19 Noyabr 2026 09:00
938
Mədəniyyət
A- A+
Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı

Tək qadının səssiz qiyamı - "Nabat"ın acısı


Müharibə bəşəriyyətin ən böyük fəlakətidir. Lakin onun gətirdiyi dağıdıcılığı anlamaq üçün hər zaman cəbhədə olmağa, oradan verilən reportajlara ehtiyac qalmır. Bəzən tərk edilmiş bir kəndin sükutu, söndürülmüş çıraq və oğul itkisinin acısını ürəyində daşıyan bir ananın baxışları müharibənin bütün dəhşətini göstərməyə yetir.

İstedadlı rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi məhz bu fəlsəfə üzərində qurulub. Müasir Azərbaycan kinosunun ən uğurlu əsərlərindən sayılan bu film tamaşaçıya bütöv bir xalqın taleyini və qadın mənəviyyatının sarsılmaz gücünü təqdim edir. Filmin sanbalı onun dialoqsuz, azdanışıqlı, vizual təhkiyəyə əsaslanan rejissor həllindədir. Mütəxəssislər yazırlar ki, rejissor Elçin Musaoğlu "göstər, amma demə" prinsipinə sadiq qalaraq gizli və metaforik kadrlarla tamaşaçını hadisələrin içinə çəkir. 

Hadisələr 1990-cı illərin əvvəllərində, müharibənin alovlandığı Qarabağ kəndlərindən birində cərəyan edir. Erməni hərbi birləşmələrinin hücum təhlükəsinə görə kənd əhalisi təxliyə olunub. Lakin yeganə oğlu şəhid olan, qoca və xəstə əri İsgəndərlə kəndin kənarında yaşayan Nabat xala öz yurdunu, oğlunun məzarını qoyub gedə bilmir. Ərinin ölümündən sonra isə o, kimsəsiz kənddə tamamilə tək qalır.

Filmin ən təsirli xətti Nabatın təkbaşına qaldığı kəndi yaşatmasıdır. Düşmən kəndin boşaldığını bilib ora daxil olmasın deyə, yaşlı qadın hər axşam boş evləri gəzir, oradakı neft çıraqlarını yandırır və məsciddən azan səsi ucaldır. O, təkbaşına bir ordunun qorxusuna qarşı dayanır, kəndin çıraqlarını yandırmaqla ümidi, həyatı və doğma torpağa olan sonsuz sədaqəti simvolizə edir. Nabat sadəcə bir ana deyil, o, tərk edilmiş Vətən torpağının kimsəsiz, amma başını dik tutan ruhudur.

Filmin ilk dəqiqələrində tamaşaçı baxışlarını təpə üzərində yerləşən daxmadan sonu bilinməyən yola qədər uzadır. Bu gözün yolçuluğu, həyatda olduğu kimi, ekranda da, Nabat ananın yaşadığı hər bir yolun izinə şahidlik edir. O yol ki, haradan başladığı bəlli olsa da, harada bitəcəyi filmin qəhrəmanını və tamaşaçını da düşündürür. Yol isə bitmir. Film boyu Nabat xalanın hər iki əlinə süd balonu alıb, onları satmaq üçün yola çıxdığını görürük. Ərini və özünü saxlamaq üçün süd satmaqla məşğul olan bu vüqarlı xanım kəndi gəzərkən salam verdiyi qonşuların evlərini tərk etmək üçün yığışdığını görür. Bu köçün qəhrəmanın baxışlarında yaratdığı yadlıq hissi bir neçə saniyəlik ümumi planlarla tamaşaçıya ötürülür. Və bununla rejissor filmin irəliləyən dəqiqələrində kəndin taleyi ilə bağlı artıq təsəvvür yaratmış olur.

Nabat xalanın isə hələ danışmağa, daha doğrusu, süd satmağa adamları var. Lakin Nabatın kənd sakinləri - Telli və oğlu Qiyasla söhbəti zamanı məlum olur ki, elə Telli xalanın qızı da güllə səslərinin uşaqda yaratdığı səksəkə səbəbindən kənddən rayon mərkəzinə köçüblər. Artıq süd almağa adam da yoxdur. Buna baxmayaraq, o, ənənəsinə sadiq qalaraq kənddə hamı köçən günə qədər hər səhər südü satmaq üçün yola çıxır.

Baş rolu canlandıran məşhur İran aktrisası Fatemeh Motamed-Arya (Fatimə Motamed Arya) Nabat obrazına inanılmaz bir canlılıq, reallıq gətirib. Demək olar ki, sözsüz - yalnız baxışları, yorğun addımları, çiyinlərindəki ağır kədəri və dik duruşu ilə o, Azərbaycan qadınının, fədakar anasının ümumiləşdirilmiş obrazını yaradıb. Onunla ekran bölüşən Vidadi Əliyev (İsgəndər rolu) və digər aktyorların minimalist, lakin daxili gərginliklə zəngin oyunu filmin dramatik təsirini yüksək səviyyəyə çatdırır.

Nabat xalanın həyat yoldaşı onun əməyinə qiymət verməklə yanaşı, bir qədər də öz vəfatından sonra həyat yoldaşının təkliyindən nigarandır. Mütəxəssislər yazırlar: "Nabat xala isə öz növbəsində həm ərinə, həm oğlunun məzarına son dərəcə sadiq vətənpərvər Azərbaycan qadınıdır. Nabat xalanın ərinin dünyasını dəyişməsi səhnəsi birbaşa deyil, dolayı yolla - Ağcanın südünün bitməsi, daxmanın pəncərəsinin açılaraq bağlanması və sonda inəyin vedrəyə təpik vuraraq itələməsi, kənddə yalnız Nabatın qalmasına işarə edir… Filmin ortalarından Nabat xalanın yalnızlığını görürük. Yağışlı havada ərini dəfn etməyə gedən qəhrəmanın iri planda verilməsi, göz yaşlarının da yağışa qarışaraq sanki onun əvəzinə nələrisə deməyə çalışdıqlarını göstərir. Əziyyət çəkən təkcə o deyil… Bir də Nabat xalanın halına "ağlayan" Ağca inəyi var. Nabatın əri üçün çəkdiyi sonuncu əziyyət, torpağı qazdıqdan sonra gücündən istifadə edərək "başdaşını" oraya qaldırmaq olur". 

"Nabat" filmi Azərbaycan kino sənətinin son illərdə qazandığı ən böyük vizual və dramatik nailiyyətlərdən biridir. Rejissor Elçin Musaoğlunun 2014-cü ildə ərsəyə gətirdiyi bu ekran əsəri illər keçsə də, onun daşıdığı bəşəri mesaj, insan iradəsinin və ana fədakarlığının ən çətin sınaq anlarındakı möhtəşəm təsviri öz bədii təsir gücünü qoruyub saxlayır. 71-ci Venesiya Beynəlxalq Kinofestivalının "Horizontlar" proqramında nümayiş olunan film İtaliya mətbuatında ("ArtsLife" jurnalı) "Müharibəyə qarşı mübarizə aparan tənha qadın" başlığı ilə yüksək qiymətləndirilmişdir. Dünyanın fərqli ölkələrində keçirilən festivallarda mükafatlara layiq görülən bu əsər Azərbaycanın Qarabağ ağrısını və haqlı mübarizəsini siyasi şüarlarla deyil, sənətin saf və bəşəri dili ilə dünyaya tanıtdırır.

"Nabat" sadəcə baxılıb keçiləcək bir film deyil, o, baxıldıqdan sonra insanı uzun müddət sükuta və düşüncəyə qərq edir. Bu ekran əsəri sübut etdi ki, böyük dərdləri və haqlı mübarizəni anlatmaq üçün qışqırmağa ehtiyac yoxdur. Ən güclü haray - ən səssiz duruşun içində gizlənir.

Tammetrajlı bədii filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!