19 Sentyabr 2024 08:05
726
SİYASƏT
A- A+
Suverenliyin nidası

Suverenliyin nidası


23 saat 43 dəqiqə...

Necə deyərlər, əsrə bərabər gün...

Bu bir günün mahiyyətində ikiəsrlik münaqişənin, otuzillik savaşın, onilliklər boyu davam edən separatizmin "dəmir yumruq"la birdəfəlik məhvi dayanır.

Bu bir günün timsalında Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təminatı dayanır.

Bu bir gün Şanlı Zəfərimizin böyük nidası oldu. 

Bu gün isə həmin o bu bir günün qürurunu heç vaxt yaşamadığımız sevinc hissi ilə qeyd edirik.

2023-cü il tariximizdə həm də simvolik mənası ilə əlamətdar oldu. Ötən il xilaskar liderimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi, Milli Qurtuluşun 30 illiyi, möhtərəm İlham Əliyevin prezidentliyinin 20 illiyini qeyd etdiyimiz yubileylər silsiləsi ili kimi yadda qaldı. Amma bu tarixi günlərin sırasına daha bir möhtəşəm hadisə də yazıldı. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu cəmi 23 saat 43 dəqiqəyə həyata keçirdiyi antiterror tədbirləri ilə 200 illik erməni xülyasını məhv edərək Azərbaycanın suverenliyini tam təmin etdi.

Nəyi nə zaman etməyi çox yaxşı bilən Prezident İlham Əliyev bununla da daha bir tarixi missiyasını gerçəkləşdirərək üçrəngli bayrağımızı bütün Azərbaycan torpaqlarında dalğalandırdı.


Şanlı Zəfər, ərazi bütövlüyümüzün təminatı


Dörd il öncə, 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 8-də möhtəşəm Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi tariximizdə yeni səhifə açdı. Bu möhtəşəm qələbə xalqımızı daha da mətnləşdirdi və Zəfərin baş memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşdirdi.

 Azərbaycanın ən yeni tarixini yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 il işğal altında qalan torpaqlarımızın xilaskarı kimi xalqın qəlbində heykəlini ucaltdı. O, cox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. 

Xalq-ordu-dövlət birliyinin bariz təcəssümü olan "dəmir yumruq" əməliyyatı Azərbaycanın hansı gücə sahib olduğunu dünyaya göstərdi. Ən əsası da odur ki, 30 il işğalçı Ermənistana havadarlıq edən, illərlə cəbhə xəttində ona təxribatlar etməyə imkan yaradan güclər bu dəfə prosesə müdaxilə edə bilmədilər. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qələbə ilə dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır. 

Hər savaşın sonunda müqavilələr, sənədlər imzalanır. İkinci Qarabağ savaşı da üçtərəfli (Rusiya, Azərbaycan və Ermənistan) Bəyanatın imzalanması ilə yekunlaşdı. Müharibənin dayandırılması üçün yalvaran Ermənistan müqaviləni imzalayarkən boynuna öhdəliklər götürdü. 

Təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi Qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirdilər. Ermənistan imzaladığı üçtərəfli Bəyanatdan (faktiki olaraq kapitulyasiya aktı) irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını ərazimizdən çıxarmırdı. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunurdu. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün təkliflər irəli sürsə də, məğlub ölkə bundan boyun qaçırırdı. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. 

Ermənistan razılaşdırılmış və qəbul olunmuş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli "Laçın" dəhlizindən çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edərək qanunsuz silah-sursat daşımağı dayandırmırdı. Bu azmış kimi, ermənilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını davam etdirirdi. Bununla yanaşı, həmin yataqlarda keçirilməsi planlaşdırılan ilkin monitorinqin də baş tutmaması üçün təxribatlar törədirdilər. 

Buna etiraz əlaməti olaraq 2022-ci ilin dekabr ayından ölkəmizin qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin birgə iştirakı ilə Laçın-Xankəndi yolunda dinc aksiyaya start verildi. Tam 138 gün davam edən bu aksiya ermənilərin qanunsuz əməllərinin qarşısını aldı. 

Nəhayət, 2023-cü il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyət formalaşır. Bununla da Azərbaycan sərhəd bütövlüyünü təmin etmiş olur. 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlanan dinc etiraz aksiyası aprel ayının 28-də dayandırılır. "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə revanşistlərin qeyri-qanuni yolla silah-sursat daşımasının qarşısı rəsmən alınır. 

Sərhəd-keçid məntəqəsinin açılışını Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin avqust ayının 26-da azadlığın təntənə günləri çərçivəsində Laçın şəhəri günü bayram tədbirində belə dəyərləndirir: "Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

Buna baxmayaraq, yenə də Azərbaycana qarşı hücumların ard-arası kəsilmir. Ermənilərin böyük havadarları dünyaya car çəkirlər ki, guya Azərbaycan "humanitar fəlakət" yaradır. 

Əlbəttə ki, bu hücumlarda məqsəd, Azərbaycana təzyiq etməklə sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə nail olmaq idi. Hətta bununla bağlı beynəlxalq məhkəmələrə baş vursalar da, çıxarılan qərarlar Azərbaycanın lehinə oldu. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı bunun əyani təzahrüdür. Həmin sənədə əsasən, Ermənistanın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd edildi. Bu, bir daha göstərdi ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhranın" müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. 

Lakin nə Ermənistan, nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkdi. Fransanın "humanitar yardım" adı ilə həyata keçirdiyi növbəti təxribat cəhdinin baş tutmaması da deyilənlərin təsdiqidir. Belə ki, Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmadı. Fransadan göndərilən 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən "Spayka" avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı. Əgər həqiqətən də Qarabağda yaşayan erməniəsilli şəxslər "humanitar böhran" vəziyyəti ilə üzləşmişdilərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən onların ehtiyaclarını qarşılamaq məqsədilə göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər.

Bütün təhdidlərə baxmayaraq, Azərbaycan yenə də qətiyyət nümayiş etdirdi və Prezident İlham Əliyev sərhəddə nəzarət-keçid məntəqəsinin ləğv olunmasını iddia edən hər kəsə tutarlı arqumentlərlə layiqli cavab verdi. 


Antiterror tədbirləri - suverenliyin tam təminatı


2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədir. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olurlar. 

Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulur. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanır. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki şəxs də həlak olur. 

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilir. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılır. 

Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Əməliyyat tədbirləri nəticəsində Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri, separatçılara məxsus  P-18 radiolokasiya stansiyası (RLS), Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin  5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri, sığınacaq və döyüş texnikası, mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusu bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşaq zərərsizləşdirilir. 

Antiterror tədbirləri zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların möhkəmləndirilməsi şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. 

Cəmi 23 saat ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.  

Azərbaycan Ordusu, cəsur Azərbaycan əsgəri 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, bu əməliyyat tədbirlərində də heç bir mülki obyektə, əhaliyə ziyan vurmadı. Ölkəmizin Silahlı Qüvvələri suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlərlə yalnız bölgədə olan separatçı qüvvələri məhv etmişdi. Böyük xülyalarla yaradılan qondarma rejim isə tarixin arxivinə göndərildi. 

Bir sözlə, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan ordusunun Qarabağda qalmış bölmələrinin, 30 ildən artıqdır ki, burada at oynadan separatçıların sentyabrın 21-də ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək Qarabağda öz milli haqqını təmin etdi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, respublikamızın milli maraq və mənafelərini layiqincə təmin etməsinin növbəti təntənəsi oldu.

Sentyabrın 9-da qondarma "seçki"lər keçirən Qarabağdakı qanunsuz rejim antiterror tədbirlərindən və başına dəyən zərbədən sonra ayıldı. Vətən müharibəsinə qədər xalqımızı Yevlaxa qədər torpaqlarımızı işğal etməklə hədələyən, son günlərə qədər reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəlməkdən boyun qaçıran Qarabağın erməni sakinlərinin nümayəndələrini "dəmir yumruq" Azərbaycanın mərkəzi hakimiyyətinin şərtlərini dinləmək və yerinə yetirmək üçün Yevlaxa gəlməyə məcbur etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarlığı ilə Azərbaycan Ordusu daha bir möhtəşəm Zəfərə imza atmaqla dünyaya səs saldı. Bu qələbə ilə cənab İlham Əliyev bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə və bütün Azərbaycan torpaqlarında dalğalandırdı. 

Sentyabrın 20-də Müzəffər Ali Baş Komandanın qürurla verdiyi bu möhtəşəm qələbə xəbəri Azərbaycan xalqının ruhuna məlhəm kimi yayıldı, torpaqlarımızın bütövlüyündən, ölkəmizin suverenliyindən doğan fəxarət hissindən ürəklər dağa döndü.

Xalqa müraciətində cənab Prezident bir daha dedi ki, antiterror tədbirlərinin nəticələri nəhayət, sülh danışıqları üçün real imkan yaradıb: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin... O gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq!"

Beləliklə, Prezident İlham Əliyev bir neçə əsr sonra ilk dəfə xalqımızı məğlubdan qalibə çevirərək Vətən müharibəsindəki zəfərimizlə tarixin heç bir dövründə olmadığı qədər güclü milli birlik və həmrəyliyin əldə olunmasına, milli ruhun dirçəldilməsinə nail oldu. 


Dünya İlham Əliyevin sülh gündəliyini təqdir edir


Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" deməyə məcbur etdiyi Ermənistan rəhbərliyi qalib iradənin qarşısında geri çəkilərək sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdi. Məhz bu iradənin sayəsində Azərbaycan özünün müasir tarixinin yeni mərhələsinə qədəm qoydu. 

Artıq sülh danışıqları önündə bəzi əngəllər aradan qaldırılıb. Azərbaycan və Ermənistan vasitəçilərsiz danışıqlarını davam etdirirlər. Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması da göstərir ki, artıq vasitəçiyə ehtiyac yoxdur. 

Sülh müqaviləsinin imzalanma prosesi isə Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər əsasında reallaşa bilər. Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün iki əsas şərti hər zaman səsləndirir. Birincisi, Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Çünki bu ölkənin konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir və orada da Azərbaycanın əzəli, tarixi ərazisi olan Qarabağın Ermənistana birləşdirilməsi öz ifadəsini tapıb. Deməli, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları yer alıb. Dövlətimizin başçısı bunların aradan qaldırılmasını haqlı olaraq tələb edir. Çünki bu, gələcəkdə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin hüquqi qüvvəsini sıfra bərabər edə bilər. Ermənistan konstitusiyasının 116-cı maddəsinin  3-cü bəndində aydın mətnlə ifadə olunub ki, rəsmi İrəvanın imzaladığı beynəlxalq sənədlər ölkə konstitusiyası ilə ziddiyyət təşkil edirsə, o, ratifikasiya oluna bilməz. 

Beləliklə, Paşinyan konstitusiyaya dəyişiklik etmədən sülh müqaviləsi imzalasa belə, bu, zaman udulmasına hesablanmış addım olacaq. Bunu da Prezident İlham Əliyev yaxşı bilir, ona görə də Ermənistanın vaxt udmağa çalışdığını diqqətə çəkir.

Son bir ildə bütün beynəlxalq qurumlar, böyük güclər tərəflər arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bəyan edirlər. Bu istiqamətdə Prezident İlham Əliyevin  sülh gündəliyi davamlı olaraq təqdir edilir. Elə sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə etdiyi telefon zəngində də bu məsələyə xüsusi olaraq toxunub. Dövlət katibi Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin müvafiq qaydada imzalanmasını müsbət addım kimi qiymətləndirib. Regionda artıq sülhün mövcud olduğunu deyən Prezident İlham Əliyev  isə vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Göründüyü kimi, Müzəffər Ali Baş komandan İlham Əliyevin qərarı qətidir. Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilməyincə sülh müqaviləsi imzalanmayacaq. Yox, əvəzində İrəvan revanş fikrinə düşüb nə qədər silahlansa belə, yenə də ağır zərbə alacaq. Çünki Azərbaycan Ordusu 4 il bundan öncəki ordudan çox güclüdür. 

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin siyasətində yalnız bir amil prioritetdir - Azərbaycan xalqının və dövlətinin milli maraqları. Azərbaycanın  Zəfər tarixinin müəllifi hələ bu dövlətə çox böyük zəfərlər qazandıracaq.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!