30 May 2024 08:05
1177
SİYASƏT
A- A+

Qlobal ehtiramın təcəssümü

 

Müstəqillik Günü ilə bağlı İlham Əliyevə gələn təbriklər dövlət başçımızın yüksək beynəlxalq nüfuzunun, Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin təsdiqidir

 

Azərbaycan xalqı 28 May Müstəqillik Gününü suverenliyimizin tam bərpasının, bayrağımızın Xankəndidə dalğalandırılmasının, Qazax rayonunun dörd kəndinin azadlığına qovuşdurulmasının təsvirəgəlməz qürur və xoşbəxtliyi içərisində bir başqa təmtəraq, bir ayrı coşqu ilə qeyd etdi. 
Ölkəmizi hərtərəfli inkişaf mərhələsinə yüksəldən, onu dünyada söz sahibinə çevirən müdrik lider İlham Əliyevin yürütdüyü siyasət nəticəsində milli maraqlarımız qətiyyətlə təmin edilib. Eyni zamanda dünyaya örnək İlham Əliyev diplomatiyası bölgədə silahların susmasına, sülh danışıqlarının başladılmasına birbaşa rəvac verib. 
Müstəqil, suveren, qalib Azərbaycanın qazandığı bütün bu uğurlar, ucaldığı zirvə beynəlxalq müstəvidə də etiraf olunur, müdrik siyasətçi İlham Əliyevin qazandığı uğurlar təqdir olunur. 
Bu il 28 May Müstəqillik Günü ərəfəsində dünyanın dörd bir yanından Azərbaycan Prerzidentinə ünvanlanan çoxsaylı təbrik məktubları da İlham Əliyev şəxsiyyətinə olan ehtiramı, Onun qlobal liderlik nüfuzunu, dünyamiqyaslı siyasətçi olduğunu bir daha nümayiş etdirdi. 
O da faktdır ki, Vətən müharibəsindəki parlaq qələbədən sonra xarici dövlət və hökumət başçıları, nüfuzlu təşkilat rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarının mətni tamamilə dəyişib. İndi həmin təbriklər İlham Əliyevin timsalında həm də müharibədə qələbə çalmış Müzəffər Liderə ünvanlanır. Bu məktubların hamısında İlham Əliyevin şəksiz liderliyi, qətiyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə çevirməsi xüsusi qeyd olunur. 

 

R.T.ƏRDOĞAN: "Azərbaycanın keçdiyi yol bizi qürurlandırır"

 

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dünyaya nümunədir. Bütün beynəlxalq platformalarda bir-birilərinin maraqlarını müdafiə edən, dar gündə də, xoş gündə də birlikdə olan iki qardaş ölkənin səmimi münasibətlərini hər iki ölkə liderinin Türkiyə və Azərbaycanın əlamətdar günlərində bir-birilərinə ünvanladıqları təbrik məktublarında, telefon zənglərində aydın görmək olur. 
Mayın 25-də Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu da bu baxımdan diqqət  çəkir.  
"Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır".
Təbrik məktubunu bu fikirlərlə başlayan R. Ərdoğan xüsusi vurğulayıb ki, Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük. 
R.T.Ərdoğan onu da vurğulayıb ki, Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksəksəviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçirirlər.

 

V.PUTİN: "Azərbaycan dünya arenasında layiqli nüfuza malikdir"

 

Azərbaycan tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğu Rusiya ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurub və iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 
"Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal iştirak edir", - deyə mayın 25-də Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Rusiya Prezidenti Vladimir Putin də qeyd edib ki, Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət verirlər. 
Rusiya Prezidenti ona da əmin olduğunu bildirib ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik: "Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir". 

 

S.CİNPİN: "Sizinlə birgə səylər göstərməyə hazıram" 

 

Çin Azərbaycanın qlobal müstəvidə ən yaxın tərəfdaşlarından biridir və ökələrimiz arasında qarşılıqlı əlaqələr daim inkişaf edir. O da təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın bütün əlamətdar günlərində ölkəmizə təbriklərini ünvanlayır. 
Mayın 25-də Müstəqillik Günü münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubunda da  Si Cinpin qeyd edib ki, hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, "Bir kəmər, bir yol"un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyət həyata keçirilir: "Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".

 

C.BAYDEN: "Çiyin-çiyinə döyüşmüşük və təhlükəsizliklə bağlı çağırışlara sinə gərmişik"

 

Mayın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə  göndərdiyi təbrik məktubunda bildirib ki, ABŞ Azərbaycan ilə ikitərəfli münasibətlərinə dəyər verir: "Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə "Cənub qaz dəhlizi"ni inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir".
C.Bayden onu da vurğulayıb ki, Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və "yaşıl enerji"yə keçid sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcəkdir.
ABŞ Prezidentinin təbrik məktubunda oxuyuruq: "Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycanın və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayır və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq".

 

Kral III ÇARLZ: "Ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcəklər"

 

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz mayın 25-də Prezident İlham Əliyevə göndərdiyi məktubunda Müstəqillik Günü münasibətilə özü və həyat yoldaşının dövlət başçısına və Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb: "Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər".
***
Mayın 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb: "Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.
Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.
Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi".
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 25 may tarixli təbrik məktubunda isə deyilir: "Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.
Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır".
Mayın 25-də Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulayıb ki, bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb: "Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm".

 

S.MATTARELLA: "Bakı ilə Roma arasında səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir"

 

İtaliya Prezidenti Sercio Mattarella mayın 28-də Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulayıb ki, Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri onu çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək Rusiya-Ukrayna müharibəsi və Orta Şərqdə gərginliyin artması ilə xarakterizə olunan hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir: "Əminəm ki, bu möhkəm əsaslarla ölkələrimiz strateji tərəfdaşlığı gücləndirmək, maraq doğuran bir çox sahələrdə onu zənginləşdirən yeni təşəbbüslər irəli sürmək üçün birgə fəaliyyətini davam etdirəcək. Mən bir daha təsdiq edirəm ki, İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam edəcək".
***
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib: "Sizin ölkənizlə qonşunuz Ermənistan arasında münaqişənin həlli üçün birgə səylər göstərmək istəyi bizim ölkələrimizin hökumət və xalqlarını birləşdirir. Əmin olun ki, bu münaqişənin regionun gələcəyinə artıq kölgə salmaması üçün Almaniya əlindən gələni əsirgəməyəcəkdir".
F.Ştaynmayer onu da qeyd edib ki, builki COP29 iqlim konfransına evsahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürmüşdür: "Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim".

 

A.VUÇİÇ: "Azərbaycan dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib" 

 

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən Serbiya Prezidenti Aleksandar Vuçiç xüsusi vurğulayıb ki, ölkəsi Azərbaycanla qarşılıqlı etimada təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.
"İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq", - deyə təbrik məktubunda A.Vuçiç bildirib.
O əlavə edib ki, Serbiyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycanın göstərdiyi prinsipial və qəti dəstək ölkəmizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. 
***
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib ki, xalqlarımız arasında uzun illərdir davam edən dostluq ildən-ilə dərinləşmiş və mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilmişdir: "Bizim tarixi əlaqələrimiz bu gün qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərə əsaslanan tərəfdaşlığa çevrilib və bu, genişlənməkdə, möhkəmlənməkdə davam edir. İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir".
İ.Hersoq vurğulayıb: "Biz xalqlarımız arasında möhkəm dostluq münasibətlərini yüksək qiymətləndiririk. Mən vəzifədə olduğum müddətdə əlaqələrimizi daha da genişləndirməyə sadiqliyimi bildirirəm. İmkanlar genişdir və ikitərəfli əlaqələrimizi möhkəmləndirməyə davam etmək üçün xalqlarımızın xoş niyyəti var".

 

Azərbaycan adına qazanılan misilsiz qalibiyyətlər 

 

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Macarıstan Prezidenti Tamaş Şuyok, Bolqarıstan Prezidenti Roman Raev və digər ölkə liderləri də Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.     
Eyni zamanda dövlətimizin başçısına beynəlxalq nüfuzlu təşkilatların rəhbərləri, tanınmış xadimlər də öz təbriklərini bildiriblər. 
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da Prezident İlham Əliyevi təbrik ediblər. 
Dünyanın hər yanından dövlət və hökumət başçıları, nüfuzlu təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər tərəfindən Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar qalib lider İlham Əliyevə gələn təbrik məktubları saysız-hesabsızdır. Və bu təbriklər hələ də gəlməkdə davam edir... 
Dövlət başçısına göndərilən və bəzi nümunələrini gətirdiyimiz bu məktubların hamısının mətnində İlham Əliyevə olan yüksək qlobal ehtiram əks olunub. 
Bütün bunlar bir daha qalib lider İlham Əliyevin beynəlxalq arenada sahib olduğu yüksək nüfuzunu, dünyada söz sahibi olmasını, liderlik qabiliyyətini göstərir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video