Ömürboyu öyrənmə, gələcəyin peşələri və süni intellekt dövründə düzgün qərarvermə Şabranda keçirilən 8-ci “DİM Dialoqu” təşəbbüsünün əsas müzakirə mövzuları olub. İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şabran rayonunda 8-ci “DİM Dialoqu” təşəbbüsü çərçivəsində xüsusi sessiya təşkil edilib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, “DİM 4: Ömürboyu öyrənmə, hər kəs üçün imkanlar, gələcək üçün bacarıqlar” mövzusuna həsr edilən tədbirdə müasir dövrdə bilik və bacarıqların davamlı inkişafının əhəmiyyəti, keyfiyyətli təhsilin dayanıqlı inkişafa töhfəsi və gələcəyin çağırışlarına hazırlıq məsələləri nəzərdən keçirilib. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədi — keyfiyyətli təhsillə əlaqələndirilən sessiyada öyrənmənin yalnız müəyyən yaş dövrü və ya təhsil mərhələsi ilə məhdudlaşmadığı, dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq üçün bilik və bacarıqların mütəmadi yenilənməsinin vacibliyi vurğulanıb.
Tədbir zamanı inkişafın idarə olunmasında strateji yanaşma, dövlət siyasətinin məqsədyönlü planlaşdırılması və nəticəyönümlü idarəetmənin rolu müzakirə edilib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması baxımından qurumlararası koordinasiyanın, səmərəli qərarvermənin və institusional potensialın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, 2030-cu ildən sonrakı inkişaf gündəliyinin formalaşdırılması prosesində qlobal çağırışlara çevik uyğunlaşma, inklüziv inkişaf və uzunmüddətli dayanıqlılıq prioritet istiqamətlər sırasında yer alacaq.
Sessiyada, həmçinin inkişafyönümlü düşüncə tərzi, gələcəyin peşələri və süni intellekt dövründə məlumatlara əsaslanan qərarvermə mövzularında çıxışlar dinlənilib. Bu istiqamətlər üzrə müzakirələr texnoloji dəyişikliklər fonunda yeni bacarıqların mənimsənilməsinin və analitik düşüncənin inkişaf etdirilməsinin aktuallığını ön plana çıxarıb.
Tədbirin praktiki hissəsində iştirakçılar komanda tapşırıqları və qrup işlərinə cəlb olunublar. Bu fəaliyyətlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və komanda ruhunun gücləndirilməsinə diqqət yetirilib.
“DİM Dialoqu” çərçivəsində keçirilən sessiya ömürboyu öyrənmə mədəniyyətinin təşviqi, müasir bacarıqların inkişafı və gələcəyin çağırışlarına hazırlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”