07 May 2024 08:50
244
SİYASƏT
A- A+

Sərhədsiz saxtakarlıq

 

Qərbin vermək istədiyi yalnız xaos və idarəolunan münaqişələrdir

 

"Gürcüstanda "Xarici agentlər haqqında" qanun layihəsi artıq ikinci oxunuşda qəbul olunub. Etiraz aksiyalarının təşkil olunmasına baxmayaraq, Gürcüstan parlamenti qanun layihəsini sonadək dəstəkləmək iradəsini nümayiş etdirir. Bununla Gürcüstan göstərir ki, o, öz maraqlarına cavab verən, hazırkı reallıqlar şəraitində doğru bildiyi addımları atmaq niyyətindədir". 
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, ABŞ başda olmaqla Qərb dairələri Gürcüstana qarşı siyasi hücumlar həyata keçirirlər. Gürcüstanda davam edən aksiyaların təşkilatçısı rolunda ABŞ-nin və Avropa ölkələrinin dayandığı özləri tərəfindən də dolayısı ilə etiraf olunur. Yəni Amerika rəsmilərinin dilindən səslənən fikirlər, xüsusilə də Ceyms O'Brayn Gürcüstan baş nazirinə qanun layihəsinə birgə baxmağı və ondan buna reaksiya verilmədiyini açıq şəkildə bildirib. Məhz bunun hazırda Gürcüstanda etiraz aksiyaları keçirildiyinə işarə verməsi artıq ABŞ, Qərbin çəkinmədən, heç bir mənəvi hisslər çərçivəsini tanımadan başqa ölkələrin daxili işlərinə müdaxilə etdiyini nümayiş etdirir. Yəni başqa ölkələrin daxili işlərinə bu dərəcədə qarışmaq və bunun fonunda başqa xalqlara, ölkələrə guya demokratiya, insan hüquqları ilə dəstək olmaq istəyini nümayiş etdirmək sərhədsiz riyakarlıq, saxtakarlıqdır. "Biz bunu bu gün Gürcüstanda baş verən hadisələrlə bağlı ABŞ-nin davranışlarında müşahidə edirik. Bir qayda olaraq ABŞ ayrı-ayrı ölkələrin həm maddi, həm insani resurslarından öz geosiyasi rəqiblərinə qarşı istifadə edir, daha doğrusu, xərcləyir. Bununla da o ölkələri göz önündə məhv edir. Ukraynada baş verənlər növbəti dəfə nümayiş etdirdi ki, ABŞ və Qərb müxtəlif ölkələrin ərazilərini geosiyasi rəqiblərinə, yəni Rusiyaya qarşı döyüş meydanına çevirir. Özləri də sadəcə olaraq kənardan müşahidə etmirlər, eyni zamanda maraqlarını həyata keçirirlər. Ukraynaya ayrılan pulların xərclənmə istiqamətləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Şəffaflıq çox ciddi sual altındadır. Onlar münaqişələrə həm də çirkli pulları yumaq mexanizmi kimi baxırlar. Ona görə də ayrı-ayrı coğrafiyalarda çoxsaylı silahlı qarşıdurmaların baş verməsində maraqlıdırlar", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, ABŞ guya Gürcüstana azadlıq istəyir, amma, əslində, bu ölkənin azadlığa qovuşmaq istədiyi üçün qəbul etməyə çalışdığı qanuna qarşı çıxır. Bir sıra postsovet ölkələrində Qərb tərəfindən törədilən rəngli inqilablar nəticəsində marionet siyasi rejimlər formalaşdırılıb. Bu rejimlər Qərbin təlimatları əsasında öz fəaliyyətlərini qurublar. Ölkəsinin həm iqtisadi, həm siyasi potensialını o rejimləri formalaşdıran dairələrin maraqları üçün sərf edirlər və nəticədə özləri çox böyük zərər görürlər.  Məsələn, 2003-cü  ilin sonunda Gürcüstanda məhz belə rəngli inqilab təşkil olunmuşdu. Yeri gəlmişkən, həm Gürcüstanda, həm Ukraynada, həm də Qırğızıstanda rəngli inqilab törədən qrupların siması eyni idi. Yəni eyni mobil qruplar ölkədən-ölkəyə səfərlər edərək orada rəngli inqilabları təşkil edirdilər. Qərbdə bu istiqamətdə işlək mexanizmlər mövcuddur və bu gün Gürcüstanda da eyni ssenari yenidən təkrarlanmaqdadır, buna ciddi cəhd göstərilir. 
E.Mirbəşiroğlu vurğulayıb ki, Saakaşvilinin hakimiyyəti illərində Gürcüstanın bir sıra nazirləri, xüsusilə də xarici işlər naziri öz maaşını Fransadan alıb: "Yəni başqa ölkədən maaş alan məmur öz ölkəsinə xidmət edə bilərmi? Sualın cavabı çox aydındır. Gürcüstan, demək olar ki, Qərbdən tam asılı vəziyyətə salınmışdı. Bəs Avropa İttifaqına inteqrasiya istiqamətində Gürcüstan nə qazandı? Heç bir şey. Təxminən yarım milyondan artıq gürcü Avropanın müxtəlif ölkələrinə üz tutdu və orada hansısa böyük uğurları ilə gündəmə gəlmədilər". 
ABŞ, Qərb Gürcüstandan yaxın qonşusu olan Rusiya ilə düşmən münasibətində olmasını istəyir. Amma Gürcüstanla Rusiya iqtisadiyyatı bir-birinə sıx bağlıdır. Rusiyada çox sayda gürcülər yaşayır, işləyir və Gürcüstandakı yaxınlarına vəsait göndərirlər. Avropa bunu əvəz edəcək heç bir şey təklif edə bilmədiyi halda Gürcüstandan özünü qurban verməyi tələb edir. Hazırda 25  minə qədər qeyri-hökumət təşkilatı başda ABŞ olmaqla müxtəlif Avropa ölkələrindən, dairələrindən maliyyə vəsaitləri alır və onların göndərdiyi təlimatları yerinə yetirirlər. Qərb vəsaiti heç vaxt boşuna xərcləmir. Qərbin müxtəlif coğrafiyalarda, ölkələrdə insan hüquqları və demokratiyaya dəstək istəkləri saxtakarlıq və riyakarlıqdan başqa bir şey deyil. Biz bunu Suriyada, Liviyada, müxtəlif ərəb ölkələrində gördük. Normal həyat şəraitinə malik olan bu ölkələrdə bu gün bütün mənalarda həyat iflic vəziyyətindədir. Qərbin vermək istədiyi xaos, idarə olunan münaqişələr, qarşıdurmalardır. Bunu artıq 500 ildən artıqdır ki, bütün dünya müşahidə edir. Çox təəssüf ki, Qərb bu cür iyrənc, təhlükəli mexanizmləri ilə dünyanı hələ də yönləndirə bilir. 
Deputat bildirib ki, Qərbin müdaxilə cəhdlərinə qarşı dayanmaq gücündə, iradəsində olan dövlətlər də var və bu ölkələr içərisində də ən barizi, gözəçarpanı Azərbaycandır. "Azərbaycan nümayiş etdirdi ki, hər addımında müstəqildir, milli maraqlarına xidmət edən mövqe sərgiləyir, siyasət yürüdür. Bütün siyasi hücumlara, qərəzli formalaşdırılan mövqelərə baxmayaraq, müstəqil addımlar atır. Hətta Qərbin neokolonializm siyasətinə qarşı açıq mübarizə platformasını formalaşdırır. Azərbaycan Prezidenti bəyan etdi ki, biz bundan sonra neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında daha yaxından yer alacağıq. Yəni Azərbaycan göstərir ki, Qərbin bu müdaxilələrinə qarşı mübarizə aparıb, nəticə əldə etmək olar". 
Müsahibimiz hesab edir ki, bu gün Azərbaycan Gürcüstan üçün ən yaxşı nümunədir. Amerika Birləşmiş Ştatları 1938-ci ildə qəbul etdiyi "Xarici maliyyələşmələr haqqında" qanunun bu gün Gürcüstanda qəbul olunmasına qarşı çıxır və burada da çox aşkar bir paradoksallıq görünür. Qərb xalqın etirazını artırmaq üçün bu layihəni Rusiya qanunu adlandırır. Bu cür yanaşma, mexanizmin tətbiq olunması Gürcüstandakı etiraz aksiyalarının Qərb tərəfindən təşkil və idarə olunduğunu aydın nümayiş etdirir. 
Deputat düşünür ki, gürcü xalqı baş verənlərə ayıq gözlə baxmağı artıq öyrənib. Saakaşvili hakimiyyətə gələndə Gürcüstan cəmiyyətinə guya demokratiya, azadlıq gətirmək istəyirdi. Amma bir qrup insanın marağı istiqamətində fəaliyyət quruldu və gürcü xalqı özü də Saakaşviliyə etimadsızlıq nümayiş etdirdi. Bunu gürcü xalq etdi və bu xalq yenə də öz iradəsini nümayiş etdirə biləcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video