Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident!
Sizin göstərişinizlə "Azərbaycan" qəzetinə maliyyə yardımının ayrılması hamımızın ürəyindən oldu, bizi çətinlik və sıxıntıdan qurtardı.
Bu böyük qayğınıza və alicənablığınıza görə Sizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.
Artıq neçə illərdir ki, abunəmizin və reklamın azalması səbəbindən maliyyə çətinlikləri yaranmış, istehsal prosesinin ahəngində və əməkhaqlarının ödənilməsində problemlərlə üzləşməli olmuşuq.
Hər dəfə vəziyyətdən çıxmaq üçün Sizə müraciət edirik!
Siz təkcə jurnalistlərin böyük dostu deyil, həm də onların hamisi və qayğıkeşisiniz. Siz hər dəfə gərgin qrafikinizə, işinizin çoxluğuna baxmayaraq, biz jurnalistlərin müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşır, lazımi köməyi edirsiniz.
Biz jurnalistlər həmişə Sizinlə qürur duyur, dünya KİV nümayəndələri ilə görüşlərinizi, onların suallarına verdiyiniz sərrast və məntiqli cavabları sonsuz maraq və diqqətlə izləyirik, həm də öyrənirik.
44 günlük Vətən müharibəsi dövründə dünyanın tanınmış telekanalları, informasiya agentlikləri və qəzetlərinə verdiyiniz otuzdan çox müsahibəni, jurnalistlərin Sizə ünvanlanan bütün suallarını, hətta qeyri-obyektiv yanaşmadan doğan, qərəzli mövqedən verilən sualları belə məharətlə cavablandırmağınız xatirimizdə dərin izlər buraxmışdır.
Biz Sizi həm də informasiya müharibəsinin yeganə baş qəhrəmanı kimi tanıyırıq.
Zati-aliləri!
Siz öz uzaqgörən və müdrik fəaliyyətinizlə daim Azərbaycanı ucaldır, ona dünya birliyinin hörmətli və sayılan üzvləri sırasında yer alır, xalqın rifahını ilbəil yüksəldirsiniz.
Məhz Sizin uğurlu və çoxcəhətli fəaliyyətiniz sayəsində "Böyük qayıdış" proqramı sürətlə icra olunur, keçmiş məcburi köçkünlər uzun illər həsrətində olduqları doğma yurda qayıdır, yeni saldığınız müasir yaşayış məskənlərində müqəddəs arzularına qovuşaraq xoşbəxt günlərini yaşayırlar.
Bir daha təşəkkür və minnətdarlığımızı bildirir, Sizə möhkəm cansağlığı, zəngin və səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
"Azərbaycan" qəzetinin kollektivi