02 May 2024 14:54
2240
Təhsil
A- A+

Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Vaqif oğlu Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. 

Ümummilli Liderimizin adını daşıyan yubiley medalını rektora Elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Şahin Bayramov yüksək təltifi ilə bağlı təəssüratlarını belə bölüşüb:  «Fəaliyyətimizə verdiyi yüksək qiymətə görə Möhtərəm Prezidentimizə sonsuz təşəkkürümüzü bildiririk. Yubiley medalını Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində Mingəçevir Dövlət Universiteti ailəsi üzvlərinin birgə əməyinə verilən yüksək qiymət olaraq dəyərləndiririk. Yubiley medalı ilə təltif olunan bütün həmkarlarımızı təbrik edirik».

 

Gənc alimin uğuru

 

Qeyd edək ki, Şahin Bayramov 1979-cu il iyulun 4-də Mingəçevir şəhərində anadan olub. 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olunub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə ADİU-nun magistraturasına qəbul olunub, 2003-cü ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.
2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olunub. 2011-ci ildə “Dünya iqtisadiyyatı” ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.
2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.
2006-2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.
2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin sentyabrından ADİU-nun “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışıb.
Şahin Bayramov 2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2017-ci ilin noyabrından 2019-cu ilin iyul ayınadək Avropa Ali Təhsil Məkanı (EHEA) Bolonya İşçi Qrupunun (BFUG) Azərbaycan üzrə Ölkə Koordinatoru, 2018-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək BFUG-inin Qlobal Siyasət Dialoqu Komitəsinin üzvü olub. 2018-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan, Fransa, Latviya və Litva tərəfindən birgə icra olunan “Azərbaycanda Ali Təhsil Sisteminin İnkişafına Dəstək” Tvinninq Layihəsinə rəhbərlik edib. Avropa İttifaqının Erasmus+ Layihələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinatoru olub.
2018-ci ilin sentyabrından ADİU-nun Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə” kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışır. 2018-ci ilin noyabr ayından Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür.
Şahin Bayramov müxtəlif vaxtlarda Oksford və Vorvik Universitetlərində (hər ikisi Böyük Britaniya), Pittsburq Universitetində (ABŞ) və ADA Universitetində (Azərbaycan) peşəkar təlimlərdə iştirak etmiş, eləcə də Azərbaycan, ABŞ, Yaponiya, Çin, Türkiyə, İsveçrə, Avstriya və Avropa İttifaqı tərəfindən təqdim edilən təqaüd proqramlarının qalibi olub. 2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı”nın (Junior Faculty Development Proqram) qalibi seçilməklə ABŞ-ın İndiana Universitetində (Indiana University in Bloomington) “İqtisadiyyat” ixtisası təhsil alıb. 2015-ci ildə ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən həyata keçirilən “Hubert H. Humphrey” Proqramının qalibi seçilməklə ABŞ-da peşəkar inkişaf təlimlərinə qatılıb.
2015/-2016-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) “Ali təhsilin idarə edilməsi və akademik liderlik” (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb. Adıçəkilən proqram çərçivəsində həmçinin Kornell Universitetində (Cornell University) altı həftəlik təcrübədə iştirak edib. ABŞ-da təhsil aldığı müddətdə ali təhsilin idarəedilməsi, akademik liderlik, universitet menecmenti, böhran şəraitində akademik idarəetmə, qərarların qəbul edilməsi, kadr potensialının idarə olunması, danışıqların aparılması və digər mövzularda çoxsaylı peşəkar təlimlərə və forumlara qatılıb. 2018-ci ilin noyabrında Çin Xalq Respublikası Hökumətinin təqaüdü çərçivəsində Çinin Ticarət Nazirliyi və Zhejiang Normal Universiteti tərəfindən təşkil olunan “Ali təhsilin idarə edilməsi” mövzusunda üçhəftəlik təlim seminarında iştirak edib.
Müxtəlif dövrlərdə Azərbaycan, Türkiyə, Yaponiya, İsveçrə, ABŞ, Almaniya, Fransa, Birləşmiş Krallıq, Avstriya, Belçika, Macarıstan, Çin, Gürcüstan və digər ölkələrdə ali təhsilin idarə olunması, universitet idarəçiliyi, akademik liderlik, Bolonya prosesi, Avropa Ali Təhsil Məkanı, kurrikulumların tərtibi, ÜTT, Avropa İttifaqı və s. mövzularda çoxsaylı beynəlxalq seminar və təlimlərdə iştirak edib, çoxsaylı beynəlxalq konfrans, forum və simpoziumlarda ali təhsilin, Azərbaycan iqtisadiyyatının, Avropa İttifaqı və qlobal iqtisadiyyatın müxtəlif məsələlərinə dair məruzələrlə çıxış edib.
Ali təhsildə idarəetmə, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin beynəlxalq reytinq siyahıları, ali təhsildə multikulturalizm, Avropa İttifaqı çərçivəsində iqtisadi inteqrasiya prosesləri, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycan iqtisadiyyatının Avropa məkanına inteqrasiyası, davamlı iqtisadi inkişaf və digər mövzulara həsr olunmuş 40-dan artıq elmi məqaləsi və tezisi Azərbaycan, ABŞ, Avstriya, İsveçrə, Türkiyə, Latviya, Ukrayna, Qazaxıstan və digər ölkələrin elmi jurnallarında, elmi-praktiki konfrans məcmuələrində və publisistik nəşrlərdə çap olunub.
Şahin Bayramov müxtəlif vaxtlarda Çinin Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində (Lanzhou University of Finance and Economics, Lanzhou), ABŞ-ın Kornell Universitetində (Cornell University, Ithaca), AFR-in Siegen Universitetində (Siegen University, Siegen), Macarıstanın Dunayvaroş Universitetində (University of Dunaujvaros, Dunaujvaros), ABŞ-ın Pensilvaniya Dövlət Universitetində (Penn State University, State College), Ukraynanın Kiyev Milli İqtisadiyyat Universitetində (Kiev National Economics University, Kiyev) və Poltova İqtisadiyyat və Ticarət Universitetində (Poltava University of Economics and Trade, Poltava) mühazirələr oxuyub.
Avropa Universitetlər Assosiasiyası (European Universiites Association), İslam Dünyası Universitetləri Federasiyası (Federation of Universities of the Islamic World), Beynəlxalq Universitetlər Assosiasiyası (International Association of Universities) və digər beynəlxalq universitet birliklərinin çoxsaylı toplantılarında ADİU-nu təmsil edib.
2013-2017-ci illərdə “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda Avropa İttifaqının TEMPUS Layihəsinin müəllifi və qrant meneceri olub. Koordinatoru ADİU olan beynəlxalq layihədə Azərbaycan, Ukrayna, Tacikistan, Qırğızıstan, Böyük Britaniya, İtaliya və İspaniyanın ümumilikdə 15 universiteti iştirak edib.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi) nəzdində həyata keçirilən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə bir sıra beynəlxalq layihələrdə yerli ekspert qismində çalışıb. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə Danışıqlar Qrupunun üzvü qismində ABŞ, Avropa İttifaqı, Yaponiya, Avstraliya, Türkiyə və digər ölkələrlə ikitərəfli və çoxtərəfli ticarət danışıqlarında iştirak edib. 2011-17-ci illərdə ADİU-da fəaliyyət göstərən “ÜTT İstinad Mərkəzi”nin və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Fundamental Kitabxanası”nın meneceri, eləcə də “BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Virtual İnstitutu”nda ADİU-nun koordinatoru olub. 2018-ci ilin mart-noyabr aylarında “Ümumdünya Sərgisi 2025 Bakı” (World EXPO 2025 Baku) təşəbbüsündə Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinatoru olub. UNESCO, ÜTT və Avropa Komissiyası tərəfindən Azərbaycanda, Türkiyədə, Fransada və Belçikada təşkil olunan beynəlxalq seminar və təlimlərə regional ekspert və təlimçi qismində dəvət olunub.
Şahin Bayramov Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. 2022-ci ilin oktyabrından Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin üzvüdür. 2023-cü ildə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki oğlu var.

 

“Heydər Əliyev İli” MDU-da geniş qeyd edilib 

 

Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetdə Vətənə, dövlətə və xalqa bağlı layiqli kadrların yetişdirilməsi baxımından xüsusi önəm kəsb edir. Bu məqsədlə, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da Tədbirlər Planı təsdiq edilib və bu çərçivədə müxtəlif formatlı tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə, 2023-cü ildə universitetdə Ulu Öndərə həsr olunan 1-i respublika, 3-ü beynəlxalq olmaqla 20 elmi konfrans, 10 elmi-praktik seminar, 7 “dəyirmi masa” və 5 mühazirə təşkil edilmişdir. Tədbirlər Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Mingəçevir şəhər təşkilatı, Mərkəzi Aran Regional Təhsil İdarəsi və tərəfdaş universitetlərin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Mayın 10-da MDU-da “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilən respublika elmi konfransı ictimaiyyətin böyük marağına səbəb olmuşdur. 
Ötən il ərzində universitetin təşkilatçılığı və birgə tərəfdaşlığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”, “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, “Milli dövlətçiliyimizin xilaskarı”və “Heydər Əliyevin xilaskar qayıdışı” mövzularında elmi konfranslar keçirilmişdir. Həmçinin universitetdə Ümummilli Liderin 100 illiyinə həsr olunan müxtəlif mövzularda elmi seminar, “dəyirmi masa” və mühazirələr təşkil olunmuşdur. 
2023-cü ilin iyun ayında Azərbaycanın Türkiyədəki Səfirliyi və MDU-nun birgə təşkilatçılığı ilə Qazi Universitetində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”, Ankara Hacı Bayram Veli Universitetində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzularında keçirilən beynəlxalq konfranslar böyük maraqla qarşılanmışdır. “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda MDU-da keçirilən respublika elmi konfransının materialları kitab şəklində çap olunmuşdur.
MDU-nun “Dayanıqlı inkişaf” elmi jurnalının Ulu Öndərin şərəfli ömür yoluna və titanik fəaliyyətinin müxtəlif sahələrinə həsr edilmiş xüsusi buraxılışı çap olunmuşdur. MDU-da “Heydər Əliyev xatirələrdə” adlı layihə həyata keçirilmişdir. Ulu Öndərin zəngin irsinin təbliğinə töhfə məqsədilə reallaşdırılan layihə çərçivəsində dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlər təşkil olunmuşdur. Şəhər ictimaiyyəti nümayəndələri, ümumtəhsil məktəblərinin rəhbər, müəllim və şagird kollektivi, professor-müəllim heyəti, tələbə və magistrantların iştirakı ilə 3 görüş keçirilmişdir. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Şahlar Əsgərov və ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru professor Misir Mərdanovla keçirilən görüşlərdə Ümummilli Liderimizlə bağlı xatirələrdən bəhs olunmuşdur.
MDU-da tələbələrin iştirakı  ilə əbədiyaşar liderimizə həsr olunan bilik yarışı, ədəbi-bədii tədbir və ağacəkmə aksiyaları keçirilmişdir. MDU-nun kitabxanalarında Ulu Öndərlə bağlı guşələr yaradılmışdır.

 

Mingəçevir Dövlət Universitetinin fəaliyyətində böyük dönüş

 

Mingəçevir Dövlət Universitetində ötən 5 il ərzində böyük uğurlar əldə olunub. Onların bəzilərini xatırladırıq: 
- MDU-nun fəaliyyətində davamlı dövlət dəstəyindən faydalanmaqla, milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanıında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları nəzərə alınıb.
-    Dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək MDU-nun missiyası olaraq qəbul edilib.
-    Möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulmuş başlıca vəzifələrdən irəli gələrək, MDU-nun təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməsi əsas strateji hədəf kimi müəyyən olunub.
-    Tədris prosesinin məzmunu inkişaf etdirilib, elmi fəaliyyətin səmərəliliyi artırılıb, beynəlxalq əməkdaşlıq gücləndirilib, universitet-sənaye əməkdaşlığı genişləndirilib və tələbələrin universitet idarəçiliyində iştirakı təmin olunub.
-    2019/2020-ci tədris ili ilə müqayisədə 2023/2024-cü tədris ilində bakalavriyat səviyyəsi üzrə proqramların sayı 23-dən 31-ə, magistratura səviyyəsi üzrə proqramların sayı 12-dən 19-a yüksəlib, ümumi tələbə sayı 2000-dən 4500-ə qədər artıb.
-    Universitet publik hüquqi şəxsə çevrilib.
-    Universitet rebrendinq (re-branding) olunub.
-    “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” qəbul olunub və Strategiyanın icrasına start verilib.
-    MDU-nun “Dayanıqlı inkişaf” adlı multidisiplinar elmi jurnalı təsis olunub və jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi elmi jurnallar siyahısına daxil edilib.
-    Universitetin strukturu davamlı təkmilləşdirilib, yeni dövrün tələblərinə uyğun bölmələr və struktur vahidləri yaradılıb.
-    MDU Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü, MDU-nun rektoru isə həmin Assosiasiyanın İdarə Heyətinin üzvü seçilib.
-    Ölkə başçısının müvafiq tapşırığı və davamlı dəstəyi sayəsində 2019-2024-cü illərdə universitet əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 2 dəfə artırılıb.
-    Son 3 tədris ilində qardaş Türkiyənin aparıcı univerisetlərindən 2 qonaq professor daimi əsaslarla MDU-da fəaliyyət göstərir.
-    Möhtərəm Prezidentimizin birbaşa dəstəyi nəticəsində 7 hektarlıq ərazidə Universitetinin müasir kampusunun tikintisinə start verilib.
-    MDU ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub.
-    Milli ali təhsil tariximizdə ilk dəfə olaraq region universiteti (MDU-nun timsalında) Erasmus+ layihəsinin koordinatoru qismində qalib olub.
-    Tələbələr aktiv şəkildə könüllülük və startap fəaliyyətlərinə cəlb olunub.


«Azərbaycan»
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video