13 Oktyabr 2024 09:05
1021
CƏMİYYƏT
A- A+
Susdurulan sonuncu hədəf

Susdurulan sonuncu hədəf


Həyətdə dava-dava oynayan uşaqların səsindən qulaq tutulurdu… 

Kimi qaçır… 

Kimi "güllə yarası alıb" yıxılır… 

Kimisi də "istehkam"ın arxasında gizlənib "düşməni vurmaq üçün" məqam gözləyir…

Arabir mübahisə də düşür: "Mən səni vurdum, amma sən ölmədin…"

"Mən xüsusi təyinatlıyam. Azərbaycanın xüsusi təyinatlıları terminator kimidirlər. Onları öldürmək mümkün deyil…" 

Yaşca bir az böyüyü isə "döyüş yoldaşı"na irad tutur: "Bizim əsgərlər ölmürlər, şəhid olurlar. Ölən ermənilərdir…"

"Savaşçı"lara yaxınlaşıb Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun valideynlərinin ünvanını soruşuram.

Qarabuğdayı bir oğlan əlindəki "tapança"nı belindəki qobura yerləşdirib deyir: "Aydın əmigilin evlərinin yerini mən bilirəm. Mənim adım da Ceyhundur. Aydın əmi mənə deyir ki, sən Ceyhuna çox bənzəyirsən. Mən də böyüyəndə hərbi məktəbdə oxuyub Ceyhun əmi kimi qəhrəman olacağam. Şəhidlərimizin azad etdikləri torpaqları gözüm kimi qoruyacağam". 

Bələdçimiz Ceyhunla ailə yataqxanasının ikinci mərtəbəsinə qalxıb qaranlıq dar dəhlizdən keçirik… Məndən irəlidə gedən Ceyhun qapını döyür… 

Ağ saçları gümüş kimi parıldayan, ağlamaqdan gözləri qan çanağı kimi qızarmış bir xanım qapını açıb bizimlə salamlaşır. Kimliyimizi soruşmadan "Qapıda durmayın, keçin içəri" deyir.

Qaməti əyilib beli bükülmüş, çarəsiz baxışları ilə adamı duyğulandıran şəhid atası Aydın kişi mehribanlıqla salam verib bizə yer göstərir:

- Bağışlayın ki, qonaq qarşılamaq üçün normal şəraitimiz yoxdur. 

1 nömrəli Evtikmə Kombinatında fəhlə işləyərkən veriblər buranı bizə. Ceyhun da bu 24 kvadratmetrlik mənzildə dünyaya gəlib.

İki darısqal otaqdan ibarət mənzilin hansı tərəfinə baxsan Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun şəkillərini, şəxsi əşyalarını görürsən… 

Ceyhun bu kiçik mənzildə böyüyüb, boya-başa çatıb. Canını fəda etdiyi Vətəni ilk dəfə bu mənzilin pəncərəsindən seyr edib, görüb, sevib…

Ceyhun böyüdükcə ürəyində yaralı bir Qarabağ dərdi, Xocalı acısı, Şuşa nisgili artırdı. Əslən Tovuz rayonunun Çeşməli kəndindən olsalar da, ömürlərinin bir gününü Qarabağda keçirməsələr də, valideynləri hər gün övladlarına Xocalıda, Kəlbəcərdə, Şuşada, Zəngilanda erməni cəlladlarının azərbaycanlı uşaqların başına gətirdikləri qanlı faciələrdən danışar, Vətənimizin gözəl bir hissəsinin işğalda olduğunu onların yaddaşına yazardılar. Beləcə, Xətai rayonunda yaşadıqları yataqxanadakı ikiotaqlı mənzilin pəncərəsindən bayıra baxanda xəyalı onu Şuşaya, Kəlbəcərə, Qubadlıya, Laçına aparardı… 

Anası Səmayə xanım Ceyhunlu günlərini xatırlayıb deyir:

- Oğlumun qəhrəmanlığı ilə qürur duyuram, fəxr edirəm. Həyətə düşürəm, Ceyhunumun abidəsini görürəm. Bir az kənarda dövlətimiz Ceyhunun guşəsini yaradıb, həmin küçəyə də şəhidimin adı verilib. Xətai rayonundakı 48 saylı orta məktəb də Ceyhunun adını daşıyır. Ceyhunun şəhid olduğu yerdə Prezidentimiz tərəfindən böyük bir abidə ucaldılıb. Bütün bunlar bir ana üçün yaxşı təsəllidir, qürurdur… Amma ana üçün oğul itkisinin yerini heç nə ilə doldurmaq mümkün deyil. Kaş bunların heç biri olmayaydı, Ceyhunum sağ olaydı. Ceyhunum sağ-salamat qayıdıb məni yox, oğlanları Cavidanla, Cavidi bağrına basıb onların başını sığallayaydı. Nəvələrimin şəkillərə, abidələrə baxarkən atalarını xatırlayıb kövrələndə dözə bilmirəm… 

Ceyhunun uşaqlıq şəkillərinə baxan Səmayə xanımın gözləri yol çəkir. Hansısa xatirə deyəsən onu çəkib aparır. Bir anlığa üzündəki qara cizgilər çəkilir. Sözünə davam etdi:

- Uşaqlıqdan çox mehriban və qayğıkeş idi. 1990-cı ildə 20 Yanvar faciəsi zamanı 5 yaşı var idi. Evdə oturub günahsız yerə qurban gedən şəhidlərimizi ağlayırdım. Ceyhun ağladığımı görüb, əli ilə gözümün yaşını sildi. Niyə ağladığımı soruşdu. Mən də olanları ona izah etdim. Qarşıma keçib, yumruğunu düyünləyib dedi: "Sən narahat olma. Böyüyüb, əsgər olacağam. Xalqımızın başına bu müsibətləri gətirənlərdən qisasımızı alacağam". O gündən 5 yaşında uşağın ağlına, düşüncəsinə yazıldı ki, böyüyəndə zabit olacaq… Elə bil Ceyhun qisas almağa tələsirdi…

Naxçıvanda xidmət edəndə hər şənbə günü evimizə gəlirdi. Bir dəfə dilimi dinc saxlamayıb dedim ki, bizim kişilərin danışmağa, yaşamağa haqları yoxdur. Mənə yaxınlaşıb düz gözümün içinə baxdı. Dedi ki, "ay ana, niyə elə deyirsən?" Dedim hamı söyləyir ki, erməni "qorxaqdır", "sayı azdır, bir ovucdur". Sayı az erməni illərdir ki, torpaqlarımızı işğal edib, yurdlarımızı viran qoyub. Onların qarşısına çıxıb durduran yoxdur. Dedi ki, "narahat olma. XXI əsrin zabitləri yetişir. Bir qarış da olsun torpağımızı işğalda qoyan deyilik". Doğrudan da, XXI əsrin zabitləri torpaqlarımızı işğaldan azad etdilər. Mən bunu həmişə deyirəm. 30 il işğal altında qalan torpaqlarımızı bu illərdə doğulub, yetişən oğullarımız xilas etdilər. Xalqımızın, dövlətimizin qəhrəmanlara olan münasibətini görəndə deyirəm ki, yaxşı ki, mən belə bir vətənpərvər oğul böyütmüşəm. Belə bir oğulun anasıyam. Ceyhun Fəxri xiyabanda dəfn edilib. Sentyabrın 29-da oğlumun dəfni zamanı orada demişəm ki, Allah Azərbaycan xalqına belə qəhrəman oğulları çox bəxş etsin. 

Haqqında söhbət açdığımız Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Orta təhsilini 1992-2001-ci illərdə Bakı şəhəri, Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə alıb. Uşaqlıqda hərbçi olmaq arzusu onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparıb. 2001-2003-cü illərdə hərbi liseydə təhsil alan Ceyhun Həsənov 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsilə yiyələnib. 2009-2019-cu illərdə Naxçıvanda xidmət edən Ceyhun Həsənov 2020-ci ildə xidmətini Beyləqan rayonunda yerləşən hərbi hissədə davam etdirib.


Arxası dağ olanın başı göylərə ucalar


Atası Aydın kişi Ceyhunla bağlı xatirələrini bölüşür:

- Ceyhun əsl hərbçi idi. Heç vaxt işi, xidmət keçdiyi yeri, komandirləri haqqında evdə söhbət etməzdi. Əslinə qalsa, xidməti yerinin dəyişməsindən, Beyləqana getməsindən də məlumatsız idim. Sən demə, əməliyyat şəraitini, yeri, yurdu öyrənmək üçün xidməti yerini dəyişibmiş. 

Gözətçi işləyirdim. 2020-ci il sentyabrın 24-də Ceyhundan zəng gəldi. Telefonla danışanda da deyərdim ki, "atan gözlərinə qurban, necəsən?" Ceyhun hər zəng vuranda necə olduğumu soruşardı. Bu dəfə çox şən idi. Gülə-gülə danışırdı. Dönə-dönə necə olduğumu soruşdu. Hər dəfə də yaxşı olduğumu deyirdim. Sonra anası ilə maraqlandı. Dedi ki, nəvələrin necədirlər? Heç vaxt uşaqlarını məndən soruşmazdı. Aramızda pərdə vardı. 

Hərdən danışanda deyirdim ki, arxası dağ olanın başı göylərə çatar. O sözdən çox xoşu gəlirdi. Yenə onu təkrarladım. Bir qəhqəhə çəkib güldü ki… Gördüm ki, Ceyhun bu dəfə əl çəkmir. Söhbəti uzadır. Xasiyyətini bildiyim üçün də heç nə soruşmurdum. Amma müharibə olacağı barədə söz-söhbət gəzdiyini eşitmişdim. Vəziyyətin necə olduğunu soruşdum? Dedi əladır. Söhbətdən yayınırdı: "Ata, sənə qurban olaram, vaxtım azdır. İmkan edib sənə zəng etdim ki, sizdən bir xəbər bilim".

Sonralar Ceyhunun döyüşdüyü yerlərə gedəndə əsgər yoldaşlarından öyrəndim ki, o, müharibə başlamamışdan 2 ay əvvəl komandir təyin edilibmiş. Gecələr kəşfiyyata gedib "Ohanyan səddi"nin "sirləri"ni öyrənirmiş. 


Zəfərə inanan qəhrəmanlar Zəfərin ilk cığırını açırlar


27 sentyabr 2020-ci il… Səhər saat 07:50 radələrində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində şiddətli döyüş başlayır. Bu zaman Füzuli rayonunun Alxanlı kəndində ön cəbhədə olan kapitan Ceyhun Həsənov əsgərlərinə döyüş əmri verir. Cəsur komandir BMP hərbi maşınına minib özü sağ tərəfdə, sürücüsü Qərib Balacayev sol tərəfdə, tuşlayıcı Şahin Mehdiyev ortada, 5 əsgər isə arxada əyləşib, döyüşçülərə "ardımca" deyib irəliyə şığıyır. Beləcə, 7 BMP, 4 tank, bir neçə digər döyüş texnikası və 80 nəfər şəxsi heyəti ilə əks-hücum əməliyyatı başlayır. Ordumuzun əks-hücuma keçdiyini görən düşmən dayanmadan mövqelərimizi ağır artilleriyadan atəşə tutur. Döyüş getdikcə şiddətlənir. Ordumuzun isə əks-hücum əməliyyatı öz gücünü göstərməyə başlayır. Hərbi texnikalar işə düşür. Topların, silahların, raketlərin səsi bir-birinə qarışır. Hər tərəf tüstü, barıt qoxusuna bürünür… Düşmən ağır itkilər verir. Qəhrəman döyüşçü, cəsur kapitan Ceyhun Həsənovun döyüşçüləri irəlilədikcə düşmənin məhv edilmiş postları arxada qalır. Zəfərə inanan qəhrəmanlarımız canları ilə Zəfərin ilk cığırını salmağa müvəffəq olurlar. İllərdir torpaqlarımızda "keçilməz sədlər" qurub, ərazilərimizin hər qarışını minalayan mənfur düşmən ciddi müqavimət göstərirdi. Bir tərəfdən əks-hücuma keçən hərbi texnikalarımızı sıradan çıxarmağa çalışır, digər tərəfdən də güllə yağışı altında minatəmizləyənləri atəş altında saxlayırdılar. Ceyhun 5 yaşında "mən hərbçi olacağam" dediyi zaman sıxdığı yumruq indi bütün Azərbaycanda daha güclü düyünlənmişdi. Müzəffər Ali Baş Komandan sentyabrın 27-də o qəzəbli yumruğu düşmənə göstərib "Yetər!" demişdi. Elə qəzəblə demişdi ki, səsinə nəinki Ermənistanda, hətta onu himayə edib üstümüzə qaldıran böyük dövlətlərin baş saraylarında oturanlar diksinib əl-ayağa düşür, müharibənin dayandırılması barədə dövlətimizin başçısına ard-arda zənglər edirdilər. Əks-hücuma keçən igidlərimizin isə dilində bir şüar vardı: "Ölərik, geri dönmərik".

Düşmən gücünü toplayıb müqavimət göstərirdi. 70-ə yaxın piyada döyüşçünün mühasirəyə düşmək təhlükəsini görən kapitan Ceyhun Həsənov BMP-nin sürücüsünə "İrəli" əmrini verir. BMP-nin sürücüsü Qərib vaxt itirmədən zirehli maşınını keçilməz "Ohanyan səddi"nə tərəf sürür. Ceyhun Həsənovun olduğu BMP quş kimi irəliyə şığıyır. Ceyhun ekipaja sarı dönüb "Möhkəm olun, ya azadlıq, ya ölüm" deyir. Cəsur kapitanın bu taktikası əsgərlərimizi mühasirəyə düşməkdən xilas edir.

Komandir düşmənin koordinatları haqqında məlumatları tuşlayıcı Şahinə ötürdükcə qarşıdakı atəş mövqeləri bir-bir sıradan çıxırdı. İlk uğurlu hücum nəticəsində artıq bir neçə kənd azad olunmuş, düşmənin 7 postu ələ keçirilmişdi. Hava hücumundan, PUA-lardan istifadəyə ehtiyac duymayan Ceyhun sol cinahda qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. 

Müqaviməti davam etdirən ermənilərin sonuncu postunun da məhv edilməsinin vaxtı çatmışdı. Koordinatlar təyin edilib, BMP sağ tərəfə istiqamət alanda minaya düşür. Yaralanmış kapitan Ceyhun Həsənov tuşlayıcı Şahindən bircə bunu soruşa bilir: "Şahin, düşmənin sonuncu postunu da vura bildikmi?" Şahin: "Vurduq, komandir, vurduq!", - deyə sevinclə cavab verir. Elə bu an onlar ikinci dəfə minaya düşürlər. Füzuli rayonu Qaraxanlı kəndində Azərbaycana ilk qələbə sevinci yaşadan kapitan Ceyhun Həsənov şəhidlik zirvəsinə ucalır. BMP-nin üst hissəsində oturan tuşlayıcı Şahin Mehdiyev zərbənin təsirindən yerə yıxılır. Ağır yaralanmış sürücü Qərib Balacayev BMP-ni tərk etsə də, bir qədər sonra o da şəhid olur.

Tuşlayıcı Şahin döyüş meydanından dərhal təxliyə edilsə də, Azərbaycan Ordusunun ilk şəhidləri bir müddət döyüş mövqeyində qalır… 

Sentyabrın 28-də şəhid olmuş əsgər və zabitlərimiz döyüş bölgəsindən çıxarılır… 

Bu döyüşlərdə kapitan Ceyhun Həsənovun cəsurluğu, yüksək komandirlik bacarığı, döyüşçülərimizin göstərdiyi igidlik və qətiyyət nəticəsində Füzuli rayonunun 5, Cəbrayıl rayonunun isə 2 kəndi işğaldan azad edilir.

Kapitan Ceyhun Həsənovun və döyüş yoldaşlarının şəhid olduqları Qaraxanbəyli kəndi yaxınlığında abidə ucaldılıb. 2022-ci il sentyabrın 27-də abidənin açılışında iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: "Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın".

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə kapitan Ceyhun Həsənov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

Bacısı Xatirə xanım deyir ki, qardaşımın yoxluğu bizim üçün ağır itkidir. Bir bacı üçün bundan böyük faciə, dərd ola bilməz. Amma qardaşımın və digər qəhrəman oğullarımızın döyüş şücaəti, Vətən uğrunda fədakarlığı nəticəsində 30 il işğal altında olan torpaqlarımızın azad edildiyini düşünəndə qürur duyuram, təsəlli tapıram. Fikirləşirəm ki, vətənpərvər bir zabitin həyatla vidalaşması da qəhrəmanlıqla yekunlaşmalı idi. Ən vacib amil odur ki, Ceyhun Vətəni necə sevmək lazım olduğunu gözəl bilirdi.

Ceyhun arzuladığı ömrü yaşadı. Bu küçələrdə həmişə hərbçilərin paradı olardı. İzdiham yaşanardı. Hamımız hərbi geyimdə olan insanlara hörmətlə, bəzən də həsrətlə baxardıq. Ceyhun xalqımızın hərbçiyə olan sevgisini görüb hərbçi olmuşdu. Son mənzilə də böyük bir izdihamla, qəhrəmana olan sevgi və hörmətlə yola salındı.

Dərs dediyim sinif qardaşımın adını daşıyır. Hər sinfə girəndə Ceyhunu xatırlayıram. Şagirdlərimin mənə zillənən baxışlarını, bir qəhrəmanın bacısına olan hörməti hiss etdikcə qürur duyuram. Həm də bu bir məsuliyyətdir. Çalışıram ki, canını vətəninə qurban verən bir Vətən Müharibəsi Qəhrəmanının adına yaraşan insan, müəllim olum.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!