Zaqatalanın Muğanlı kəndindən Goranboyun Gülüstanına gedən möhtəşəm yola bir daha nəzər salındı
Vətən müharibəsi şəhidi Nicat Xəlillinin cənnətdəki ömrünün dördüncü ili tamam oldu. Vətənin igid oğlunun anım mərasimi doğulub böyüdüyü və torpağa tapşırıldığı Zaqatalanın Muğanlı kəndində - müqəddəs məzarı önündə keçirildi.
Tədbirə rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov, Yeni Azərbaycan Partiyası Zaqatala təşkilatının sədri Fərid Ramazanov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin sektor rəhbəri Araz Əliyev, şəhid ailələri, ictimaiyyət nümayəndələri, din xadimləri qatılmışdılar.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verənlərin xatirələri birdəqiqəlik sükutla yad olundu, ruhlarına dualar oxundu.
Çıxış edənlər dövlətin və xalqın 44 günlük haqq savaşında qazandığı nailiyyətlər, qəhrəman övladlarımızın şücaəti sayəsində erməni işğalındakı torpaqlarımızın azadlığa qovuşması, bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-tikinti, quruculuq işləri, eləcə də şəhid Nicatın rəşadətli döyüş yolu haqqında söhbət açdılar. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının kənd üzrə nümayəndəsi Nazim Safquliyev şəhidin ailəsi adından qonaqlara təşəkkürünü bildirdi, Muğanlı gənclərinin daim Vətənin müdafiəsinə hazır olduqlarını vurğuladı.
Muğanlı tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, gələcək həyatlarında Nicat kimi mərd oğullara bənzəməyə çalışacaqlarına söz verdilər. Sonda şəhidin evində ehsan süfrəsi açıldı.
Xatırladaq ki, Xəlilli Nicat Əli oğlu 1994-cü il dekabrın 9-da dünyaya göz açıb. Ailənin sonbeşiyi idi, orta məktəbi bitirib müxtəlif sahələrdə, əsasən də mebel sexində işləyib. Harada çalışmasından asılı olmayaraq, məqsədi Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmaq idi. 2013-2014-cü illərdə milli ordu sıralarında həqiqi hərbi xidmət keçib, yüksək döyüş hazırlığına və bacarığına görə dəfələrlə komandanlığın təşəkkürnamələrinə, fəxri fərmanlarına layiq görülüb. Vətən müharibəsinə könüllü qoşularaq sentyabrın 30-dan ön xətdə döyüşlərə atılıb. Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşməndən təmizlənməsində fəal iştirak edib. 9 oktyabrda Goranboyun Gülüstan kəndi istiqamətində gedən döyüşlərdə şəhadət məqamına yüksələrək ertəsi gün doğulub böyüdüyü kəndin qəbiristanlığında dəfn edilib.
Şəhid Nicatın Vətən, xalq yolundakı qəhrəmanlıqları dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, müvafiq sərəncamlarla "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"