16 Oktyabr 2026 08:00
315
Təhsil
A- A+
Təhsildə dünyəvilik və bərabərlik

Təhsildə dünyəvilik və bərabərlik


Əgər güclü və ədalətli cəmiyyət qurmaq istəyiriksə, məktəbdə bu prinsipləri qorumalıyıq   


Bilik və bacarıqların ötürülməsini təmin edən təhsil eyni zamanda cəmiyyətin gələcək düşüncə tərzini formalaşdıran, insanların dünyagörüşünə, sosial münasibətlərinə və vətəndaş mövqeyinə təsir göstərən ən mühüm institutlardandır. Məktəbdə formalaşan dəyərlər sonradan bütövlükdə cəmiyyətin xarakterinə çevrilir. Buna görə də təhsilin hansı prinsiplər əsasında qurulması dövlətin və cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. 

Müasir təhsil sisteminin əsas dayaqlarından ikisi dünyəvilik və bərabərlik prinsipləridir. Azərbaycan Konstitusiyasında və digər müvafiq qanunvericilik sənədlərində də ölkəmizdə təhsilin həm dünyəvilik, həm də bərabərlik prinsipi aydın şəkildə təsbit edilib, bu prinsiplərin icra mexanizmləri təmin olunub.

Dünyəvilik təhsilin elmi biliklər, rasional düşüncə və bəşəri dəyərlər əsasında təşkilini təmin edir. Bərabərlik isə hər bir insanın sosial statusundan, cinsindən, dini mənsubiyyətindən, etnik kimliyindən, yaşadığı ərazidən və ailəsinin maddi imkanlarından asılı olmayaraq, keyfiyyətli təhsil almaq hüququnun qorunmasını nəzərdə tutur. Bu prinsiplərdən hər hansı birinin zəifləməsi təhsil sisteminin yalnız keyfiyyətinə deyil, bütövlükdə cəmiyyətin sabitliyinə və inkişaf imkanlarına təsir göstərə bilər.


Dünyəvilik


Təhsildə dünyəvilik ilk növbədə təhsil prosesinin hər hansı dini doktrinanın, dini institutun və ya dini baxışın təsiri altında deyil, elmi bilik və obyektivlik prinsipləri əsasında qurulması deməkdir. Dünyəvi təhsil məktəbin və universitetin funksiyasını dini təbliğatdan ayırır, elmi düşüncənin qorunmasını təmin edir. Fizika, biologiya, tibb, tarix, sosiologiya və digər elm sahələrinin tədrisi müəyyən ideoloji çərçivələrə deyil, elmi metodologiyaya, araşdırmalara və sübutlara əsaslanmalıdır. 

Elm daim inkişaf edir. Elmi biliklərin əsas xüsusiyyəti onların yeni sübutlar əsasında yoxlanılması, dəqiqləşdirilməsi və lazım gəldikdə dəyişdirilməsidir. Təhsil sistemi bu yanaşmanı şagirdlərə aşıladıqda cəmiyyət də daha rasional, araşdırıcı və yeniliyə açıq olur. Bir sözlə, dünyəvi məktəb bütün şagirdlər üçün ümumi və neytral məkan yaradır və bu sistemin qorunmasının vacibliyi xüsusilə qeyd olunmalıdır. 

Keyfiyyətli təhsil hazır cavabları əzbərlətməklə kifayətlənməməlidir. Şagird öyrənməlidir ki, məlumatın mənbəyini araşdırsın, sual versin, fərqli fikirləri müqayisə etsin və arqumentləri dəyərləndirsin. Bu bacarıqlar təkcə akademik həyat üçün hesablanmayıb, onlar müasir informasiya cəmiyyətində yaşamaq üçün də son dərəcə vacibdir. Sosial şəbəkələr, dezinformasiya, manipulyativ məlumatlar və radikal ideologiyalar dövründə tənqidi düşüncə insanın ən mühüm müdafiə vasitələrindən olmalıdır.

Təhsildə dünyəvilik prinsipinin zəifləməsi ilk növbədə elmi biliklə inanc və ideologiya arasındakı sərhədlərin qarışmasına səbəb olar. Əgər elmi məsələlər sübutlara deyil, müəyyən ideoloji mövqeyə uyğunluğuna görə qiymətləndirilməyə başlanarsa, təhsilin elmi səviyyəsi aşağı düşər. Bu isə uzunmüddətli perspektivdə inkişaf üçün çox böyük təhdiddir. 

Digər təhlükə cəmiyyət daxilində parçalanmadır. Məktəblər müəyyən dini və ya ideoloji qrupların təsir dairəsinə çevrildikdə uşaqların erkən yaşlarından "biz" və "onlar" bölgüsü ilə qarşılaşması üçün zəmin yaranar. Bu isə cəmiyyətdə qarşılıqlı etimadı zəiflədər, fərqli düşüncə və inanclara qarşı dözümsüzlüyü artırar. Bundan başqa, təhsil sistemində dünyəvilik zəiflədikcə uşaqların öz dünyagörüşünü sərbəst formalaşdırmaq imkanları da məhdudlaşa bilər. 

Ən arzuedilməz nəticələrdən biri təhsil məkanının radikallaşma üçün "əlverişli mühit"ə çevrilməsidir. Ona görə gənclərin dünyagörüşünün formalaşdığı məkanlarda dini və ideoloji radikalizmə qarşı ən güclü qoruyucu vasitələrdən biri məhz elmi savadlılıq, tənqidi düşüncə və müxtəlifliyə hörmətdir.


Bərabərlik


Təhsildə bərabərliyə gəlincə, bu, hər bir insanın keyfiyyətli təhsil almaq imkanına malik olması deməkdir. Lakin bərabərliyi yalnız məktəbə qəbul hüququnun hamıya verilməsi ilə məhdudlaşdırmamalıyıq. Burada əsas məsələ insanların real imkanlarının nə dərəcədə bərabər olmasıdır. 

İnkişaf etmiş ölkələrin, o cümlədən Azərbaycan dövlətinin müasir təhsil siyasətində bərabərliklə yanaşı, ədalətli imkan anlayışı da xüsusi əhəmiyyət daşıyır. Dövlətimiz həyata keçirdiyi layihələrlə müxtəlif sosial və iqtisadi şəraitlərdə yaşayan şagirdlər arasındakı imkan fərqlərini aradan qaldırır və bərabərliyi təmin edir. Elə vahid məktəbli geyimi müəyyən dərəcədə bu məsələnin həllinə xidmət edir. Unudulmamalıdır ki, təhsildə ciddi bərabərsizlik ilk növbədə sosial təbəqələşməni gücləndirir və bu fərq zaman keçdikcə iqtisadi bərabərsizliyə çevrilir. Belə bir vəziyyət isə istənilən cəmiyyət üçün son dərəcə təhlükəli tendensiyadır. Dünyəvi məktəblərdə böyüyən uşaqlar müxtəlifliyə daha normal yanaşır, empatiya və qarşılıqlı hörmət hissləri inkişaf edir.

Dünyəvi və bərabər təhsil sisteminin qorunması üçün yalnız qanunvericilik kifayət etmir. İlk növbədə müəllim hazırlığının keyfiyyəti yüksək olmalıdır. Çünki müəllim uşağa bilik verən, onun düşüncə mədəniyyətini formalaşdıran, nümunə göstərən əsas şəxslərdəndir. Tədris proqramlarında da yüksək düşüncə, media savadlılığı, insan hüquqları, elmi metod və vətəndaşlıq dəyərləri xüsusi yer tutmalıdır.

Təhsil sistemi həmçinin siyasi, dini və digər ideoloji təsirlərdən mümkün qədər qorunmalıdır. Məktəb heç bir qrupun öz baxışını gələcək nəsillərə məcburi şəkildə ötürdüyü platformaya çevrilməməlidir.


Valideynlərin də üzərinə böyük məsuliyyət düşür


Burada valideynlərin də üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Təhsil sistemi dünyəvilik və bərabərlik prinsiplərini nə qədər yaxşı qorusa da, uşağın dünyagörüşünün formalaşmasında ailənin təsiri həlledici olaraq qalır.

Valideyn ilk növbədə uşağın təhsil hüququna hörmət etməli və onun məktəbdə bilik, yüksək düşüncə və müxtəlif fikirlərlə tanış olmasına maneə yaratmamalıdır. Ailənin dini, mədəni və şəxsi dəyərləri ola bilər və onların uşağa ötürülməsi təbiidir. Lakin bu proses uşağın başqa düşüncə və inanclara qarşı dözümsüz böyüməsinə, elmi biliklərin rədd edilməsinə və ya təhsil imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Dövlətin qanunlarına, nizam-intizama riayət olunmalı, biganəlik, laqeydlik halları aradan qaldırılmalıdır.

Məktəb bütün uşaqların ortaq təhsil məkanıdır. Buna görə valideyn öz dini və ya ideoloji baxışlarının ümumi təhsil prosesinə məcburi norma kimi tətbiq olunmasını tələb etməməlidir. Ayrı-seçkilik və stereotiplər çox vaxt uşağa ilk növbədə ailə mühitində ötürülür. Məktəb bərabərlik haqqında danışsa da, evdə bunun əksi təbliğ edilirsə, təhsil və  tərbiyənin təsiri zəifləyir. Bundan başqa, valideyn məktəblə münasibətində yalnız öz övladının maraqlarını deyil, ümumi təhsil mühitini də nəzərə almalıdır. Ən əsası isə o, uşağa hazır düşüncə qəlibləri verməkdən daha çox düşünməyi öyrətməlidir. 

Göründüyü kimi, təhsildə dünyəviliyin və bərabərliyin qorunması yalnız dövlətin və məktəbin vəzifəsi çərçivəsində məhdudlaşmır. Dövlət hüquqi və institusional çərçivəni yaradır, məktəb bu prinsipləri tətbiq edir, valideyn isə onları ailə mühitində gücləndirir və ya zəiflədir. Bu üç tərəfin yanaşması bir-birini tamamladıqda azad düşüncəli, savadlı, tolerant və başqalarının hüquqlarına hörmət edən nəsil yetişdirmək mümkün olur. Əgər güclü, elmi düşüncəyə əsaslanan və sosial ədaləti qoruyan cəmiyyət qurmaq istəyiriksə, bu prinsiplərin təhsil sistemində qorunmasına dəstək verməliyik.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!