəngəzurda minlərlə maddi-mədəni, dini irs nümunəmiz işğal dövründə erməni vandalizminə məruz qalıb, müqəddəs yerlərimiz, məscidlərimiz düşmən tərəfindən ya tamamilə dağıdılıb, ya da murdarlanıb. Daşı daş üstündə qoymayan barbarlar Azərbaycan irsini, mədəniyyətini bütün Qarabağdan silmək üçün əllərindən gələni ediblər. Amma üstündən keçdikləri bir şey olub. Unudublar ki, tarix silinmir, həmişə yaddaşlarda qalaraq, nəsildən-nəslə ötürülür. 
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Zəfər Günündən cəmi bir ay sonra  yeni missiya ilə bağlı paylaşım edərək fondun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bildirdi. Paylaşımda qeyd edilirdi: "...Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"
Beləliklə, Qarabağda möhtəşəm layihəyə start verildi. İlkin mərhələdə yerli və xarici mütəxəssislər qiymətləndirmə işlərini həyata keçirdilər. Nəticədə Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq fəaliyyətə başlanıldı.
Bu gün isə bərpa edilən abidələr Qarabağın irsini, mədəniyyətini, tarixini gələn qonaqlara canlı-canlı göstərir. 

 

Vaqifin muzey-məqbərə kompleksi və büstü

 

Qarabağda Heydər Əliyev Fondu tərəfindən ilk bərpa olunan abidələrdən biri Vaqifin məqbərəsidir. Muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi 2021-ci il avqustun 29-da baş tutdu. Cəmi bir neçə aya ərsəyə gələn muzey kompleksi avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərinə hazır oldu. Beləliklə, uzun illərdən sonra Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu.
2021-ci ilin martından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırıldı və bu çərçivədə işçi layihələr hazırlandı. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirildi, korroziyaya qarşı əlavə tədbirlər görüldü. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzləndi və abidənin tarixi görkəmi bərpa edildi.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırıldı. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyuldu, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırıldı.
Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Xatırladaq ki, 1982-ci il yanvarın 14-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində Ulu Öndər Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilmişdi. Azərbaycan Ordusunun qələbəsindən sonra 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilmişdi.
Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü də Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Abidə 2021-ci ildə onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

 

Yeni Şuşa məscidi

 

Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yeni məscidin tikintisi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Şəhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Həm yuxarıdan, həm də aşağıdan baxanda 8 rəqəmini görmək mümkün olacaq. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanın azadlığı günü ilə bağlıdır.  Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcəkdir. On birinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildiyi üçün bu fikirlər əsasında ilkin işlər görülüb. Günbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi İtaliyanın "Simmetrico" şirkətinin iştirakı ilə azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni əks etdirəcək.
Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə yaradacaq. Məscid Şuşa şəhərinin yuxarı hissəsində tikilir. Burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq.

 

Sadıqcanın evi

 

Şuşada bərpası davam edən tikililərdən biri də məşhur tarzən, bəstəkar  Sadıqcanın vaxtilə yaşadığı evidir. 2022-ci ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikinti işləri ilə tanış olarkən məlumat verilib ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Ev XIX əsrdə tikilib və memarlıq abidəsidir.  

 

Üzeyir bəy Hacıbəylinin heykəli

 

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan Üzeyir bəyin heykəli 2021-ci ilin avqustunda Şuşada ucaldılıb. Bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində qoyulub. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Qeyd edək ki, 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

 

Şuşa Yaradıcılıq Mərkəzi

 

Ötən ilin mayında Heydər Əliyev Fondunun Qarabağ layihəsi əsasında bərpa olunaraq istifadəyə verilən işlərdən biri də Şuşa Yaradıcılıq Mərkəzidir. Yaradıcılıq mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası yerləşib.  Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülüb və binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib. Ekspozisiya salonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan "Heydər Əliyev və Qarabağ" sərgisi nümayiş olunur.

 

Yuxarı Gövhər ağa məscidi

 

Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa olunan dini abidələrimizdən biri də Yuxarı Gövhər ağa məscididir. Məscidin əsaslı yenidənqurma və bərpa işlərindən sonra ötən il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə açılışı olub.
Yuxarı Gövhər ağa məscidində bərpa işlərinə 2021-ci ilin sonlarından başlanılıb. Məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb əvvəlki formasına qaytarılıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. 
Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. 
Qeyd edək ki, Yuxarı Gövhər ağa və ya Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscidin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə bu məscidin yerində daşdan yenisi tikilib. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.
1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıdılaraq fasadına ciddi ziyan vurulmuşdu, minarələrinin minbər hissələri dağıdılmışdı.

 

Mehmandarovların malikanə kompleksi

 

Ötən ilin mayında Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa edildikdən sonra istifadəyə verilən abidələrdən biri də Şuşada Mehmandarovların malikanə kompleksidir. 2021-ci ilin oktyabrından etibarən malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin "Güldəstə"si və yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun restavrasiya olunub.
Qeyd edək ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxil olub. Böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirib. İşğal edildikdən sonra məscid Geologiya Muzeyi kimi istifadə edilib. Tikilinin memarı Kərbəlayi Səfixan Qarabaği olub.

 

Çöl Qala məscidi

 

Heydər Əliyev Fondu tərəfindən restavrasiyası aparılan dini abidələrdən biri də Çöl Qala məscididir. Məscid XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub və Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikdirilib. Məscid minarəsiz formada inşa edilib. Onun forması Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı olub. Məscidin ümumi girişi asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub. İbadət ocağının interyeri tamamilə islam memarlığına uyğundur. Məscidin daxili hissəsi dörd ədəd səkkizguşəli daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin taleyi Şuşa şəhəri işğal edildikdən sonra digər tarixi abidələr kimi olub - dağıdılaraq talan edilib.
Çöl Qala məscidinin yaxınlığında məscidin üslubunda tikilən XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Şuşa şəhərinin işğalından sonra bulaq dağıdılaraq daş kitabələri məhv edilib.

 

"Yasəmən" hoteli

 

Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpası başa çatan layihələrdən biri də "Yasəmən" hotelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmışdı. 
Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

 

Ağdam Cümə məscidi

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi bərpa və yenidənqurma işləri yalnız Şuşa şəhəri ilə məhdudlaşmır. Təbii ki, işğaldan azad olunmuş digər rayonlarımızda da restavrasiya işləri aparılır. Bu il aprelin 25-də fondun həyata keçirdiyi bərpa layihəsi nəticəsində Ağdam Cümə Məscidinin açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər. 
Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xaricilər, Avstriyanın "Brugger&KO Restauratoren GmbH" şirkəti də cəlb olunub.
Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib. Məscid ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib. Ağdam şəhərindəki Cümə məscidi də memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. İbadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forması təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirərək ona düzbucaqlı forma verib. Salonun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub, qadınların ibadəti üçün nəzərdə tutulub. Məscid Ağdam şəhərində dağıdılmayan tək tikilidir, lakin ermənilər tərəfindən burada mal-qara və donuzlar saxlanılıb.

 

Aşağı Gövhər ağa məscidi

 

Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər ağa məscidində aparılır. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.
Məscid XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Qapan meydanında yerləşən digər Cümə məscidi  Şuşa şəhərinin 1855-ci ilə aid baş planında yer alıb. Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınıb. Məsciddə ilk yenidənqurma işləri 1874-1875-ci illərdə aparılıb. Yeni məscid Gövhər ağanın maddi vəsaiti əsasında həyata keçirildiyinə görə tikiliyə onun adı verilib. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Belə memarlıq-planlaşdırma həllinin seçilməsi cənubda meydanın olması ilə əlaqəlidir. Əsas fasadın yerləşdiyi şimal tərəfdə isə geniş meydan və ya baxış nöqtəsi yoxdur.

 

Saatlı məscidi

 

Ötən ilin may ayında Şuşada istifadəyə verilən ibadət yerlərindən biri də Saatlı məscididir. Saatlı məscidinə də Heydər Əliyev Fondunun layihəsi çərçivəsində yeni həyat verilib. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.
İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin məscidin zədələnmiş ön sütunu və döşəməsi bərpa edilib.
Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və ona uyğun yenilənib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb. 
Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılıb. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunub. Şuşanın işğalından sonra məscid xarabalığa çevrilib, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılıb. Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs deyib. 

 

Zəngilan məscidi

 

2021-ci ilin aprelində bərpasına başlanılan Zəngilan məscidində də tikinti işləri davam edir. İlkin mərhələdə fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirib.  Zəngilan və ya İmam Hüseyn məscidi Zəngilan şəhərində XVII-XVIII əsrlərə aid ibadət yeri olub. Səfəvilər imperiyası dövründə tikildiyi təxmin edilir. Məscidin tikintisi zamanı, əsasən, yerli əhəngdaşından istifadə edilib, divarları bəzəksizdir. Qapısı tağ formalı olub. Birinci Qarabağ müharibəsində Zəngilanın işğalı zamanı Ermənistan tərəfindən talan və məhv edilib. İşğal dövründə məsciddən donuzxana kimi istifadə edilib. 

 

Mamayı məscidi

 

Hazırda məsciddə "PAŞA Holding"in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir. Bərpa işləri Mamayı bulağını da əhatə edir. Vaxtilə Mamayı məhəlləsindəki bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın 1900-cü ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi qeyd olunub. Ermənilər Şuşanı işğal altında saxladığı dövrdə şəhərdəki bir çox abidələr kimi Mamayı bulağını da erməniləşdirməyə çalışıblar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər bulağın daşlarının üzərinə erməni və rus dillərində yazılmış lövhə də həkk ediblər. Bunlar silinmiş, Mamayı məscidinin və bulağın tarixi görkəmi özünə qaytarılır. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.  Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən bu məscid Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Düzbucaqlı quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Əsas səviyyə kişilər üçün ibadət yeri kimi nəzərdə tutulub. Şərq tərəfdən ikinci səviyyədə isə qadınların namaz yerləşgəsi tikilib. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılıb. Burada da məscid, bulaq, kiçik meydan, hamam olub. Sovet hakimiyyəti illərində Mamayı məscidi poeziya evi kimi fəaliyyət göstərib.

 

Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi 

 

Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. 2023-cü ilin  mart ayından ərazidə müvafiq işlərə başlanılıb və qəbirüstü abidə bərpa olunub.

 

Milli Xalça Muzeyinin Şuşa filialı

 

Filial Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Şəhərin yuxarı məhəlləsində yerləşən bina XIX əsrin ikinci yarısında inşa edilib. İşğal dövründə yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən 2021-ci ildə binada bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunmuşdu. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılmışdı. Fasadındakı çatlar bərpa olunmuş və daşla üzlənmişdi.
Hazırda bu muzeydə yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən, XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

 

Şirin su hamamı

 

Şuşada bərpasına başlanılan memarlıq abidələrindən biri də Şirin su hamamıdır. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.
Hamamı Xurşidbanu Natəvan 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə Bazarın yanında, Mərdinli məhəlləsinin girişində tikdirib. Hamamın layihəsini memar Kərbəlayi Səfixan Qarabaği verib. Hamam Xan qızı Natəvanın hələ 1873-cü ildə Şuşaya saxsı borularla çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılıb. 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da erməni vandalizminə məruz qalıb.
Bəli, göründüyü kimi işğaldan azad olunmuş hər qarış torpağımızın tarixi Heydər Əliyev Fondunun həyata keçirdiyi nəcib missiya nəticəsində özünə qayıdır. Sürətli bərpa və yenidənqurma işlərinin bir hissəsinə çevrilən maddi-mədəniyyət abidələrinin bərpası Qarabağın cənnətməkana çevrilməsində xüsusi rol oynayır. Bu gün Qarabağ və Şərqi Zəngəzur Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi kimi azaddır, əzəli sahiblərinə qovuşub. 
Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın 30 illik işğalına son qoyaraq, o ərazilərdə böyük quruculuq işlərini başlatdırıb. İlham Əliyev  Böyük qayıdışı gerçəkləşdirərək dahi liderin ən böyük arzusunu həyata keçirdisə, bu yolda Ümummilli Liderin xatirəsini əbədi yaşadan fond isə Qarabağ və Şərqi Zəngəzurda irsimizə qayıdış missiyasını böyük şövqlə reallaşdırır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video