22 Iyun 2024 09:15
298
Mədəniyyət
A- A+

QƏZƏLLƏR

 

Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xubrulardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!

***

Aşiq oldum yenə bir tazə güli-rənayə
Ki, salır al ilə hər dəm məni yüz qovğayə.

Müşt urub, qalibi-fərsudəmi gəh həbs qılır,
Gəh sərasiməvü üryan buraxır səhrayə.

Üzümün qani ilə sinəmi al etdim kim,
Aləti-sənət ola ol büti-bipərvayə.

Bu nə işdir ki, bizi iynə kimi incəldib,
Salır iplik kimi hərdəm bir uzun sevdayə.

Ayağın bağlamış avarələrin sənət ilə,
Yox nihayət səri-kuyində gəzən şeydayə.

Ləxt-ləxt olmuş ikən, qəmzə dirəfşini çəkib,
Çarəsiz olmadı bir gün məni-qəmfərsayə.

Yaxa çak edəni başmaq kimi salır ayağa,
Ey Füzuli, bax onun etdiyi istiğnayə.

***

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.

Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
İltifatın arizməndi-visal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizi sərgəşteyi-fikri-məhal eylər məni.

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

***

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var.

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,
Nütfeyi-qabildürür, qəmzə kimi ustadı var.

Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili naşadı var.

Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

***

Qıl, səba, könlüm pərişan olduğun cananə ərz,
Surəti-halın bu viran mülkün et sultanə ərz.

Dərhəm olmuş sünbülün guya ki, qılmışdır ona
Mu bə-mu hali-dilim, dillər uzadıb şanə ərz.

Təndə canım bir pərinindir əmanət, saxlaram
Ol zamandan kim, əmanət qıldılar insanə ərz.

Xəlq küfr əhlinə iman ərz edər, mən dəmbədəm
Küfri-zülfün eylərəm köksümdəki imanə ərz.

Surəti-bican ilə cənnət dolar bütxanə tək,
Qılsalar cənnətdə təsvirin çəkib ğilmanə ərz.

Münimin, ərzi-təcəmmüldür işi, fəqr əhlinə,
Nola gər dil qılsa hərdəm dərdi-eşqin canə ərz.

Ey Füzuli, böylə pünhan tutma əşki-alini,
Eylə hər rəngilə kim, var ol güli-xəndanə ərz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video