29 Iyun 2024 16:23
247
İDMAN
A- A+

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın füsunkar təbiəti ilə bağlı videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Fərid Qayıbov ölkə idmanının yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin idmana böyük dəstək verdiyini söyləyib. Azərbaycanda şahmatın inkişafından söz açan nazir Yunanıstanın Rodos adasında təşkil edilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyevanın uğurunu xatırladıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open-2024” beynəlxalq turnirinə marağın ildən-ilə artdığını vurğulayıb. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyi münasibətilə silsilə tədbirlər keçirildiyini deyib. M.Məmmədov ölkə şahmatında qazanılan nəticələrin bu idman növündə olan inkişafın göstəricisi olduğunu söyləyib.

FIDE prezidenti Arkadi Dvorkoviç təmsil etdiyi qurumun 100 illiyi münasibətilə bu cür möhtəşəm tədbirin keçirilməsinə görə Azərbaycana təşəkkür edib. O, Azərbaycanın şahmat idman növündəki nəticələrinin kifayət qədər yüksək olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra FIDE prezidenti Fərid Qayıbov və Mahir Məmmədova xatirə hədiyyəsi təqdim edib.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, yarışların baş hakimi Faiq Həsənov isə öz çıxışında bütün idmançılara uğurlar arzulayıb.

Daha sonra Fərid Qayıbov və Arkadi Dvorkoviç yarışın ilk gedişini ediblər.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışdan iti zəka sahibləri iştirak edirlər.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışda mübarizə aparırlar.

Turnirin A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video