Şirvan ŞİH-də idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə edilib.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şirvanda da xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd etmişdir. Bildirmişdir ki, şəhərin 2024-2028-ci illər üçün "Yeniləşən Şirvan" sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin icrası şəhərin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıran İ.Abbasov hazırda ərazidə səyyar beton zavodunun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini demişdir.
Sonra şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmış, 125 küçə, 5 park, 4 xiyaban,
8 məhəllə, 3 meydan və 2 dairədə işıqlandıma işləri başa çatdırılmışdır. Daha 71 küçənin işıqlandırılması da nəzərdə tutulmuşdur. Bunlardan əlavə, müxtəlif ərazilərdə digər abadlıq və yenidənqurma işləri də həyata keçirilmişdir.
Sonra müzakirələr olmuşdur. Çıxış edənlər şəhərdə sosial-iqtisadi sahədə görülmüş işlərdən danışaraq mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildirmişlər.
Seyran CAVADOV,
"Azərbaycan"