09 May 2024 09:05
784
Səhiyyə
A- A+

Qocalmamaq üçün nə edək?

 

Bəşər tarixi boyunca ömrü uzatmaq üçün minlərlə üsuldan istifadə edilib. Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömür əslində çox qısalıb. Ömür uzunluğunun cəmi 25 faizi irsiyyət faktorundan, geri qalanı isə həyat tərzindən asılıdır.
Mütəxəssislər hansı vərdişlərin insan ömrünü neçə il uzadıb və ya azaldacağını araşdırıblar. Bundan sonra ABŞ-nin tədqiqatçılar qrupu belə qənaətə gəlib ki, 1965-ci ildən sonra doğulanların ömrü daha qısa olub. Bunun səbəbləri zərərli qidaların istehlakı, stresli həyat, piylənmə və oturaq həyat tərzidir.

 

Aktiv həyat tərzi ömrü 4 ilə qədər uzadır

 

Hazırda dünyanın ən uzun-ömürlü insanı 117 yaşlı Maria Branyas Moreradır. Qadının uzun ömür sürməsinin sirrini öyrənmək üçün aparılan tibbi müayinələrdən sonra məlum olub ki, o, çox yaxşı yaddaşa sahibdir və ürək-damar sistemində heç bir problemi yoxdur. Həm də bunun yalnız genlə deyil, həyat tərzi ilə əlaqəli olduğu bildirilib.
Mütəxəssislər qocalma prosesini yavaşlatmaq və bioloji yaşı azaltmaq üçün bir sıra təkliflər də irəli sürüblər. Harvard Tibb Məktəbinin apardığı araşdırmaya görə, hər gecə 7-9 saat yatmaq kişilərin ömrünü 4,7 il, qadınlarınkını isə 2,4 il artırır. Müntəzəm fiziki fəaliyyət ömrü 4 il uzada bilər.

 

Susuzluq qocalmanı sürətləndirir

 

Həkimlər bildirirlər ki, sağlamlıq üçün gündəlik 2-3 litr maye qəbuluna diqqət yetirmək lazımdır. Belə ki, orqanizm susuzlaşdıqda qanda duz səviyyəsi artır, bu da qocalma prosesini və xroniki xəstəliklərin gedişatını sürətləndirir. Aparılan tədqiqatlarda yüngül susuzlaşmanın insan ömrünü 6 ay qısaltdığı bəlli olub. Lakin nəzərə almaq lazımdır ki, maye dedikdə yalnız su nəzərdə tutulur. Tədqiqatlar göstərir ki, bir stəkan şərab ömrü bir il uzada bilər. Lakin tövsiyə olunan həddi aşdıqda, hər hansı spirtli içkidən həftədə 6-7 stəkan qəbul etdikdə bu, əks reaksiya verir. 

 

Qida rasionuna diqqət etmək lazımdır

 

Uzunömürlülüyün sirlərindən biri də düzgün və balanslaşdırılmış qida rasionuna riayət etməkdir. Dünyanın ən qədim xalqları arasında sağlam həyatın sirlərini kəşf edən tədqiqatçı Den Buetnerin fikrincə, uzun ömrün sadə bir sirri var: sağlam qidalanma. Ən çox uzunömürlü insanların İtaliyada Sardiniya və Yaponiyada Okinava kimi mavi zonalarda yaşadığı bilinir. O deyir ki, keçmişdə mavi zonalarda yaşayan insanlar ayda cəmi beş dəfə ət və nadir hallarda balıq yeyirdilər. Son 100 ildə beş mavi zonanın hamısında aparılan qidalanma araşdırmaları bu bölgələrdəki insanların çox ət yemədiyini göstərir. Onların qidalarının təxminən 90 faizi bitki mənşəlidir. Belə ki, ət yaxşı bir protein mənbəyi olsa da, həddindən artıq qırmızı ət yemək xolesterolu yüksəldir və ürək-damar xəstəlikləri riskini artırır.

 

Lif və zülallarla zəngin bitkilər ömrü uzadır

 

D.Buetner deyir ki, yarpaqlı göyərtilər və paxlalılar uzunömürlülük siyahısında birinci yerdə olmalıdır. Lif və zülallarla zəngin lobya, mərcimək və noxud kimi paxlalı bitkilər həm ucuzdur, həm də bişirilməsi rahatdır. O bildirir ki, sağlam xalqları qidalandıran spagetti, düyü və əriştə deyil, onlara əlavə edilən ədviyyatlar, göyərti və tərəvəzlərdir. Məsələn, Yaponiyada yüzlərlə növ göbələk, soğan, lobya, turşu və yeməklərə müxtəliflik qatan digər fermentləşdirilmiş qidalar var.
Bir çox Aralıq dənizi ölkələri böyük miqdarda keçi pendiri, qatıq və digər süd fermentləri istehlak edirlər. Sardiniyada təxminən 1960-cı ilə qədər insanlar daha çox çörək və pendir yeyirdilər. Fermentasiya edilmiş qidalar həzmi yaxşılaşdırır və 2-ci tip diabet və ürək xəstəliyi kimi xroniki xəstəliklərin riskini azaldır.

 

Sevgi insanı qocalmağa qoymur

 

Uzunömürlüyə başqa amillər də təsir edir. Tədqiqatçılar sübut ediblər ki, sevgi münasibətləri insanları beş faiz daha yavaş qocaldır. Bununla heç bir əlaqəsi olmayan insanlar isə 20 faiz daha tez qocalırlar. Ümumilikdə isə müəyyən edilib ki, xoşbəxt evliliyin hər on ili ömrü 1,5 il uzadır. 
Ohayo Dövlət Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar zamanı dini inancları olan insanların inancsızlara nisbətən təxminən dörd il daha çox yaşadığı aşkar edilib. Belə ki, könüllülük əsasında insanlara kömək etmək, xeyriyyəçilik ilə məşğul olmaq psixi sağlamlığa müsbət təsir edir, immuniteti gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur.
2020-ci ildə Exeter Universiteti və London Kral Kollecinin tədqiqatçıları yaşı 50-dən yuxarı olan 20 min insanı sınaqdan keçirib və müəyyən ediblər ki, müntəzəm olaraq söz və nömrə tapmacalarında iştirak edənlərin, stolüstü oyunlar oynayanların və pazl həvəskarlarının beyin funksiyaları daha yaxşı fəaliyyət göstərir və onlar yaşıdlarından 10 yaş daha gənc orqanizmə sahib olurlar.

 

Stres ömrü qısaldır

 

İnsan ömrünü qısaldan mühüm amillərdən biri stresdir. Finlandiyalı alimlər müəyyən ediblər ki, güclü stres altında olmaq kişilərin həyatını 2,8 il, qadınların isə 2,3 il qısaldır.
ABŞ Xəstəliklərin Qarşısının Alınması Mərkəzlərinə görə, xərçəng riski zərərli vərdişlərdən ən çox yayılanı olan siqareti tərgitdikdən 5-10 il sonra yarıya enir, 20 ildən sonra isə tütün məhsulu istifadə etməyənlərlə bərabərləşir. Əks halda siqaret istifadəçilərinin ömrü 10 il azalır.
Oturaq həyat tərzinin insanın sağlamlığına zərərləri hər zaman dilə gətirilir. Aparılan elmi tədqiqatlar da bunun gerçək olduğunu sübut edir. Hətta oturaq həyat tərzinin sağlamlıq üçün siqaret qədər zərərli olduğu müəyyən edilib. Kaliforniya Universiteti tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər gün on saat və ya daha çox oturmaq insanı 8 il qocaldır. Bunun qarşısını almaq üçün mütəxəssislər hər gün açıq havada gəzməyi, idmanla məşğul olmağı və qida rasionuna diqqət etməyi tövsiyə edirlər. 

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video