Bakı daha bir mötəbər idman tədbirinə yüksək səviyyədə evsahibliyi etdi
Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən "Formula-1" Azərbaycan Qran-prisi başa çatdı. Azərbaycan sayca 8-ci dəfə bu möhtəşəm yarışa uğurla evsahibliyi etdi. Dünya növbəti dəfə azərbaycanlıların mehribanlığına, qonaqpərvərliyinə, qədim tarixinə, füsunkar təbiətinə, mentalitetinə şahidlik etdi.
Çoxlu sayda siyasi, mədəni, idman və digər tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb etdi. "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıtdı.
Sentyabrin 13-də başlayan yarışların sonuncu günü həyəcanlı keçib. Sentyabrın 15-də Qran-prinin açılış mərasimi baş tutub. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. "Xan Qarabağ" xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib. Açılışdan sonra "Formula-1" Azərbaycan Qran-prisi-2024 start götürüb.
"Formula-1" yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar.
Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi isə İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda "McLaren"in avstraliyalı pilotu Oskar Piastri Qran-prinin qalibi olub. Şarl Lekler ("Ferrari") ikinci, Corc Rassell ("Mercedes") üçüncü sırada qərarlaşıb. Sonra "Formula-1" Azərbaycan Qran-prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Böyük Britaniya və Avstraliya Dövlət himnləri səsləndirilib.
Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və "Qatar Airways"in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.
İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə "Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Sentyabrın 14-də təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.
Builki dünya çempionatına fevralın 29-dan martın 2-dək Bəhreyn Qran-prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya və Yaponiya, Çin, ABŞ, İtaliya (İmola), Monako, Kanada, İspaniya, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Niderland və İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.
Beləliklə, 16 Qran-pridən sonra pilotların siyahısında "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 313 xalla liderdir. "McLaren"də çıxış edən Lando Norris 254 xalla ikinci yeri tutub. İlk "beşliy"i isə 235 xalla Şarl Lekler ("Ferrari"), 222 xalla Oskar Piastri ("McLaren"), 184 xalla Karlos Sayns ("Ferrari") tamamlayıblar.
Konstruktorlar kubokuna isə 476 xalla "McLaren" komandası başçılıq edir. "Red Bull" 456 xalla ikinci, "Ferrari" 425 xalla üçüncü pillədə yer alıblar.
Beləliklə, qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili və onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, "Formula-1" komandalarının və yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili təqdirəlayiq idi.
"Azərbaycan"