Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 4 min 747 turist qəbul edib.
Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qurban bayramı münasibətilə elan olunan qeyri-iş günlərində kompleksin tabeliyindəki hotellərin xidmətlərindən ümumilikdə 2 min 983 qonaq istifadə edib.
“Şahdağ” Turizm Mərkəzi yay mövsümündə də qonaqlara maraqlı əyləncələr, həyəcan verici attraksionlar, müxtəlif turistik xidmətlər təklif edir. Buna misal olaraq piyadalar üçün kanat yolu, adrenalin dolu bir attraksion olan “Shahdag Roler Goaster”, peşəkar bələdçilərin müşayiəti ilə təşkil edilən dağ yürüşü, böyüklər və uşaqlar üçün kvadrasikl, müxtəlif hündürlüklərdən paraplanla uçuş, payntbol, oxatma, seqvey, əyləncəli və ekstremal off-raud turlar, zipline, bobkart, batut, atla gəzinti, velosiped və digər əyləncələri qeyd etmək olar.
Bu il daha bir yenilik ərazidəki böyük gölün açılışıdır. Burada qonaqlar həm üzə, həm də katamaranlarla vaxtlarını əyləncəli keçirə bilərlər. Eyni zamanda, turizm mərkəzinin ərazisində 5 hotel, 24 restoran və bar fəaliyyətdədir.
Cari ilin yanvar-iyun aylarında turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla 26 minə yaxın qonaq istifadə edib. 2022-ci ilin statistik məlumatlarına əsasən, turizm mərkəzinə 109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində isə 60 minə yaxın şəxs dincəlib.
“Şahdağ” Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32 km məsafədə, Şahdağ Milli Parkının yaxınlığında, dəniz səviyyəsindən 1435 - 2552 metr yüksəklikdə yerləşir. Kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyən həvəskarlar, həmçinin peşəkarlar üçün geniş imkanlara malikdir.