15 Yanvar 2026 09:20
620
Elm və texnika
A- A+
Rəqəmsal ensiklopediya

Rəqəmsal ensiklopediya


Müasir dövrdə informasiyaya çıxış imkanları genişləndikcə etibarlı və açıq mənbələrin əhəmiyyəti daha da artır. Bu baxımdan Vikipediya onlayn ensiklopediyası qlobal informasiya məkanında xüsusi yer tutur. Könüllülük prinsipi əsasında formalaşan bu platforma təkcə bilik paylaşımı deyil, eyni zamanda tarixi həqiqətlərin, elmi məlumatların və milli dəyərlərin dünyaya çatdırılması baxımından mühüm vasitəyə çevrilib.

Vikipediyanın tarixi 1999-cu ilə gedib çıxır. Layihənin baş redaktoru, ABŞ-nin Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və layihəni maliyyələşdirən  Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaradaraq onu Nupediya  adlandırıblar.

2000-ci ilin martından fəaliyyətə başlayan Nupediya 2003-cü ilin sentyabrında fəaliyyətini dayandırıb. Nupediya ensiklopediyasının bazasında yaradılmış Vikipediya 2001-ci il yanvarın 15-də  fəaliyyətə başlayıb. Azərbaycandilli vikipediya isə təxminən üç il sonra 2004-cü ildə yaranıb.

Nupediyadan fərqli olaraq, Vikipediyada məqalələr könüllü istifadəçilər tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın daha da sürətlə zənginləşməsi və böyüməsinə səbəb olub. Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir.


Azərbaycandilli Vikipediyada 210 mindən çox məqalə yer alıb


Bu gün azərbaycandilli Vikipediya da qlobal bilik sisteminin ayrılmaz hissəsi kimi inkişafını davam etdirir. Mövzu ilə bağlı qəzetimizə məlumat verən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi, Vikipediyanın Azərbaycan dili bölməsinin istifadəçisi Xəyalə Məmmədlinin sözlərinə görə, dünya ölkələri, o cümlədən Azərbaycanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında mətbuat, sosial şəbəkələrlə yanaşı, Vikipediya elektron ensiklopediyasının rolu əvəzsizdir: "İnternet resurslarının inkişafı Azərbaycanda da bu sahədə peşəkar fəaliyyətin önə çıxmasını şərtləndirib. Bu gün 342 dildə fəaliyyət göstərən vikipediya onlayn ensiklopediyası arasında Azərbaycan dilli vikipediya özünəməxsus mövqeyini qoruyub saxlayır. Azərbaycandilli vikipediya dünya ölkələrinin vikipediyaları sırasında dərinlik baxımından 55-ci yerdə mövqeyini qoruyur. 329823 istifadəçisi olan azərbaycandilli Vikipediyada hal-hazırda 210 mindən çox məqalə yer alıb. Bu günə kimi edilən redaktələrin sayı isə 8420683-dür".

Baş mütəxəssis onu da bildirib ki, Vikipediyaya töhfə vermək istəyən istənilən şəxs istifadəçi profili açaraq var olan məqalələrə öz əlavələrini etməklə redaktə edə və yaxud da yeni məqalələr yarada bilər. Təbii ki, əlavə edilən məlumatlar sağlam mənbələrə, istinadlara əsaslanmalıdır və istinadı olmayan məqalə dolğun məqalə hesab edilmir. Belə məqalələr digər istifadəçilər tərəfindən genişləndirilə bilər. Uzun müddət heç bir əlavələr edilməyən, mənbəsi olmayan və ya zəif olan məqalələr müəyyən zamandan sonra Vikipediyadan silinir.

Məqalə yaratmaq istəyən istifadəçi ilk olaraq yaradacağı məqalənin ensiklopediklik meyarlarına uyğun gəldiyinə əmin olmalıdır. Xəyalə Məmmədli bildirib ki, bunun üçün Vikipediyanın "Ensiklopedik əhəmiyyətlilik" bəndini oxuyub, məlumat almaq lazımdır.  Ensiklopedik əhəmiyyətlilik redaktorlar tərəfindən müəyyən bir mövzunun öz müstəqil məqaləsinin mövcud olmasına uyğun olub-olmamasına qərar vermək üçün istifadə edilən testdir.

"Vikipediyada məqalə yaratmaq üçün qeydiyyatdan keçmək mütləqdir. Bunun üçün Vikipediyanın Ana səhifəsində "Hesab yarat"a daxil olub, qeydiyyatdan keçmək lazımdır. Yaradılan məqalələrə saytda fəaliyyət göstərən adminlər tərəfindən nəzarət olunur. Vikipediya vandalizmlə də mübarizə aparan onlayn platformadır. Məqalələrin məzmununun qəsdən təhqir, söyüş, əhəmiyyətsiz məlumatlarla dəyişdirilməsi,  silinməsi və ya tamamilə mənasız mətnlərin əlavə edilməsi qadağandır. Bu, Vikipediyadakı idarəçilər tərəfindən xüsusi diqqətdə saxlanılır və nəzarət edilir", - deyə baş mütəxəssis vurğulayıb.


Süni intellekt dövründə Vikipediyanın əhəmiyyəti


Hazırda Vikipediya dünyada və ölkəmizdə ən çox daxil olunan saytlar sırasında öncüllüyünü qoruyub saxlayır. Xəyalə Məmmədli deyib ki, bu liderlikdə Vikipediyaya hər gün töhfələrini verən könüllülərin əməyi böyükdür və danılmazdır. Azərbaycandilli Vikipediya gündən-günə zənginləşir ki, bu da doğma dilimizdə olan məqalələrin əlçatanlılığını daha da asanlaşdırır. Azərbaycanda yeni istifadəçilərin Vikipediyaya cəlb edilməsi istiqamətində peşəkar  və təcrübəli təlimçilər, istifadəçilər var və fəaliyyət göstərirlər. Bu gün Vikipediya rəqəmsal dövrün əsas bilik mənbəyi sayılsa da, ensiklopedik bitərəflilik və mənbələrin göstərilməsi prinsiplərinə sadiqlik hər zaman gözlənilir. Vikipediya və elm arasındakı münasibətlərə gəlincə müasir dövrdə biliyin yayılması baxımından Vikipediya strateji əhəmiyyət kəsb edir. Sayt elmi məlumatların populyarlaşdırılmasında bu gün ən böyük rəqəmsal platformadır. Vikipediyada qeyri-dəqiq məlumatlara tez-tez rast gəlinsə də, bu, aktiv istifadəçilər tərəfindən operativ şəkildə redaktə olunur. 

"Zəngin məlumat mənbəyi olan azərbaycandilli Vikipediyada çatışmazlıqlar da az deyil. Bunu biz də bilirik. Məsələn, kimya və fizika kimi texniki sahələrdə məlumatlar azdır. Texniki məqalələrin terminoloji baxımdan mürəkkəb olması onların yalnız mütəxəssislər tərəfindən hazırlanmasını zəruri edir. Çünki hər hansı bir texniki səhv məqalənin məzmununu tamamilə dəyişə bilər. Humanitar sahədə isə belə problemlər, demək olar ki, yoxdur. Hər bir məlumatı öz dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün Azərbaycan dilini anlayan və bu dildə danışan hər bir mütəxəssisin Vikipediyaya töhfə verməsi vacibdir", - deyə Vikipediyanın Azərbaycan dili bölməsinin istifadəçisi qeyd edib.

Son dövrlər "ChatGPT" və buna bənzər tətbiqlərin geniş istifadəsi Vikipediyanın aktuallığını itirdiyi düşüncəsini yaratsa da, Xəyalə Məmmədli bunun doğru olmadığını bildirib. Onun sözlərinə görə, Vikipediyada insan faktoru və mənbə şəffaflığı əsasdır. Gələcəkdə də Vikipediya və süni intellekt bir-birini əvəz etməyəcək, əksinə, paralel şəkildə inkişaf edərək məlumat bazasının genişlənməsinə xidmət göstərəcəklər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib  

16:09
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!