05 Iyun 2024 02:30
966
Məktublar
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubu

 

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir:

“Əziz iştirakçılar.

Hörmətli qonaqlar.

Hamınızı səmimi-qəlbdən salamlayıram.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan bütün tədbirlərin müsbət nəticələrə yol açmasını diləyirəm. Bu mühüm tədbirin əməkdaşlığımızın dərinləşməsinə səbəb olmasını, bölgəmizdəki sülhə və sabitliyə töhfələr verməsini arzu edirəm.

Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib.

Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq.

Türk dünyası olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, təhlükəsizlik, hərbi, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrində olduğu kimi, enerji sahəsində də əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq və dərinləşdirmək arzusundayıq. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün önümüzdəki ay Can Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilməsindən məmnunluq duyduğumu da fürsətdən istifadə edərək bildirmək istəyirəm.

Tarixi “İpək yolu”nu relslər üzərində həyata keçirən Orta Dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işləri tamamlanaraq, yenidən tam fəaliyyətə başlaması ilə yükdaşımalarda təmin ediləcək altı dəfəlik qabiliyyət artımı regional nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.

Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edir, konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğumuzu xüsusi ifadə edirəm.

Enerji sahəsindəki bu dinamik mühit və proseslərin yaxından diqqət mərkəzində saxlanacağı Bakı Enerji Həftəsinin bütün iştirakçılarına uğurlar diləyir, qardaşım Prezident İlham Əliyevə təşəkkürlərimi bildirir, hamınızı ən səmimi hisslərimlə salamlayıram.

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video